Məhkəmə qərarları › İş №2(004)-4916/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4916/2023

26.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4916/2023 26.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun oğlu - xx.xx.2001-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsi ərizəsində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətini iş üzrə maraqlı şəxs kimi qeyd etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4916/2023 nömrəli qərardadı ilə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, xx.xx.2001-ci il təvəllüdlü X2 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinə həvalə edilmişdir. Ekspertizanın rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3144 nömrəli ekspert rəyi mülki iş ilə birlikdə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4916/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə saat 11:20-ə təyin edilmişdir. Maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, onun X1 ilə birgə nikahından xx.xx.2001-ci il təvəllüdlü X4 adlı övladı doğulmuşdur. Oğlu Abbas doğuşdan 1-ci qrup əlildir. Ona “ağır kəmağıllılıq” doaqnozu ilə müddətsiz olaraq birinci dərəcəli əlillik verilmişdir, daima kənar şəxsin qulluğuna ehtiyacı vardır. Oğlu özünü idarə etmək imkanına malik deyildir. Bu səbəbdən X2 üzərində qəyyum təyin edilməsi məqsədilə onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsini xahiş edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri, ekspertizanın rəyini nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Çünki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyanının sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli 2750003AAD5L nömrəli arayışından müəyyən edilir ki, xx.xx.2001-ci il təvəllüdlü X3 “ağır kəmağıllıq, kəskin imbessilik, kobud nitq və davranış pozuntuları dərəcəsində spastik paralegiya, spastik teraparez. Daima kənar şəxsin qulluğuna ehtiyacı vardır” diaqnozu qoyulmaqla, müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3144 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X4 ağır dərəcəli əqli gerilik diaqnozlu ruhi xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarına malik deyil. Buna görə də, X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxsin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.2001-ci il təvəllüdlü X4 tam fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 305, 306, 317-322, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2001-ci il təvəllüdlü X4 (FİN: 2B9Y24Y) fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Bu qətnamə, X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar