Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4909/2021 13.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı "xxxx" MTK-nın vəkili və nümayəndəsi Ramazanov X1 iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooprativi ilə Cavabdeh arasında bağlanmış 03.02.2015-ci il tarixli 13, 14 və 15 nömrəli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MTK iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh və İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış 03.02.2015-ci il tarixli 13 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilmiş binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 110,2 kv.m, yaşayış sahəsi isə 56,0 kv.m olan 3 otaqlı 66 saylı mənzilini, 03.02.2015-ci il tarixli 14 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilmiş binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 123,9 kv.m, yaşayış sahəsi isə 74,5 kv.m olan 3 otaqlı 67 saylı mənzilini, 03.02.2015-ci il tarixli 15 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilmiş binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 164,5 kv.m, yaşayış sahəsi isə 94,5 kv.m olan 4 otaqlı 68 saylı mənzilini Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativindən hər bir kvadratmetr üçün 1.600 manat ödəməklə satın almışdır. Müqavilələr 2015-ci ildə bağlansa da mənzillər Cavabdeh təhvil verilməmiş, hazırda sonuncu məhkəməyə müraciət edərək mənzillərin təhvil verilməsini tələb edir. İddiaçı tərəf hesab edir ki, müqavilələr mülki qanunvericiliyin tələblərinə uyğun formada bağlanmadığından, etibarsız hesab edilməli və tərəflər əvvəlki vəziyətə qaytarılmalıdırlar. "xxxx" MTK tərəfindən ünvan 2 ünvanda yaşayış binasının inşasına başlanan zaman, yəni binanın bünövrəsi atılarkən əvvəllər mövcud olmuş qaydalara (qeyri-rəsmi) uyğun olaraq binanın inşası ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində “qeydiyyatdan keçmiş", yəni həmin Nazirliyin razılığı alınmışdır. Yaşayış binasının tikinti mərhələsində MTN-nin əməkdaşı binanm birinci mərtəbəsində yerləşən ofisinə yaxınlaşaraq buklet götürüb getmiş, bir neçə gün sonra isə gizli nömrədən zəng olunaraq həmin binadan 3 ədəd mənzil verilməsi tələb olunmuş, MTK rəhbərliyi binanın “MTN-də ilkin qeydiyyatının aparıldığı", mənzillərin dəyəri ödənilməklə verilməsinin mümkün olduğu diqqətə çatdırılmışdır. Lakin ardınca Bakı Şəhər icra Hakimiyyətindən MTK rəhbərliyinə zəng olunaraq məsələnin yoluna qoyulması, əks təqdirdə vəziyyətin çətinləşəcəyi, hazırkı və gələcək layihələrin icrasına imkan verilməyəcəyi bildirilmişdir. MTN əməkdaşının və Mənzil-Kooperativ Təsərrüfat İdarəsinin əməkdaşının təklifi ondan ibarət olmuşdur ki, MTK tərəfindən inşa edilmiş yaşayış binasının əvəzində "xxxx" MTK (Mesenat Holdinq) tərəfindən Təhsil Nazirliyinin yanında inşa edilmiş yaşayış binasından iki ədəd mənzil veriləcək. Lakin bu cür barterin əlverişsiz olduğu bəlli olduğundan MTK rəhbərliyi buna razı olmamış, ən yaxşı halda arada olan fərqin ödənilməsi tələb olunmuşdur. Bir müddət sonra MTN əməkdaşından gizli nömrədən yenidən zəng gələrək Yasamal rayonunda yerləşən X3 görüş təyin olunmuş, binanın inşasına nəzarət edən təsisçi Azər Baxışov görüşə getmiş, görüşdə özünü MTN-nin yüksək rütbəli əməkdaşı kimi təqdim edən İlqar Əliyev israrlı şəkildə bildirmişdir ki, təklif olunan varinatla razılaşmaq lazımdır, bunu güzəşt kimi qəbul etsin. Əks təqdirdə biznesin əllərindən alınması, hətta azadlıqlarının məhdudlaşdırılması təhülkəsi var. Fikirləşmək üçün A.Baxışova iki gün vaxt verilmişdir. Görüşdə iştirak edən Azər Baxışov MTK-nın digər təsisçiləri ilə məsləhətləşdikdən sonra başqa çıxış yolu qalmadığını nəzərə alıb, müqavilənin diktə olunan varinatda imzalanmasına məcbur olmuşlar. Beləliklə, MTK ilə Cavabdeh arasında 3 ədəd mənzil və 2 ədəd qaraj sahəsinə dair razılaşma əldə edilmiş, həmin sahələrin Cavabdeh təhvil verilməsi məcburi öhdəlik kimi MTK-nın üzərinə qoyulmuş, bunun əvəzində isə "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasından iki ədəd mənzil İddiaçı MTK-nın işçisi Elçin Məmmədovun adına bağlanmışdır. Həmin müqavilələr də eyni qaydada bağlanmışdır. Ancaq hər bir halda müqavilə imzalanarkən də MTK rəhbərliyi arada qalan fərqin ödənilməsini tələb etmişdir. Daha sonra məlum MTN hadisələri baş verib vəziyyət dəyişdikdə, MTK rəhbərliyi bir daha Cavabdeh səlahiyyətli nümayəndələri ilə əlaqə saxlamağa çalışmış, 2019-cu ildə Nərgiz Mahmdovanın nümayəndəsi görüşüb məsələ onun diqqətinə çatdırılmış və bildirilmişdir ki, ya tərəflər əvvəlki vəziyyətə qaytarılsın, ya da arada olan fərq ödənilsin. Nümayəndə bununla bağlı məsləhətləşmə edib münasibət bildirəcəyini desə də, heç bir nəticə əldə olunmamış, bunu əsas götürən MTK rəhbərliyi ilkin olaraq Nərgiz Mahmmudovanı ofisə dəvət etmiş, dəvətə heç bir reaksiya verilməmişdir. İddiaçı tərəf hesab edir ki, müqavilələr bağlanarkən tərəflərin bərabərliyi prinsipinə əməl edilməmiş, müqavilə şərtləri alıcının - Cavabdeh adından çıxış edən şəxslərin, daha doğrusu ləğv edilmiş MTN-nin əməkdaşlarının, həmçinin onların təyqizi ilə Bakı ŞİH-nin əməkdaşlarının diktəsi ilə müəyyən edilmiş, MTK üçün əlverişsiz şərtlər əsasında bağlanmış müqavilə təhdid və şantaj vasitələri ilə razılıq əldə edilməsi yolu ilə razılaşdırılmaqla iradə sərbəstliyi prinsipi pozulmuş və nəticədə MTK öznə məxsus əmlaka dair sərbəst sərəncam vermək və əmlakları öz istəyinə uyğun olaraq bazar şərtləri çərçivəsində realizə etmək imkanından məhrum qalmış, müqavilə azadlığı prinsipinə əməl olunmadan bağlanmış müavilələr MTK-nın hüquqlarının pozulmasına və külli miqdarda maddi ziyana məruz qalmasına səbəb olmuş, müqavilə üzrə alıcı Cavabdeh tərəfindən mənzillərin dəyəri MTK-nın kassasına mədaxil edilməmiş, alıcı mənzillərin yerləşmə yeri, vəziyyəti, ölçüləri barəsində heç bir məlumata sahib olmamaqla müqavilələrin mövcud olduğu müddətdə nə özü, nə də başqa şəxslər mənzillər barəsində maraqlanmamış, müqavilə üzrə nəzərdə tutulmuş komunal haqlar ödənilməmiş, müqavilələrin bağlanması ilə bağlı payçı qismində qəbul etməyə dair ərizədə alıcının imzası mövcud olmamış, müqavilədə Cavabdeh adının önündə olan imza başqa şəxs tərəfindən icra edilmiş və həmin şəxsin kim olması məlum deyil, müqavilələr formalaşmış adətə və qaydalara uyğun olaraq MTK-nın ofisində bağlanmamış, harada və kim tərəfindən imzalandığı barədə heç bir məlumatları yoxdur, mənzillərin əvəzi olaraq verilmiş iki ədəd mənzil isə əlverişsiz ünvanda yerləşməklə ədalətli əvəz olmamışdır. Beləliklə, bu əsaslar tərəflər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi üçün qanuni əsaslardır. Qeyd edilən tələbin hazırki vaxtadək irəli sürülməməsi cavabdeh tərəfin nümayəndələri fərqin aradan qaldırlacağına söz vermələri, lakin keçən uzun müddət ərzində buna əməl etməmələri, daha sonra isə müqavilə öhdəliyinin icrası ilə bağlı məhkəməyə müraciət etmələri olmuşdur. Göstərilənlərə əsasən, iddiaçı "xxxx" Mənzil Tikinti Kooprativi ilə Cavabdeh arasında bağlanmış 03.02.2015-ci il tarixli 13, 14 və 15 nömrəli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MTK-nın vəkili və nümayəndəsi Ramazanov X2 izahatının iddia ərizəsinin məzmununa uyğun olduğunu bildirmiş və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: iddiaçı Cavabdeh və cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış 03.02.2015-ci il tarixli 13 nömrəli müqavilənin məzmunundan görünür ki, ünvan 1 ünvanda inşa edilmiş binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 110,2 kv.m, yaşayış sahəsi isə 56,0 kv.m olan 3 otaqlı 66 saylı mənzilini iddiaçı Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativindən hər bir kvadratmetr üçün 1.600 manat ödəməklə satın almışdır. 03.02.2015-ci il tarixli 14 nömrəli müqavilənin məzmunundan görünür ki, ünvan 1 ünvanda inşa edilmiş binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 123,9 kv.m, yaşayış sahəsi isə 74,5 kv.m olan 3 otaqlı 67 saylı mənzilini; iddiaçı Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativindən hər bir kvadratmetr üçün 1.600 manat ödəməklə satın almışdır. 03.02.2015-ci il tarixli 15 nömrəli müqavilənin məzmunundan görünür ki, ünvan 1 ünvanda inşa edilmiş binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 164,5 kv.m, yaşayış sahəsi isə 94,5 kv.m olan 4 otaqlı 68 saylı mənzilini iddiaçı Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativindən hər bir kvadratmetr üçün 1.600 manat ödəməklə satın almışdır. İddiaçı 03.02.2015-ci il tarixli, 23 saylı arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçı MTK tərəfindən inşa edilmiş ünvan 3 ünvanında yerləşən binanın A blokun 16-cı mərtəbəsində, 3 otaqlı, 66 saylı mənzilə dair borcu yoxdur. İddiaçı 03.02.2015-ci il tarixli, 24 saylı arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçı MTK tərəfindən inşa edilmiş ünvan 3 ünvanında yerləşən binanın A blokun 16-cı mərtəbəsində, 3 otaqlı, 67 saylı mənzilə dair borcu yoxdur. İddiaçı 03.02.2015-ci il tarixli, 25 saylı arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçı MTK tərəfindən inşa edilmiş ünvan 3 ünvanında yerləşən binanın A blokun 16-cı mərtəbəsində, 4 otaqlı, 68 saylı mənzilə dair borcu yoxdur. Yasamal rayon Məhkəməsinin 2 (004)-617/2021 saylı, 06.05.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı “müqavilələr üzrə öhdəliklərin icra edilməsi, müqavilə predmetlərinin təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış 03.02.2015ci il tarixli 13 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilmiş binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 110,2 kv.m, yaşayış sahəsi isə 56,0 kv.m olan 3 otaqlı 66 saylı mənzilinin, 03.02.2015-ci il tarixli 14 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilmiş binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 123,9 kv.m, yaşayış sahəsi isə 74,5 kv.m olan 3 otaqlı 67 saylı mənzilinin; 03.02.2015-ci il tarixli 15 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilmiş binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 164,5 kv.m, yaşayış sahəsi isə 94,5 kv.m olan 4 otaqlı 68 saylı mənzilinin iddiaçı Cavabdeh təhvil verilməsi öhdəliyi cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmuşdur. İddiaçı Cavabdeh iddia tələbi qalan, yəni - “ünvan 1 ünvanda inşa edilmiş binanın zirzəmisində yerləşən avtodayanacağında 2 ədəd avtomaşın üçün dayanacaq yerinin Cavabdeh ayırılması öhdəliyinin İddiaçı Mənzil Tikinti Kooperativinə həvalə edilməsi, vurulmuş maddi və mənəvi zərərə görə 10.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 10.030 manat vəsaitin İddiaçı Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçı Cavabdeh ödənilməsi” hissəsində rədd edilmişdir. Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinin iddiaçı Cavabdeh qarşı İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 03.02.2015- ci il tarixli 13, 14 və 15 nömrəli müqavilələrin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7224/2021 saylı, 25.08.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Yasamal rayon Məhkəməsinin 2 (004)-617/2021 saylı, 06.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Yasamal rayon Məhkəməsinin 2 (004)- 617/2021 saylı, 06.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış 03.02.2015ci il tarixli 13, 14 və 15 nömrəli müqavilələrə əsasən iddiaçı Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativindən ünvan 1 ünvanda inşa edilmiş binanın 3 otaqlı 66 saylı mənzilini, 3 otaqlı 67 saylı mənzilini və 4 otaqlı 68 saylı mənzilini satın almışdır və həmin müqavilələr üzrə müəyyən edilmiş mənzillərin dəyərini ödəmiş və bu barədə cavabdehə müvafiq maliyyə arayışları təqdim edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. İddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). İddiaçı tərəf müqavilələrin etibarsız hesab edilməli olmasını bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə cavabdeh tərəfindən müxtəlif şəxslərin hədə-qorxusu, şantajı və zorakılığı ilə müqavilə bağlanıldığı qeyd edilsə də, bu faktlarla bağlı müvafiq hüquq mühafizə orqanlarına heç bir müraciət olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan alqı-satqı müqavilələri bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin forması və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd edilən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün iddia ərizəsində göstərilən əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddia digər tərəfdən ona görə rədd edilməlidir ki, iddiaçı mövcud iddia tələbi üzrə alqı-satqı müqavilələrinin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, əqdin etibarsız sayılmasına dair tələblər üzrə müddət şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən başlandığından, iddiaçı alqı-satqı müqavilələrinin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində məhkəməyə müraciət etməli idi. Başqa sözlə, iddiaçı alqı-satqı müqavilələrini istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş müddət daxilində mübahisələndirmək hüququna malik olmuşdur. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı alqı-satqı müqavilələrinin bağlandığı vaxtdan keçən altı ilə yaxın müddət ərzində, alqı-satqı müqavilələrini mübahisələndirməmiş, bununla da əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Ona görə də, iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı iddiası həm əsassız olduğuna, həm də məhkəmə tərəfindən kəsici iddia müddəti tətbiq olunmaqla rədd edilməli, ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu onlara aid olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı İddiaçı Mənzil Tikinti Kooperativinin ilə Cavabdeh arasında bağlanmış 03.02.2015-ci il tarixli 13, 14 və 15 nömrəli müqavilələrin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4909/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4909/2021
13.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver