Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4971/2021 23.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 11 mart 2019-cu il tarixində Cavabdeh BOKT ASC və onun arasında krediti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ona 35000 manat məbləğində kredit vermişdir. Kredit rnüqaviəsinə əsasən cavabdeh ondan müqavilə məbləğinin 11% həcmində komissiya tutmuşdur. Sonradan apardığı araşdırmalara əsasən ona məlum olmuşdur ki, cavabdehin ondan alımş olduğu komisiyya haqqı heç bir kredit təşkilatında bu cür hədsiz yüksək deyildir. Belə ki, bank və bank olmayan kredit təşkilatlarında kredit rəsmiləşməsi oratalama 1-3% komissiya haqqı intervalında müəyyən olunur. Kredit təşkilatı kredit rəsmiləşdirilməsinin ilk günündən ona qarşı qanunsuzluğa yol verməklə onu aldatmışdır. Kredit müqaviləsi ilə öhdəliklərin icrasının təminatı olaraq tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında olan əmlakına 90000 manat likvid qiymət müəyyən olunmuşdur ki, bu da tam qununsuzdur. Belə ki, sözü gedən əmlakın 2019-cu il tarixdə bazar qiyməti 150000 manat, likvid qiyməti isə 140 000 manat olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh BOKT ASC ilə onun arasında bağlanmış 11 mart 2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o faizlərin çox olması səbəbindən dəfələrlə banka müraciət etmiş, lakin onun müraciətlərinə məhəl qoyan olmamışdır. O, maşın biznesi ilə məşğuldur və pandemiya şəraitində onun işində də çətinliklər yaranmışdır. Bank ona qarşı məhkəmədə iddia qaldırmış və iddiaları təmin edilmişdir. Sözü gedən qətnamə qanuni qüvvəsini almamışdır. Bank tərəfindən ilk öncə ona başqa faizlərlə kredit veriləcəyi bildirilsə də, sonradan kreditin faizləri artırılmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış 11 mart 2019-cu il tarixli, 2019/00335-EY №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 35 000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan ünvan 1-i ipoteka predmeti kimi Cavabdeh BOKT ASC-yə təqdim etmiş və bu barədə 11 mart 2019-cu il tarixli, 2019/00335-EYİP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Daha sonra Cavabdeh BOKT ASC-nin cavabdeh İddiaçı qarşı borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsinə dair iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu rayon Məhkəməsinin e-2(008)-31 17/2021 saylı 12.08.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbimiz qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 11 mart 2019-cu il tarixli, 2019/00335-EY №-li Kredit Müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı yaranmış borcun tutulması, tələbin cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1-ə yönəldilməsi, həmin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun bağlanması qət edilmişdir. Bundan başqa, Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında əks olunmuşdur ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Bununla yanaşı qeyd edilməlidir ki, tərəflər arasında “kredit müqaviləsi üzrə borcun ödənilməsi” və s. bu kimi müqavilələrdən irəli gələn öhdəliyin icra edilməsi ilə bağlı tələblər üzrə işlərdə müqavilənin etibarsızlığı iddia predmetinə daxil olduğundan, qarşı tərəfin əlavə olaraq müqavilənin etibarsızlığı barədə iddia ərizəsi ilə ayrıca icraatda məhkəməyə müraciət etməsini öhdəliyin icrasından yayınmağa, vaxt qazanmağa, süründürməçiliyə yönələn prosessual hərəkətlər kimi qiymətləndirmək olar. Kredit müqaviləsinin etibarsızlığı Cavabdeh BOKT ASC-nin İddiaçı qarşı borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsinə dair iddia tələbinin predmetini təşkil etdiyindən kredit müqaviləsinin etibarsızlığı üzrə işə baxıla bilməz. Bundan başqa Kredit və İpoteka müqavilələri bağlanarkən İddiaçı müqaviləni hansı şərtlərlə imzaladığını bilirdi və bunu bilməyə borclu idi. Yəni müqavilənin şərtləri ona müqavilə bağlanan zaman-11 mart 2019-cu il tarixində məlum olmuşdur. İddiaçı müqaviləni 1 il ərzində, 11 mart 2020-ci ilədək mübahisələndirməli olduğu halda bunu etməmiş və nəticədə iddia müddətini ötürmüşdür. İddiaçı tələbi müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olduğundan bu tələbə etibarsız əqdlər üzrə müddətləri tənzimləyən Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilməlidir. Həmin maddəyə görə maraqlı şəxs əqdin etibarsız hesab edilməsinə əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd edilənlərə əsasən iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etdiyi kimi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Buna görə iddia müddətinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin bu ərizəsini iddia müddətinin tətbiq edilməsi barədə ərizə kimi qiymətləndirərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh BOKT ASC arasında bağlanmış 11.03.2019-cu il tarixli istehlak krediti müqaviləsinə görə bank tərəfindən borc alana illik 36 faiz dərəcəsi ilə 36 ay müddətinə 35000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.F.Axundov küçəsi, ev 10 ünvanında yerləşən 35 saylı mənzili bank qarşısında 11.03.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3117/2021 saylı, 12.08.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən qəbul edilərək, iddiaçı Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə cavabdeh İddiaçı arasında bağlanmış 11.03.2019-cu il tarixli, 2019/00335-EY saylı kredit müqaviləsinə əsasən, cavabdehdən 23.537,94 (iyirmi üç min beş yüz otuz yeddi manat doxsan dörd qəpik) manat əsas borc, 8.296,49 (səkkiz min iki yüz doxsan altı manat qırx doqquz qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 31.934,43 (otuz bir min doqquz yüz otuz dörd manat qırx üç qəpik) manat borcun tutularaq, iddiaçının xeyrinə ödənilməsi; tərəflər arasında bağlanmış 11.03.2019-cu il tarixli, 2019/00335-EYİP saylı ipoteka müqaviləsinə əsasən, tələb üzrə tutmanın ipoteka predmeti olan və tam mülkiyyət hüququ üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.F.Axundov küçəsi, 10 saylı evin 35 saylı mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərrac vasitəsilə satılması, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.F.Axundov küçəsi, 10 saylı evin 35 saylı mənzilinin ilkin satış qiymətinin 91.500 (doxsan bir min beş yüz) manat müəyyən edilməsi; satışdan əldə olunmuş vəsait hesabına cəmi 31.934,43 (otuz bir min doqquz yüz otuz dörd manat qırx üç qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 15.20 (on beş manat iyirmi qəpik) manat və əmlakın qiymətləndirilməsi üçün aparılmış tədqiqatının dəyərinin əvəzi olan 175 (yüz yetmiş beş) manat pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi; satışdan əldə olunmuş vəsait hesabına borc ödənildikdən sonra, artıq qalan pul vəsaitinin cavabdehə qaytarılması; tərəflər arasında bağlanmış 11.03.2019-cu il tarixli, 2019/00335-EY saylı kredit müqaviləsinin ləğv edilməsi; iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun cavabdehdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsi kodu 3, Dövlət xəzinədarlığı Agentliyi, AZ34CTRE******************** hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan məhkəmə prosesslərində şəxsən xəbərar olmaqla iştirak etməsi, müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi vermək imkanı olsa da, bu hüququndan istifadə etməməklə, müqavilənin bağlandığı və məhkəmə qətnaməsi çıxarıldığı tarixdən ötən müddət ərzində də, iddiaçı tərəfindən müvafiq tələblə bağlı müstəqil şəkildə iddia qaldırılmamaqla, halhazırda isə belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hətta iddiaçı tərəfindən müvafiq tələblə bağlı qanunvericilikdə müəyyən edilmiş məhkəməyə müraciət etmək üçün iddia müddəti buraxılmamış olsaydı belə, iddia ərizəsində iddia tələbini əsaslandırdığı dəlilləri əsassızdır. Beləliklə məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh "xxxx" BOKT ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" BOKT ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4971/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4971/2021
23.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver