Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4953/2025 29.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə (açar sözlər: borcun silinməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır.
2. SX seriyalı, ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə hərbi xidmət üçün hərbi hissəyə göndərilmiş, xx.xx.2025-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır.
3. Cavabdeh İB-nin xx.xx.2025-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə aktından görünür ki, ünvan 2 ünvanı üzrə sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazı qeyd etmir, Hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişləri fiziki təsir nəticəsində kəsilib. Cəmi 933 manat borc hesablanmışdır.
4. Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq göstərilmişdir ki, Birlik tərəfindən xx.xx.2025-ci il tarixli, ******* nömrəli akta əsasən itkinin miqdarı 933 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının qərardadı ilə inzibati xəta haqqında icraatın başlanması rədd edilmişdir. İstehlakçının qazın talanmasında təqsiri səlahiyyətli orqanın qərarı ilə müəyyən edilmədiyindən qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməyib və etməyəcək.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 3 ünvanı üzrə xx.xx.2025-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, İddiaçı ünvan 4 ünvanında qeydiyyatda olsa da, ünvan 5 ünvanında yaşayır və hazırda yaşadığı mənzilin bütün komunal xidmətlərinin sənədləşməsi onun adınadır. 2025-ci ilin mart ayında mülkiyyətində olan ünvan 5-də yerləşən mənzildə qazdan istifadə edilərkən anidən qazın kəsildiyi üçün 104 qaynar xəttə məlumat verilmişdir. Şöbənin əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilmiş, sonda həmin sayğac yenisi ilə əvəz edilmiş və qazın verilməsi bərpa edilmişdir. 05 iyun 2025-ci il tarixdə, ******* nömrəli akt tərtib edilmiş, 934 manat məbləğində cərimə edilmişdir. Mənzildə təbii qazdan daima qənaətlə istifadə etmiş ki, pulunu ödəməyə maddi imkanı həddində olsun. Bundan başqa tərtib edilmiş aktın tarixində açıq-aşkar görünür ki, yay aylarıdır və qazdan çox az istifadə edilir, qış ayına nisbətən. Tərtib edilmiş 05 iyun 2025-ci il tarixli, ******* nömrəli akt və digər sənədləşmə işlərində o həqiqi hərbi xidmətdə olmuş, həmin sənədləşmədən isə görünür ki, sayğac iştirakı olmadan açılıb, guya o həmin aktın tərtib edilməsində iştirak etməkdən imtina etmişdir. xx.xx.2025-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 934 manat məbləğdə cərimə qanunsuz və əsassızdır. Ona görə də aidiyyatı üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
b) iddiaya etiraz
7. Cavabdeh iddiya etirazla məhkəməyə müraciət edərək iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Etirazın əsaslarına görə, abonentin iddia ərizəsində qeyd etdiyi ünvanda quraşdırılmış Zenner tipli, G-4 markalı, **********4 nömrəli qaz sayğacı sayğacın mexanizmi qaz sərfiyyatını qeyd etmədiyi üçün çıxarılmiş və xx.xx.2025-ci il tarixli 580590 nömrəli “Qaz sayğacının quraşdırılması, çıxarılması və istismara qəbulu haqqında akt” tərtib edilmişdir. “Azərbaycan Mertolojiya İnsititutu” PHŞ-in Kommunal Laboratoriyasının qaz sayğacının dövlət yoxlamasından keşirilməsinə dair xx.xx.2025-ci il tarixli DY M 0617/2025/06 nömrəli Protokoluna əsasən 2**********4 nömrəli sayğacın hesablama mexanizmini hətəkətə gətirən dişli çarxın dilləri fiziki təsir nəticəsində kəsilməsi müəyyən edilmişdir. “Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə” Cavabdeh İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Təlimata əsasən yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən komissiya tərəfindən itkinin miqdarı 933 manat müəyyən edilmişdir. Cavabdeh İB-nin “İnzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə” xx.xx.2025-ci il tarixli, 14-2-2/2-3296/2025 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialına müraciət etmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının xx.xx.2025-ci il tarixli Qərardadı ilə İXM-nin 38.1-ci maddəsinə istinad edilməklə inzibati tənbehin inzibati xətanın törədilməsindən ən geci 4 ay keçənədək verilə bilməsi əsası ilə inzibati xəta haqqında icraata başlanmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların qərarı ilə müəyyən edilmədiyindən iş üzrə cavabdeh qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməyib və etməyəcəkdir.
c) məhkəmə icraat iştirakçılarının izahatları
9. İddiaçı ərizə ilə müraciət edərək iddianın təmin olunmasını xahiş etmişdir.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.
13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir; Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; Maddə 9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Bənd 4.6. 4.6. Qaz sayğaclarının üzərində Agentliyin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
17. İşdən müəyyən olunur ki, iddiaçının yaşadığı ünvana qaz təchizatı ilə bağlı cavabdehlə müqavilə bağlanmış, ünvan üzrə **********06220 nömrəli abonent kodu açılmışdır.
18. İddiaçı hazırda cavabdeh tərəfindən hesablanmış borcun silinməsi xahiş etməklə, tələbini onunla əsaslandırır ki, cavabdeh tərəfindən barəsində akt tərtib edilmiş, akt üzrə əsassız borc hesablanmışdır.
19. Məhkəmə araşdırması ilə isə sabit olmuşdur ki, borcun hesablanmasına əsas xx.xx.2025-ci il tarixli aktdır. Belə ki, cavabdeh tərəfindən təqdim olunan məlumatda qeyd olunanlara əsasən, iddiaçının ünvanında quraşdırılmış qaz sayğacından qaz keçdiyi, hesablama mexanizminin keçən qazı qeyd etmədiyi, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişləri fiziki təsir nəticəsində kəsildiyi müəyyən edilmişdir. Bununla əlaqədar Birlik tərəfindən akta əsasən “Qazdan istifadə” qaydalarının 3.1.10-cu bəndinin tələblərinə əsasən itirilmiş qazın bərpası məqsədi ilə hesabat aparılmış 933 manat borc hesablanmışdır.
20. Məhkəmə işin qeyd olunan faktiki hallarını maddi-hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia təmin edilməlidir.
21. İlk növbədə, borcun hesablanmasına əsas olmuş akt istehlakçı tərəfindən imzalanmamış, aktın surətinin istehlakçıya təqdim edilməsi və göndərilməsi iş materialları ilə öz təsdiqini tapmır. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş hərbi biletdən görünür ki, o, akt tərtib edilən ərəfədə ümumiyyətlə mənzildə yaşamamış, hərbi xidmətdə olmuşdur.
22. Digər tərəfdən, aktların mötəbərliyi faktı qəbul olunsa belə, sayğacın zədələnməsində iddiaçının təqsiri müəyyən edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.
23. “Qaz təchizatı haqqında” Qanununun 13.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
24. Göründüyü kimi, fiziki şəxs olan istehlakçılarının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına cavabdehlik qaz paylayıcısı özü daşıyır. Qaz sayğacının zədələnməsi, sayğaca müdaxilə və s. bu kimi hərəkətlərdə iddiaçını məsul bilmək isə yalnız mötəbər sübutlarla təqsir müəyyən olunacağı təqdirdə mümkündür.
25. “Qazdan istifadə” qaydalarının 6.5-ci bəndində əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
26. Hazırkı halda iddiaçının təqsiri səlahiyyətli orqanın qərarı ilə müəyyən edilmir. Bu fakt cavabdeh tərəfindən də qəbul edilməklə iddiaçının məsuliyyətə cəlb edilməməsi barədə müvafiq qərar təqdim edilmişdir. Belə olan halda isə iddiaçıya qanunvericiliyin tələblərinə əməl edilmədən hesablanmış borc əsassız olmaqla silinməlidir.
27. Cavabdeh borcu iddiaçıdan tələb etmədiklərini və etməyəcəklərini bildirsə də, borcun tələb edilmədən iddiaçının hesabında aktiv statusda qalması özü də iddiaçının hüquqlarını pozur, bu hal hazırkı iddiaya baxılaraq iddianın təmin edilməsinin qarşısını alan hal kimi nəzərdən keçirilə bilməz.
28. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 3 ünvanına (abonent kodu **********06220 olmaqla) hesablanmış 933 manat məbləğdə borc Cavabdeh tərəfindən silinməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. İddiaçı məxsus ünvan 3 ünvanına (abonent kodu **********06220 olmaqla) hesablanmış 933 manat məbləğdə borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM Aytəkin Əsədzadə