Məhkəmə qərarları › İş №2(004)-491/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-491/2021

08.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-491/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Cavabdeh1, onun və digər Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 5 saylı notariat ofisinə və Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı “cavabdehlərin mərhum ataları X12 və İddiaçı arasında Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 3M-63 reyestr nömrəli kredit müqaviləsinin və Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 3M-1254 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 5 saylı notariat ofisinə və Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum ataları X1 arasında Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2018ci il tarixli 3M-63 reyestr nömrəli kredit müqaviləsinin və Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 3M-1254 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum ataları X12 arasında işgüzar münasibətlər olmuş, onlar şərikli maşın alveri ilə məşğul olmuş və qazanc əldə etmişlər. İddiaçı və X12 pul qoyaraq xaricdən avtomobil gətirmişlər, avtomobilləri sataraq, qoyduqları vəsaiti götürdükdən sonra, qalan məbləği qoyduqları vəsaitə uyğun olaraq aralarında bölmüşlər. Avtomobillərin ölkəyə gətirilməsi ilə İddiaçı məşğul olmuşdur. X12 avtomobillərin alınması üçün verdiyi pul vəsaitlərinə dair İddiaçı ilə aralarında xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixlərdə kredit müqavilələri bağlamışdır. Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 3M-63 reyestr nömrəli kredit müqaviləsində borcverən X8 borcalan İddiaçı xx.xx.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 10.000 ABŞ dolları borc verdiyi göstərilmişdir. Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 3M-1254 reyestr nömrəli kredit müqaviləsində borcverən X8 borcalan İddiaçı xx.xx.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 20.000 ABŞ dolları borc verdiyi göstərilmişdir. İddiaçı iddia ərizəsində X6 xx.xx.2018-ci il tarixdə 10.000 ABŞ dolları və xx.xx.2018-ci il tarixdə 20.000 ABŞ dolları pul aldığını etiraf edir. Bu məbləğləri borc kimi deyil, məhz xaricdən avtomobil alıb gətirmək üçün aldığını, X8 təklifi ilə avtomobillərinin alınıb gətirilməsinin qarantiyası üçün aralarında belə bir kredit müqavilələrinin bağlandığını qeyd edir. Həmçinin iddiaçı qeyd edir ki, birinci dəfə avtomobil almaq üçün xx.xx.2018-ci il tarixdə İddiaçı 8.000 ABŞ dolları və X12 isə 10.000 ABŞ dolları pul qoymuşdur. İddiaçı xaricdən X15 markalı 2013-cü il buraxılışlı avtomobili 18.000 ABŞ dollarına alıb gətirmiş və Bakıda 25.000 ABŞ dollarına satmışdır. İddiaçı avtomobilin satışından əldə etdiyi 25.000 ABŞ dolları pulun 15.000 ABŞ dollarını (10.000 ABŞ dolları maya və 5.000 ABŞ dolları qazanc) X10 vermiş, 10.000 ABŞ dollarını (8.000 ABŞ dolları mayası və 2.000 ABŞ dolları qazanc) isə İddiaçı özünə götürmüşdür. İkinci dəfə avtomobil almaq üçün xx.xx.2018-ci il tarixdə İddiaçı 14.000 ABŞ dolları və X12 isə 20.000 ABŞ dolları pul qoymuşdur. İddiaçı xaricdən X15 markalı 2014-cü il buraxılışlı avtomobili 34.000 ABŞ dollarına alıb gətirmiş və Bakıda 48.000 ABŞ dollarına satmışdır. İddiaçı avtomobilin satışından əldə etdiyi 48.000 ABŞ dolları pulun 28.000 ABŞ dollarını (20.000 ABŞ dolları maya və 8.000 ABŞ dolları qazanc) X10 vermiş, 20.000 ABŞ dollarını (14.000 ABŞ dolları mayası və 6.000 ABŞ dolları qazanc) isə İddiaçı özünə götürmüşdür. Bununla da İddiaçı hər iki müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, şərikli avtomobil almaq üçün X6 xx.xx.2018-ci il tarixdə aldığı 10.000 ABŞ dollarını və xx.xx.2018-ci il tarixdə aldığı 20.000 ABŞ dollarını qazancları ilə birlikdə X5ytarmışdır. xx.xx.2018ci və xx.xx.2018-ci il tarixli kredit müqavilələri görünüş üçün formal olaraq bağlanmışdır. X12 xx.xx.2018-ci ildə vəfat etmişdir, həmin vaxta kimi heç bir poblem olmamışdır. X8 vəfatından sonra onun övladları (vərəsələri) Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli kredit müqavilələrinə əsaslanmaqla İddiaçı ümumilikdə 30.000 ABŞ doları borcun qaytarılmasını tələb edirlər. Bu səbəbdən iddiaçı hesab edir ki, həmin müqavilələr formal olaraq bağlandığına və müqavilələrdə göstərilən və avtomobilin alınmasına görə verilmiş pul vəsaitlərini X10 tam olaraq qaytardığına görə, müqavilələr etibarsız hesab edilməlidir. İddiaçı, onun nümayəndəsi və vəkili X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili X4 isə teleqram vuraraq səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, tibb müəssisəsinin sənədini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Cavabdeh1, onun və digər Cavabdeh2 nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etdilər. Cavabdehlər Bakı şəhəri 5 saylı notariat ofisinin notariusu və Bakı şəhəri 6 saylı notariat ofisinin notariusu məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehlər Bakı şəhəri 5 saylı notariat ofisinin və Bakı şəhəri 6 saylı notariat ofisinin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia ərizəsinə qarşı yazılı etiraz verdiklərini bildirdi və izahatında qeyd etdi ki, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum ataları X12 arasında xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixlərdə kredit müqavilələri bağlanmışdır. Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 3M-63 reyestr nömrəli kredit müqaviləsinə əsasən borcverən X12 borcalan İddiaçı xx.xx.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 10.000 ABŞ dolları borc vermişdir. Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 3M-1254 reyestr nömrəli kredit müqaviləsində borcverən X12 borcalan İddiaçı xx.xx.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 20.000 ABŞ dolları borc vermişdir. Müqavilədə pulun borc verilməsi və alınması aydın şəkildə öz əksini tapmışdır. Müqavilədə pulun borca verilməsinin avtomobil alveri ilə bağlı olması barədə heç bir qeyd şərt yoxdur və əgər doğrudan da iddiaçının göstərdiyi kimi pulun verilməsi avtomobil alveri ilə əlaqədar saydı, tərəflər elə bu məzmunda müqavilə bağlamış olardılar. Belə bir müqavilənin bağlanması qanunvericiliyə zidd deyildir. İddiaçı cavabdehlərin atası ilə qonşu olmuş, X12 İddiaçı inanmış və etibar etmişdir. İddiaçı hərdən bir X11 də avtomobil alverinə cəlb etmiş, Avropadan və Dubaydan avtomobil alıb gətirmiş baha qiymətə satsa da, X11 aldatmışdır ki, avtomobili ucuz satıb, maşın yolda xarab olub, təmirinə xərci çıxıb. Belə bəhanələrlə İddiaçı mərhum X8 xeyli pulunu qaytarmamışdır. X12 xx.xx.2018-ci ildə vəfat etmişdir, bundan sonra cavabdehlər iddiaçı ilə görüşmüş və haqq-hesab aparmağı təklif etmişlər. Lakin iddiaçı hər şeyi danaraq avtomobil alverindən borcu qalmadığını bildirmişdir. Avtomobil alverinə dair pul verməsinə dair rəsmi sənədlər olmadığına görə cavabdehlər heç bir dövlət orqana müraciət etməmişlər. Lakin hazırki iş üzrə mübahisələndirilən xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 10.000 ABŞ dollarını və xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 20.000 ABŞ dollarını İddiaçı mərhum X6 özünün şəxsi işləri, ailə problemlərini həll etmək məqsədilə almışdır. X8 sağlığında övladları iddiaçıya verdiyi 30.000 ABŞ dollarını məhkəmə qaydasında İddiaçı tələb etməsini təklikf etsələr də, X8 idiaçının onun borcunu qaytaracağına inandığına, uzun illər ailəyə yaxın adam olduğunu, kəsdikləri duzçörəyin xatirinə həmişə təxirə salmışdır. Müqavilələr bağlanarkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Cavabdehlər atalarının verdiyi borcun qaytarılmasına dair iddiaçıya qarşı Bakı şəhəri Xətai rayon Məhkəməsində iddia qaldırdıqlarına görə, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, müqavilələrin etibarsız hesab edlilməsi üçün əsaslar yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi, nümayəndəsi və vəkili X3 izahatı ilə razı olduğunu bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 3M-63 reyestr nömrəli kredit müqaviləsində göstərilir ki, borcverən X12 borcalan İddiaçı xx.xx.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 10.000 ABŞ dolları borc vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 3M-1254 reyestr nömrəli kredit müqaviləsində göstərilir ki, borcverən X12 borcalan İddiaçı xx.xx.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 20.000 ABŞ dolları borc vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. İddiaçı iddia ərizəsində X6 xx.xx.2018-ci il tarixdə 10.000 ABŞ dolları və xx.xx.2018-ci il tarixdə 20.000 ABŞ dolları pul aldığını etiraf etmişdir. Bu məbləğləri borc kimi deyil, məhz xaricdən avtomobil alıb gətirmək üçün aldığını, X8 təklifi ilə avtomobillərinin alınıb gətirilməsinin qarantiyası üçün aralarında belə bir kredit müqavilələrinin bağlandığını qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi, xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli borc mqavilələrinin predmetinin məbləğləri üç min manatdan çoxdur, müqavilə tərəfləri kredit müqavilələrini yazılı formada bağlamış, hətta notarial qaydasında təsdiq etdirməklə Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələbinə əməl etmişlər. Müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Müqavilənin etibarsız hesabedilməsi üçün əsaslar mövcud deyildir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar İddiaçı ilə X8 arasında bağlanmış xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli kredit müqavilələrinin etibarsızlığı üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, birinci dəfə avtomobil almaq üçün xx.xx.2018-ci il tarixdə İddiaçı 8.000 ABŞ dolları və X8 isə 10.000 ABŞ dolları pul qoyması, İddiaçı xaricdən X15 markalı 2013-cü il buraxılışlı avtomobili 18.000 ABŞ dollarına alıb gətirməsi və Bakıda 25.000 ABŞ dollarına satması, İddiaçı birinci avtomobilin satışından əldə etdiyi 25.000 ABŞ dolları pulun 15.000 ABŞ dollarını (10.000 ABŞ dolları maya və 5.000 ABŞ dolları qazanc) X10 verməsi, 10.000 ABŞ dollarını (8.000 ABŞ dolları mayası və 2.000 ABŞ dolları qazanc) isə İddiaçı özünə götürməsi, ikinci dəfə avtomobil almaq üçün xx.xx.2018-ci il tarixdə İddiaçı 14.000 ABŞ dolları və X8 isə 20.000 ABŞ dolları pul qoyması, İddiaçı xaricdən X15 markalı 2014-cü il buraxılışlı avtomobili 34.000 ABŞ dollarına alıb gətirməsi və Bakıda 48.000 ABŞ dollarına satması, İddiaçı ikinci avtomobilin satışından əldə etdiyi 48.000 ABŞ dolları pulun 28.000 ABŞ dollarını (20.000 ABŞ dolları maya və 8.000 ABŞ dolları qazanc) X10 verməsi, 20.000 ABŞ dollarını (14.000 ABŞ dolları mayası və 6.000 ABŞ dolları qazanc) isə İddiaçı özünə götürməsi, bununla da İddiaçı hər iki müqavilə üzrə öhdəliyini yerinə yetirməsi, şərikli avtomobil almaq üçün X6 xx.xx.2018-ci il tarixdə aldığı 10.000 ABŞ dollarını və xx.xx.2018-ci il tarixdə aldığı 20.000 ABŞ dollarını qazancları ilə birlikdə X5ytarmasına dair istinad etdiyi halların subuta yetirilməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 10.000 ABŞ dolları və xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 20.000 ABŞ dolları borcun qaytarılması” tələbinə dair 2(011)- 1587/2020 nömrəli mülki iş üzrə araşdırma zamanı sübuta yetirilməli olan hallardır. Həmin işin araşdırılması zamanı İddiaçı bu halları sübuta yetirə bildiyi təqdirdə, İddiaçı xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli kredit müqavilələri üzrə aldığı pul vəsaitlərini qaytarması və onun müqavilə öhdəliklərinə xitam verilməsi kimi dəyərləndirilə bilər. Hazırki, iş üzrə mübahisənin predmeti isə kredit müqavilələrinin etibarsız hesab edilməsindən ibarədir. Müqavilələrin tərəfləri müqavilələrin bağlanması anında bütün şərtlər barəsində razılığa gəlmişlər və öz iradələri ilə həmin müqaviləni bağlayaraq imzalamışlar, notaril qaydada təsdiq etdirmişlər. Müqavilələrin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Həmçinin iddiaçı xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli kredit müqavilələrinin bağlanmasından bir ildən artıq vaxt keçdikdən sonra xx.xx.2020-ci il tarixdə bu əqdləri məhkəmədə mübahisələndirmişdir. Bu halın mövcud olması da, iddianın rədd edilməsi üçün müstəqil əsasdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən “Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.” Məhkəmə sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 5 saylı notariat ofisinə və Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı “cavabdehlərin mərhum ataları X12 və İddiaçı arasında Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 3M-63 reyestr nömrəli kredit müqaviləsinin və Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 3M-1254 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar