Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4960/2021 31.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 16.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 28.09.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən aldığı - LG LED televizoru və sonorous surefix asılqanın 1.424 manat ümumi dəyərindən ödənilməmiş qalan 788,20 manat əsas borc və 237 manat dəbbə pulu olmaqla, cəmi 1.025,20 manat borc; 16.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı - Lora yataq 4 qapılı dolab mebellərin 1.632 manat ümumi dəyərindən ödənilməmiş qalan 1.374,50 manat əsas borc və 340 manat dəbbə pulu olmaqla, cəmi 1.714,50 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.769,70 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış 16.11.2019--cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC ümumi dəyəri 1632 manat olan 1 ədəd X4 4 Qapılı mebel əşyasını ilkin ödəniş 12 manat olmaqla, ayda 81 manat ödənilməsi şərti ilə 20 ay müddətinə; 28.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 1424 manat olan LG LED televizoru və sonorous surefix asılqanı ilkin ödəniş 2 manat olmaqla, ayda 79 manat ödənilməsi şərti ilə 18 ay müddətinə Cavabdeh nisyə satmışdır. Cavabdeh hazırda 16.11.2019-cu il tarixli müqavilə üzrə 1374 manat əsas borcu və 340 manat dəbbə pulu; 28.09.2019-cu il tarixli müqavilə üzrə 788,20 manat əsas borcu və 237 manat dəbbə pulu olmaqla, cəmi 2.739,70 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, 16.11.2019- -cu il tarixli müqavilə üzrə 1374 manat və 28.09.2019-ci il tarixli müqavilə üzrə 788.2 manat əsas borcu olmasını etiraf edir və həmin məbləğləri hissə-hissə ödəməyə etiraz etmir. Lakin cərimənin məbləği ilə razı deyildir, onun azaldılmasını xahiş edir. Cavabdeh borcun əsas məbləğlərə dair hissəsində iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 16.11.2019--cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC ümumi dəyəri 1632 manat olan 1 ədəd X4 4 Qapılı mebel əşyasını ilkin ödəniş 12 manat olmaqla, ayda 81 manat ödənilməsi şərti ilə 20 ay müddətinə; 28.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 1424 manat olan LG LED televizoru və sonorous surefix asılqanı ilkin ödəniş 2 manat olmaqla, ayda 79 manat ödənilməsi şərti ilə 18 ay müddətinə Cavabdeh nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC-nin təqdim etdiyi 05.07.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh hazırda 16.11.2019-cu il tarixli müqavilə üzrə 1374 manat əsas borcu və 340 manat dəbbə pulu; 28.09.2019-cu il tarixli müqavilə üzrə 788,20 manat əsas borcu və 237 manat dəbbə pulu olmaqla, cəmi 2.739,70 manat borcu vardır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək hesablanmış 16.11.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 340 manat cərimə azaldılaraq 35 manat, 28.09.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 237 manat cərimə azaldılaraq 25 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı - LG LED televizoru və sonorous surefix asılqanın 1.424 manat ümumi dəyərindən ödənilməmiş qalan 788,20 manat əsas borc və 25 manat dəbbə pulu olmaqla, cəmi 813,20 manat borc; 16.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı - Lora yataq 4 qapılı dolab mebellərin 1.632 manat ümumi dəyərindən ödənilməmiş qalan 1.374,50 manat əsas borc və 35 manat dəbbə pulu olmaqla, cəmi 1.409,50 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.252,70 manat pul tutularaq "xxxx" MMCyə ödənilməlidir. İddia tələbi – 511 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı - LG LED televizoru və sonorous surefix asılqanın 1.424 manat ümumi dəyərindən ödənilməmiş qalan 788,20 manat əsas borc və 25 manat dəbbə pulu olmaqla, cəmi 813,20 manat borc; 16.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı - Lora yataq 4 qapılı dolab mebellərin 1.632 manat ümumi dəyərindən ödənilməmiş qalan 1.374,50 manat əsas borc və 35 manat dəbbə pulu olmaqla, cəmi 1.409,50 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.252,70 (iki min iki yüz əlli iki manat yetmiş qəpik) manat pul tutularaq "xxxx" MMCyə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4960/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4960/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver