Məhkəmə qərarları › İş №2(004)-494/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-494/2022

07.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-494/2022 07.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X9 qızının katibliyi, iddiaçı Əliyeva (Günəşova) Səadət Siyasət qızının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Əliyeva (Günəşova) Səadət Siyasət qızının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və 23 saylı Notariat ofisinə qarşı “vərəsəlik şəhadətnamələrinin, onun əsasında yaranmış hüquqi nəticələrin ləğv edilməsi və mirasın qəbulunun müddətinin ötürülməmiş hesab edilməklə miras əmlaklarına dair payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva (Günəşova) Səadət Siyasət qızı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və 23 saylı Notariat ofisinə qarşı “vərəsəlik şəhadətnamələrinin, onun əsasında yaranmış hüquqi nəticələrin ləğv edilməsi və mirasın qəbulunun müddətinin ötürülməmiş hesab edilməklə miras əmlaklarına dair payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh 23 saylı Notariat Ofisinin mərhum həyat yoldaşı X4 mülkiyyətindəki əmlaklara dair cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 vermiş olduğu vərəsəlik şəhadətlərinin ləğvi, onun əsasında yaranmış hüquqi nəticələrin ləğv edilməsi və mirasın qəbulunun müddətinin ötürülməmiş hesab edilməklə miras əmlaklara dair payların bərabər müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum həyat yoldaşı X10 ilə 01 iyul 2018-ci il tarixdə nikaha daxil olmuşlar. Həmin tarixdə nikaha daxil olmaqlarına baxmayaraq onlar faktiki olaraq 2012-ci ildən birgə yaşamışlar. Mərhum həyat yoldaşı A.D.Əliyev 07 avqust 2020-ci il tarixdə vəfat etmişdir. Mərhum A.D.Əliyevin mülkiyyətində olan əmlakları ilə bağlı vərəsəlik işinin açılması üçün ölüm haqqında şəhadətnaməni 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində əldə etdikdə ona bildirmişlər ki, mərhum həyat yoldaşı A.D.Əliyev ilə nikahı Salyan Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Daha sonra onu cavabdehlər zorla yaşadığı evdən çıxarmışlar. Lakin ona məxsus əşyalar hal-hazıradək həmin evdə qalmışdır. O, Salyan Rayon Məhkəməsinə müraciət edərək 27 mart 2019-cu il tarixli, 2(057)-97/2019 saylı qətnaməsini rəsmi qaydada əldə edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəyə baxarkən qətnamənin ona poçt vasitəsilə təqdim edilməsinə dair xəbərnamədə əvəzindən çəkilmiş imzanın ona məxsus olması barədə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertiza rəyində qeyd edilmişdir ki, imza ona məxsus olmamış və başqa şəxs tərəfindən icra olunmuşdur. Lakin buna baxmayaraq Salyan Rayon Məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni 26 may 2021-ci il tarixli, 2(057)-97/2019 saylı qərardadı ilə rədd etmişdir. Həmin qərardaddan vermiş olduğu şikayət təmin edilməyərək mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyyasiya Məhkəməsinin 05 iyul 2021ci il tarixli, 2(106)-2385/2021 saylı qərardadı ilə Salyan Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(057)-97/2019 saylı qərardadı ləğv edilmiş, apellyasiya şikayətinə dair buraxılmış müddət ötürülməmiş hesab edilərək apellyasiya şikayətini icraata qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(106)- 2719/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edərək nikahın pozulmasına dair Salyan Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(057)-97/2019 saylı qətnaməsi ləğv edilmiş və iddiaçı vəfat etdiyi üçün mülki işin icraatına xitam verilmişdir. O, Şirvan Apellyasiya Məhkəməsinin həmin qərardadı qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsinə və Salyan rayon qeydiyyat şöbəsinə icra edilməsi üçün göndərilmişdir. O, 06 noyabr 2021-ci il il tarixdə soyadının dəyişdirərək ər soyadını, yəni Əliyeva soyadını götürmüşdür. O, mərhum həyat yoldaşı A.D.Əliyevin qanuni vərəsəsidir. Onun vərəsəlik hüquqlarının bərpa olunması üçün etdiyi müraciətlərdə məhkəmələr tərəfindən işlərə baxılaraq ədalətli şəkildə hüquqlarının bərpa olunmasına dair qərarlar qəbul edilmişdir. Bu səbəbdən vərəsəlik hüququna dair notariat ofisinə vaxtında müraciət edə bilməmişdir. Belə ki, o, vərəsəliklə bağlı notariat ofisinə müraciət edən zaman məlum olmuşdur, mərhum həyat yoldaşı A.D.Əliyev ilə arasında olan nikahı pozulmuşdur. Artıq nikahları bərpa olunduğu, mərhum həyat yoldaşının soyadını daşıdığı üçün onun vərəsəsidir. Lakin mərhumun ölümündən sonra cavabdeh 23 saylı Notariat Ofisində 02 sentyabr 2020-ci il tarixdə 65 reyestr nömrəsi ilə vərəsəlik işi açılmış və iş üzrə vərəsəlik şəhadətnamələri cavabdehlərə təqdim edilmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra İddiaçı Əliyeva (Günəşova) Səadət Siyasət qızının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdeh 23 saylı Notariat Ofisində iddiaçının əri X2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 156 nömrəli mənzilə, ünvan 2anında yerləşən 24 nömrəli mənzilə (1 otaq) və “BMW” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 vermiş olduğu reyestrdə 2V-32, 2V- 33 və 2V-34 nömrəli vərəsəlik şəhadətlərinin ləğvi, onun əsasında yaranmış hüquqi nəticələrin ləğv edilməsi və mirasın qəbulunun müddətinin ötürülməmiş hesab edilməklə miras əmlaklara dair payların bərabər müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əliyeva (Günəşova) Səadət Siyasət qızı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə olaraq bildirmişdir ki, o, mərhum ərinin ölüm haqqında şəhadətnaməsini əldə edib vərəsəlik şəhadətnaməsi almaq məqsədilə qanunla müəyyən edilmiş müddət ərzində notariat kontoruna şifahi qaydada müraciət etmiş, yalnız bundan sonra ona məlum olmuşdur ki, onlar arasında olan nikah pozulmuşdur. Bu səbəbdən o, hüququnun bərpası məqsədilə aidiyyəti məhkəmələrə müraciət etmiş, qeyd olunan proseslər isə uzun müddət çəkdiyindən hazıradək vərəsəlik şəhadətnaməsini əldə edə bilməmişdir. Bundan başqa o, mərhum əri vəfat etdiyi son günədək faktiki olaraq birlikdə yaşamaqla mehriban ər-arvad münasibətlərində olmuş, bu səbəbdən nikahın pozulması üçün əsas olmamışdır. Hətta onlar hər ikisi və onlarla birlikdə yaşayan mərhumun oğlu, hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 COVİD-19 virusuna yoluxmuşlar, lakin əri Ağaqasım Əliyevin vəziyyəti ağırlaşdığından xəstəxanada vəfat etmişdir. Mərhum evdə xəstə olarkən ona qulluq etmişdir. Özü isə xəstəxanadan çıxdıqdan sonra bir müddət ünvan 2anında yerləşən 24 nömrəli mənzildə yaşamışdır. Sonradan tək yaşamağa çətinlik çəkdiyindən qardaşının təklifi ilə onun evinə köçmüşdür. Lakin cehiz əşyaları ünvan 2anında yerləşən 24 nömrəli mənzildə qalmışdır. Daha sonra ərinin əvvəlki nikahından olan övladı, hazırki iş üzrə Cavabdeh5 onu təhdid etmişdir ki, yaşadığı evə qayıtmasın. Göstərilən hallar nəzərə alınaraq iddiaçının nümayəndəsi ötürülmüş prosessual müddətin üzrlü hesab edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və 23 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişlər, lakin məhkəmə iclasında 23 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı təmin edilməmiş, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 isə məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh5 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddidaçının iddia tələbi əsassızdır və o, iddiaçını tanımır. Sadəcə bir neçə dəfə atasının yanında görmüşdür. Onların evli olmasından xəbəri olmayıb. İddiaçı ilə atası arasında nikahın bağlanması və pozulması barədə məlumatı olmamışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 iştirak edərək iddia tələbini qəbul etməyərək bildirdi ki, iddidaçının iddia tələbi əsassızdır və rədd edilməsini məhkəmədən xahiş edir. İlkin xx.xx.2022-ci il tarixli hazırlıq iclasında Cavabdeh4 nümayəndəsi və vəkili X11 iştiark etmiş, lakin o, iş materialları ilə tanış olmaq məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin sonrakı iclaslar barədə ona məlumat verilməsinə baxmayaraq o, iclaslara gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh 23 saylı Notariat ofisinin xüsusi notariusu Z.N.Dəmirov məhkəməyə məktub ünvanlayaraq onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdehlərin iştirakı olmadan baxıla bilər. Məhkəmə iclasında şahid X15 izahat verərək bildirdi ki, mərhum A.D.Əliyev onun həm əmisi oğlu, həm də qaynı olmuşdur. O, iddiaçını tanıyır, iddiaçı mərhum A.D.Əliyev ilə birgə yaşamış və ər-arvad münasibətlərində olmuşdur. Evləri yaxın olub və onlarla qonşuluqda yaşamışdır. Buna görə də tez-tez onlara qonaq getmiş, həmişə qonaq gedən zaman iddiaçını evdə görmüşdür. İddiaçı həmin evdə daima yaşamış, xadimə kimi çalışmamışdır. Mərhumun əvvəlki arvadı da yaxınlıqda oğlu Cavabdeh5lə yaşamış, lakin həmin evə gediş-gəlişi olmamışdır. Həmçinin əminliklə qeyd edir ki, mərhumun əvvəlki arvadı və övladları onun iddiaçı ilə evli olmasını bilmişlər. Hətta mərhumun ölümündən əvvəl onlarla birlikdə yaşayan Cavabdeh2 də COVİD-19 xəstəliyinə yoluxmuşdur. İddiaçı ailə üvzü kimi Cavabdeh2 də qayğısına qalmışdır. Lakin mərhumla iddiaçının boşanmasından məlumatı olmayıb. Çünki son günədək onlar mehriban ər-arvad münasibətlərində birgə yaşamışlar və mübahisə etmələrinin şahidi olmamışdı. Mərhum ölənə qədər iddiaçı onun qayğısına qalmışdır. Mərhumun ölümündən sonra isə iddiaçı tək yaşamaq çətinlik çəkdiyindən qardaşının yanına köçmüşdür. Məhkəmə iclasında şahid X16 izahat verərək bildirdi ki, iddiaçı onun həm əmisi qızının baldızı, həm də yaxın rəfiqəsidir. Mərhum A.D.Əliyevin qardaşı oğlu ilə iddiaçının qardaşı oğlu ilə hərbi hissədə birgə işləmişlər. Onların tanışlığı bu vasitə ilə baş tutmuşdur. Daha sonra iddiaçının ailəsinə mərhumun qohumları elçi gələrək onlar ailə həyatı qurmuşlar. İddiaçı 20-ci sahədə yerləşən evə gəlin köçmüş və ev üçün lazım olan bütün əşyaları cehiz kimi aparmışdır. Həmin cehiz əşyaları hal-hazırdada həmin evdədir. Onlar 7-8 il birlikdə yaşamışlar. İddiaçı mərhum A.D.Əliyev ölənədək onunla ər-arvad kimi yaşamış və onun qayğısına qalmışdır. Onların iki yaşayış evi olmaqla, həm ünvan 1 ünvanında yerləşən 156 nömrəli mənzildə, həm də ünvan 2anında yerləşən 24 nömrəli mənzildə yaşamışlar. Yalnız A.D.Əliyev COVİD-19 virusuna yoluxmuş, xəstəxanaya yerləşdirilmiş və orada vəfat etmişdir. Əvvəlki ailəsi mərhuma baxmamış, iddiaçı 8 il mərhumun qayğısına qalmış və bu müddət ərzində mehriban olmaqla ayrılmamışlar, xeyirşər məclislərində hər zaman birgə iştirak etmişlər. Mərhum vəfat etdikdən sonra iddiaçı tək qalmaması üçün həmin evdə yaşamamış və qardaşının evinə köçmüşdür. Bir müddət sonra Cavabdeh2 iddiaçı il telefon vasitəsilə əlaqə saxlayaraq, mənzildən əşyalarını götürməsi ilə bağlı xəbərdarlıq etmişdir. Məhkəmə iclasında şahid X7 izahat verərək bildirdi ki, iddiaçı onun iş yoldaşı və rəfiqəsi olmuşdur. Onun çalışdığı mağaza iddiaçının yaşadığı evə yaxın olmuşdur. O, həmişə iddiaçını mərhum əri A.D.Əliyev ilə birlikdə görmüşdür. İddiaçı mərhumla ər-arvad münasibətində yaşamış və mərhumun qayğısına qalmışdır. Mərhumun vəfatından sonra o, hətta bir müddət iddiaçının tək qalmaması üçün və stress yaşadığı üçün onunla birlikdə həmin evdə qalmışdır. Lakin onların nə vaxtsa boşanmalarını eşitməmiş, bunun əksinə olaraq mərhum hər zaman iddiaçıya diqqətcil olmaqla ona mehriban münasibət göstərmiş, ona hədiyyələr bəxş etməklə ani xoş surprizlərlə sevindirmişdir. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, mərhum A.D.Əliyev onun doğma qardaşıdır. İddiaçı qardaşının həyat yoldaşı olmuş və onlar təxminən 8-9 il yaxın müddət ərzində ər-arvad münasibətlərində olmaqla birgə yaşamışlar. O, elçilikdə iştirak etməsə də, ailə üzvlərindən el adət-ənənəsi ilə elçilikdə iştirak edən olub. O, qardaşının iddiaçı ilə birlikdə ailə kimi yaşamalarının şahidi olmuşdur. Qardaşı COVİD-19 virusuna yoluxaraq vəfat etmişdir. Həmin günə qədər qardaşı iddiaçı ilə birlikdə yaşamış, iddiaçı qardaşının qayğısına qalmışdır. O, Qobu şəhərində yaşadığı üçün onlara gediş-gəlişi teztez olmamışdır. Buna baxmayaraq qardaşı ilə mütəmadi olaraq telefon əlaqəsi saxlamış və iddiaçı ilə qardaşının nikahının pozulmasından məlumatı olmamışdır. Qardaşı bu barədə ona bir söz deməmişdir. Qardaşının ölümündən əvvəl vəsiyyətnaməsi olmamışdır. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehlər Cavabdeh5 və Cavabdeh2, şahidlərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZ-İİ seriyalı 114740 nömrəli ölüm haqqında şəhadətnamədən və 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 oktyabr 2020-ci il tarixli arayışdan müəyyən edilir ki, Nəsimi rayon qeydiyyat şöbəsinin 897 nömrəli xx.xx.2020-ci il tarixli akt qeydinə əsasən X4 ölümü qeydə alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 22 dekabr 2020-ci il tarixli, **********75 nömrəli məktubundan müəyyən edilir ki, DƏDRX-nin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən X4 adına ünvan 3 ünvanında yerləşən 156 nömrəli mənzil və ünvan 7anında yerləşən 24 nömrəli mənzil qeydiyyatdan keçmiş hazırda mülkiyyətindədir. Eyni zamanda A.D.Əliyevin adına ünvan 4 ünvanında yerləşən 56 nömrəli mənzil qeydiyyatdan keçmişdir. Lakin həmin mənzil xx.xx.1996-cı il tarixdə özgəninkiləşdirilmişdir. Bundan başqa X4 adına Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi qeydiyyatdan keçmiş, lakin həmin torpaq sahəsini 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-1288 nömrəli bağışlama müqaviləsinə əsasən X6 bağışlamışdır. - Azərbaycan Respublikası DİN BDYPİ-nin 02 dekabr 2020-ci il tarixli 110756/220 saylı məktubundan və baza məlumatından görünür ki, alqı-satqı müqaviləsi və xx.xx.2019cu il tarixdə verilmiş AD seriyalı 517944 nömrəli şəhadətnaməyə əsasən 1991-ci il buraxılışlı, qara rəngli, mühərrik nömrəsi 41110155, ban nömrəsi WBACA810X0DA21164 olan, qara rəngli, sedan tipli, “BMW 730l” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən mülkiyyət hüququ ilə X4 adına qeydiyyatdadır. - 22 may 2018-ci il tarixdə verilmiş AZE seriyalı 18048921 nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, iddiaçının soyadı Günəşova olmuşdur. - AZ-İİ seriyalı 282402 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X17 arasında 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 01 iyul 2018-ci il tarixdə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2113 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. -“elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən” çıxarışdan görünür ki, Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X26 tərəfindən açılmış vərəsəlik işi üzrə Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 ölmüş şəxs (miras qoyan) X4 qanun üzrə vərəsələri kimi tanınmışlar. - Salyan Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(057)-97/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh X12 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş və onlar arasında 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmiləşdirilmiş 01 iyul 2018-ci il tarixli nikahın pozulması qət edilmişdir. Həmçının qeyd olunan qətnamənin məzmunundan müəyyən edilir ki, iddiaçı X10 məhkəmə iclasında iştirak etməmiş, yalnız məhkəmənin istifadəsində olan telefon nömrəsinə zəng edərək iddiasını müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən işə tərəflərin iştirakları olmadan baxılmışdır. - Şirvan Apellyasiya Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(106)-2385/2021 saylı qərardadın məzmunundan müəyyən edilir ki, Salyan Rayon Məhkəməsinin 27 mart 2019cu il tarixli, 2(057)-97/2019 saylı mülki iş üzrə cavabdeh olan X17 xx.xx.2020-ci il tarixdə işə baxan məhkəməyə apelyasiya şikayəti vermiş, eyni zamanda şikayətinə apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. Həmin ərizəsini onunla əsaslandırmışdır ki, sözügedən qətnaməni 01 dekabr 2020-ci il tarixdə əldə etmiş, belə ki, o, 2012-ci il tarixdən Səlyan rayonu Şəkərli kəndində deyil Bakı şəhərində yaşayır. Lakin Salyan Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və şikayət geri qaytarılmışdır. X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən şikayət verilmiş, Salyan Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. X14 Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(106)-2385/2021 saylı qərardadı ilə Salyan Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(057)-97/2019 saylı qərardadı ləğv edilmiş, S.Günəşovanın apellyasiya şikayətinə dair buraxılmış müddəti ötürülməmiş hesab edərək apellyasiya şikayəti icraata qəbul edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsi 15 sentyabr 2021-ci il tarixli 2(106)-2719/2021 saylı qərardadından müəyyən edilir ki, X8 apellyasiya şikayəti qismən təmin edilərək nikahın pozulmasına dair Salyan Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(057)-97/2019 saylı qətnaməsini ləğv edilmiş və iddiaçı vəfat etdiyi üçün mülki işin icraatına xitam verilmişdir. - məhkəməyə təqdim edilmiş AZ-T seriyalı 046176 nömrəli 22 iyun 2022-ci il tarixli nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, X10 ilə X17 arasında 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 01 iyul 2018-ci il tarixdə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2113 nömrəsi ilə qeyd aktı bərpa edilərək yeni şəhadətnamə verilmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, X3 “Əliyeva” soyadına dəyişdirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsinin 21 iyun 2022-ci il tarixli, 3349 saylı arayışından görünür ki, xx.xx.1971-ci ildə Salyan şəhəri Şikarlı kəndində anadan olmuş X22 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “VVA” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ildə aparılmış və ərinin xx.xx.1948-ci il təvəllüdlü X10 olduğu aşkar edilmişdir. - ünvan 5 ünvanlanmış 09 mart 2022-ci il tarixli 412 saylı məktubundan görünür ki, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 notariat ofisinə müraciət edərək xx.xx.2020-ci il tarixdə vəfat etmiş ataları X4 adına vərəsəlik işi açılmışdır və vərəsələrə xx.xx.2021-ci il tarixdə 2-V-32, 33, 34 reyestr nömrələri ilə qeydiyyatdan keçirilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Məktubla məhkəməyə təqdim edilmiş 2V-65 nömrəli notariat işi materiallarda olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, 05 yanvar 2016-cı il tarixli ********** qeydiyyat nömrəsinə əsasən ümumi sahəsi 44.2 kv.m olan ünvan 6 tam mülkiyyət hüququ ilə X4 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, 13 fevral 2019-cu il tarixli ********** qeydiyyat nömrəsinə əsasən ümumi sahəsi 51.9 kv.m olan Bakı şəhəri Səbail rayonu, Badamdar şossesi ev 242 mənzil 24-ün, 1 otağı (y/s- 19.1 kv.m, k/s-13.5 kv.m) paylı mülkiyyət hüququ ilə X4 adına qeydə alınmışdır. Həmin mənzilin digər 1 otağı (y/s-19.3 kv.m) xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəsinə əsasən paylı mülkiyyət hüququ ilə X18 adına qeydə alınmışdır. AD seriyalı 517944 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən də müəyyən edilir ki, 1991-ci il buraxılışlı, mühərrik nömrəsi 41110155, ban nömrəsi WBACA810X0DA21164 olan, qara rəngli, sedan tipli, “BMW 730l” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə mülkiyyət hüququ ilə X4 adına qeydə alınmışdır. Göstərilənlərlə yanaşı notariat işində olan vətəndaşlıq vəziyyəti aktları barədə məlumatdan müəyyən edilir ki, miras qoyan X4 X22 ilə nikahı Salyan rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 68 nömrəli akt qeydinə əsasən pozulmuş kimi göstərilmişdir. xx.xx.2021-ci il tarixli **********032 nömrəli, reyestrdə 2V-32 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən müəyyən edilir ki, xx.xx.2020ci il tarixdə vəfat etmiş X4 miras əmlakına daxil olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 44.2 km.m olan mənzilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hər birinin ¼ hissədə olmaqla miras paylarının olması təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli **********033 nömrəli, reyestrdə 2V-33 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən müəyyən edilir ki, xx.xx.2020ci il tarixdə vəfat etmiş X4 miras əmlakına daxil olan paylı mülkiyyət hüququ ilə ona məxsus olmuş Bakı şəhəri Səbail rayonu, Badamdar şossesi ev 242 mənzil 24-ün, 1 otaqdan (y/s-19.1 kv.m, k/s-13.5 kv.m) ibarət hissəsinə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hər birinin ¼ hissədə olmaqla miras paylarının olması təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli **********034 nömrəli, reyestrdə 2V-34 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən müəyyən edilir ki, xx.xx.2020ci il tarixdə vəfat etmiş X4 miras əmlakına daxil olan xx.xx.2019-cu il tarixli AD seriyalı 517944 nömrəli şəhadətnaməyə əsasən ban nömrəsi WBACA810X0DA21164, mühərrik nömrəsi 41110155 və buraxılış ili 1991-ci il olan “BMW 730l” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hər birinin ¼ hissədə olmaqla miras paylarının olması təsdiq edilmişdir. - Bakı şəhəri 23 saylı Notariat Ofisinin 30 iyun 2022-ci il tarixli 1250 saylı məktubundan görünür ki, müəyyən edilmiş mirasın qəbulu müddətini itirdiyinə görə X20 qanunla məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli MTT(004)-46/2021 nömrəli qərardadından müəyyən edilir ki, hazırki mülki iş üzrə iddiaçının ərizəsi qismən təmin edilərək mübahisə predmetinə daxil olan əmlakların özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, X10 ilə X17 arasında 01 iyul 2018-ci il tarixdə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2113 nömrəsi ilə qeyd edilmişdir. Salyan Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(057)-97/2019 saylı qətnaməsi ilə X10 ilə X17 arasında olan 01 iyul 2018-ci il tarixli nikahın pozulması qət edilmişdir. Bundan sonra Salyan rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 68 nömrəli akt qeydinə əsasən nikah pozulmuşdur. Miras qoyan X10 xx.xx.2020-ci il tarixdə ölmüş və Nəsimi rayon qeydiyyat şöbəsinin 897 nömrəli xx.xx.2020-ci il tarixli akt qeydinə əsasən onun ölümü qeydə alınmışdır. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə Salyan Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(057)-97/2019 saylı qətnaməsindən şikayət verilmiş və nəticədə Şirvan Apellyasiya Məhkəməsi 15 sentyabr 2021-ci il tarixli 2(106)-2719/2021 saylı qərardadı ilə Əliyeva (Günəşova) Səadət Siyasət qızının apellyasiya şikayəti qismən təmin edərək nikahın pozulmasına dair birinci instansiya məhkəməsini qətnaməsi ləğv edilmiş və iddiaçı vəfat etdiyi üçün mülki işin icraatına xitam verilmişdir. Beləliklə, mərhum X10 ilə X17 arasında 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 01 iyul 2018-ci il tarixdə bağlanmış nikah və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2113 nömrəsi ilə qeyd aktı bərpa edilərək yeni nikah haqqında şəhadətnamə verilmişdir. X2 miras əmlakına tam mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixli AD seriyalı 517944 nömrəli şəhadətnaməyə əsasən ban nömrəsi WBACA810X0DA21164, mühərrik nömrəsi 41110155 və buraxılış ili 1991-ci il olan “BMW 730l” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 156 nömrəli mənzil və RX seriyalı ******* nömrəli reyestrindən çıxarışa əsasən paylı mülkiyyət hüququ ilə ünvan 7anında yerləşən ümumi sahəsi 51.9 kv.m olan 24 nömrəli mənzilin y/s-19.1 kv.m, k/s-13.5 kv.m sahəli 1 otaqdan ibarət hissəsi daxildir. Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə vəfat etmiş miras qoyan X4 övladlarının yəni hazırki iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 müraciətlərinə əsasən vərəsəlik işi açılmışdır və vərəsələrə müvafiq olaraq mirasa daxil olan əmlaklar üzrə xx.xx.2021-ci il tarixli 2-V-32, 2V-33, 2V-34 reyestr nömrələri ilə qeydiyyatdan keçirilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Hazırda iddiaçı Əliyeva (Günəşova) Səadət Siyasət qızı mərhum əri X4 qanun üzrə vərəsəsi kimi tanınmaq, miras əmlaka daxil olan ünvan 1 ünvanında yerləşən 156 nömrəli mənzilə, ünvan 2anında yerləşən 24 nömrəli mənzilə (1 otaq) və “BMW” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 verilmiş və reyestrdə 2V-32, 2V-33 və 2V-34 nömrə ilə qeydə alınmış vərəsəlik şəhadətnamələrin ləğv edilməsini, həmin şəhadətnamələr əsasında yaranmış hüquqi nəticələrin ləğv edilməsini və mirasın qəbulunun müddətinin ötürülməmiş hesab edilməklə miras əmlaklara dair payların bərabər müəyyən edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəyə görə isə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Həmin Məcəllənin 1321.1-ci maddəsinə vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəyə görə qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3-cü maddəyə görə vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1322-ci maddəsinə görə vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X22 Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədən qanun üzrə vərəsələrin dairəsi altına düşdüyündən onun da ərinin ölümündən sonra miras qalmış əmlak üzərində miras pay hüququ yaranmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırki işin faktiki hallarından və şahidlərin ifadələrindən müəyyən edildiyi kimi iddiaçı X22 mərhum əri Ağaqasım Əliyevlə nikahının pozulması barədə məlumatı olmadan qanun üzrə vərəsəsi kimi miras əmlaka daxil olan ünvan 2anında yerləşən 24 nömrəli mənzilin paylı mülkiyyətdə olan 1 otaqdan ibarət yaşayış sahəsində məhrumun ölümündən sonra bir müddət yaşamağa davam etməklə, yəni dolayısı ilə əmlakı idarə etməyə faktik başlamaqla miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Lakin o, vərəsəlik şəhadətnaməsi almaq məqsədilə notariat ofisinə şifahi qaydada müraciət etdikdə mərhum əri ilə aralarında bağlanmış nikahın pozulmasını öyrənib bilmişdir. Bu isə onun aiddiyyəti üzrə Salyan Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti verməsi ilə öz təsdiqini tapır. Qeyd olunan xüsusat Şirvan Apellyasiya Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(106)-2385/2021 saylı qərardadı ilə təsdiq olunur. Göründüyü kimi, iddiaçı ondan asılı olmayan səbəblərə görə, yəni üzürlü səbəblərə görə qanunla müəyyən edilmiş vaxtda miras əmlakı qəbul edə bilməmiş və öz hüququnun bərpası ilə bağlı aidiyyəti məhkəmələrə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab ki, iddiaçı Əliyeva (Günəşova) Səadət Siyasət qızı tərəfindən mirasın qəbulunun müddəti ötürülməmiş (üzürlü hesab edilərək) hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən bu müddət ötürülməmişdir. Çünki iddiaçı qeyd olunan müddət ərzində məhkəmələrə müraciət etmiş və qanun üzrə vərəsə olduğunu sübuta yetirmişdir. Tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlarından və təqdim olunmuş iş materiallarından müəyyən edildi ki, miras qoyan X4 ölümündən sonra onun digər birinci növbədən qanun üzrə vərəsələri olan övladları – hazırki iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 ilə yanaşı onun arvadı – hazırki iş üzrə İddiaçı da miras qalmış əmlaka pay almaq hüququ vardır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 Bakı şəhəri 23 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərkən vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlarda miras qoyan X4 X22 ilə nikahı Salyan rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 68 nömrəli akt qeydinə əsasən pozulmuş kimi göstərildiyindən o, miras payını almaq hüququndan məhrum olmuşdur. Hazırda qeyd olunan nikah aktı bərpa edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 23 saylı notariat ofisində verilmiş xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 miras əmlakına daxil olan - ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 44.2 km.m olan mənzil üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hər birinin ¼ hissədə olmaqla miras paylarına dair, xx.xx.2021-ci il tarixli **********032 nömrəli, reyestrdə 2V-32 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”; paylı mülkiyyət hüququ ilə miras qoyana məxsus olmuş Bakı şəhəri Səbail rayonu, Badamdar şossesi ev 242 mənzil 24-ün, 1 otaqdan (y/s-19.1 kv.m, k/s-13.5 kv.m) ibarət hissəsi üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hər birinin ¼ hissədə olmaqla miras paylarına dair xx.xx.2021-ci il tarixli, **********033 nömrəli, reyestrdə 2V-33 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və xx.xx.2019-cu il tarixli AD seriyalı 517944 nömrəli şəhadətnaməyə əsasən ban nömrəsi WBACA810X0DA21164, mühərrik nömrəsi 41110155 və buraxılış ili 1991-ci il olan “BMW 730l” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hər birinin ¼ hissədə olmaqla miras paylarına dair xx.xx.2021-ci il tarixli **********034 nömrəli, reyestrdə 2V-34 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız olduğundan ləğv edilməli və eyni zamanda həmin şəhadətnamələr əsasında yaranmış hüquqi nəticələrə dair sənədlər (texniki şəhadətnamə, mənzillərin çıxarışı və s.) də etibarsız olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəyə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəyə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəyə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəyə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan iddia təmin edilməli, birinci növbədən qanun üzrə vərəsələr, yəni İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hər birinin miras əmlaka dair bərabər şəkildə, yəni 1/5 hissədə vərəsəlik payları müəyyən edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Ağaqasım qızı ilə mərhum X10 arasında 01 iyul 2018-ci il tarixdə nikah bağlanmışdır. Mübahisə predmetinə daxil olan “BMW 730İ” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2019-cu il tarixdə və ünvan 7anında yerləşən 24 nömrəli mənzilin 1 otağı isə xx.xx.2019-cu il tarixdə X2 mülkiyyətinə keçmişdir. Göründüyü kimi qeyd olunan əmlaklara mülkiyyət hüququ onların birgə nikah dövrünə təsadüf etmişdir. Lakin məhkəməyə həmin əmlakların birgə mülkiyyətdə olub-olmamasına dair hər hansı sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1162-ci maddəsinə əsasən miras əmlakına İddiaçı birgə mülkiyyətindən ona çatası əmlak hissəsi daxil edilməməli və tərəflərin yalnız mirasa daxil olan əmlaklar üzrə bərabər olaraq hər birinin 1/5 hissədə vərəsəlik payları müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, mirasın qəbulunun müddəti ötürülməmiş (üzürlü hesab edilərək) hesab edilməli; cavabdeh 23 saylı Notariat ofisi tərəfindən X4 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən 156 nömrəli mənzil, ünvan 7anında yerləşən 24 nömrəli mənzilin (1 otaq) və “BMW 730İ” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 verilmiş 2V-32, 2V-33 və 2V-34 nömrəli vərəsəlik şəhadətnamələri və onun əsasında yaranmış hüquqi nəticələrə dair sənədlər (texniki şəhadətnamə, mənzillərin çıxarışı və s.) ləğv edilməli; miras əmlakına daxil olan ünvan 3 ünvanında yerləşən 156 nömrəli mənzil, ünvan 7anında yerləşən 24 nömrəli mənzil (1 otaq) və “BMWİ” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hər birinin 1/5 hissədə vərəsəlik payları müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (Mülki Məcəllənin 6-cı maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 23 saylı Notariat ofisi tərəfindən X4 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən 156 nömrəli mənzilə, ünvan 7anında yerləşən 24 nömrəli mənzilinə (1 otaq) və “BMWİ” markalı **-MJ-*** dövlət qedyiyyat nişanlı avtomobilinə dair cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 verilmiş 2V-32, 2V-33 və 2V-34 nömrəli vərəsəlik şəhadətnamələri və onun əsasında yaranmış hüquqi nəticələrə dair sənədlər (texniki şəhadətnamə, mənzillərin çıxarışı və s.) ləğv edilsin. Mirasın qəbulunun müddəti ötürülməmiş (üzürlü hesab edilərək) hesab edilsin. ünvan 3 ünvanında yerləşən 156 nömrəli mənzilə, ünvan 7anında yerləşən 24 nömrəli mənzilinə (1 otaq) və “BMWİ” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hər birinin 1/5 hissədə vərəsəlik payları müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar