Məhkəmə qərarları › İş №2(004)-4955/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4955/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4955/2021 16.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 13.10.2019-cu il, 12.11.2019-cu il və 03.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********77279 olan Samsung Galaxy A40, Tozsoran Philips və İMEİ kodu **********77019 olan İphone XS markalı telefon almış və nəticədə 2533.80 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 576 manata (12 ay x 48 manat) İMEİ kodu **********77279 olan Samsung Galaxy A40 telefon üçün ümumilikdə, 310 manat olmaqla ondan, 238 manat ödənilməmiş hissə, 72 manat dəbbə; 12.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 276 manata (12 ay x 23 manat) Philips Tozsoran üçün ümumilikdə, 179 manat olmaqla ondan, 138 manat ödənilməmiş hissə, 41 manat dəbbə; 03.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2381.80 manata (12 ay x 157.4 manat + 493 manat ilkin ödəniş) İMEİ kodu **********77019 olan İphone XS markalı telefon üçün ümumilikdə, 2044.8 manat olmaqla ondan, 1573.8 manat ödənilməmiş hissə, 471 manat dəbbə borcu yaranmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1284 manat təşkil edir. Göstərilənlərə əsasən 13.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********77279 olan Samsung Galaxy A40 telefon üçün 238 manat ödənilməmiş hissə, 72 manat dəbbə; 12.11.2019-cu il tarixli müqavilə üzrə Philips Tozsoran üçün 138 manat ödənilməmiş hissə, 41 manat dəbbə; 03.03.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********77019 olan İphone XS markalı telefon üçün 1573.80 manat ödənilməmiş hissə, 471 manat dəbbə; ümumilikdə 2533.80 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmiş, bildiriş cavabdehə çatıdırılmışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 13.10.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 576 manat olan İMEİ kodu **********77279 olan Samsung Galaxy A40 telefonu nisyə satmış, alıcı həmin məbləği hər ay 48 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 12.11.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 276 manata Philips Tozsoranı nisyə satmış, alıcı həmin məbləği hər ay 23 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 03.03.2020-ci il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 2381.80 manat olan İMEİ kodu **********77019 olan İphone XS markalı telefonu nisyə satmış, alıcı həmin məbləği hər ay 157.4 manat ödəmək şərti ilə 12 ay müddətinə (ilkin ödəniş 493 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1284 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış 13.10.2019-cu il, 12.11.2019-cu il və 03.03.2020-ci il tarixli müqavilələrinin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh iddiaçı "xxxx" MMC-dən aldığı məişət avadanlıqları müqabilində verməli olduğu pul vəsaitini müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.10.2019-cu il, 12.11.2019-cu il və 03.03.2020-ci il tarixli müqavilələrinin müvafiq bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, MMC tərəfindən hesablanmış 13.10.2019-cu il tarixli müqavilə üzrə 72 manat, 12.11.2019-cu il tarixli müqavilə üzrə 41 manat, 03.03.2020-ci il tarixli müqavilə üzrə 471 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 13.10.2019-cu il tarixli müqavilə üzrə 20 manat, 12.11.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 03.03.2020-ci il tarixli müqavilə üzrə 100 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 13.10.2019-cu il tarixli müqaviləyə əsasən 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, ümumilikdə 258 (iki yüz əlli səkkiz) manat; 12.11.2019-cu il tarixli müqaviləyə əsasən 138 (bir yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümumilikdə 148 (bir yüz qırx səkkiz) manat; 03.03.2020-ci il tarixli müqaviləyə əsasən 1573 (bir min beş yüz yetmiş üç) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, ümumilikdə 1673 (bir min altı yüz yetmiş üç) manat 80 (səksən) qəpik; cəmi 2079 (iki min yetmiş doqquz) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 18%-i, yəni 5 (beş) manat 40 (qırx) qəpiyi iddiaçıya aid edilməli, qalan 82%-i, yəni 24 (iyirmi dörd) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasmm MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 13.10.2019-cu il tarixli müqaviləyə əsasən 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, ümumilikdə 258 (iki yüz əlli səkkiz) manat; 12.11.2019-cu il tarixli müqaviləyə əsasən 138 (bir yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümumilikdə 148 (bir yüz qırx səkkiz) manat; 03.03.2020-ci il tarixli müqaviləyə əsasən 1573 (bir min beş yüz yetmiş üç) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, ümumilikdə 1673 (bir min altı yüz yetmiş üç) manat 80 (səksən) qəpik; cəmi 2079 (iki min yetmiş doqquz) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 18%-i, yəni 5 (beş) manat 40 (qırx) qəpiyi iddiaçıya aid edilsin, qalan 82%-i, yəni 24 (iyirmi dörd) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar