Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4998/2020 01.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Ağazadə İsa Elbrus oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və kredit müqaviləsi üzrə borcun silinməsi tələbinə dair ilkin və Cavabdeh QSC-nin İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə “xxxx” ASC-nin Nəqliyyat filialı arasında tərtib olunmuş xx xxxxxxxx 2010-cu il tarixli 10684 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və həmin kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin iddiaçının hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci il tarixdən “xxxx” MMC-də mühafizəçi işləmişdir. Həmin MMC “xxxx” ASC-nin balansında olan binaların mühafizəsini həyata keçirirdi. İddiaçı həmin vaxtlar, o cümlədən 2010-cu ili əhatə edən dövrdə bankın müxtəlif filiallarında mühafizəçi kimi işləmişdir. Həmin vaxt rəisi iddiaçını “xxxx” ASC-nin Nəqliyyat filialına göndərərək orada əmək müqaviləsini imzalamağı xahiş etmişdir. Bununla əlaqədar iddiaçı oraya gedərək bəzi sənədləri imzalamışdır. İddiaçı həmin vaxt imzaladığı sənədlərin məzmununu bilməmiş və bu rəisinin tapşırığı olduğu üçün sənədlərin məzmunu ilə maraqlanmamışdır. Həmin vaxt iddiaçıya heç bir pul vəsaiti verilməmişdir. Sonradan məlum olmuşdur ki, iddiaçının, habelə digər mühafizəçilərin imzaladıqları müqavilələr əslində kredit müqavilələri olmuşdur. Belə ki, xx xxxxxxxx 2010cu il tarixli 10684 saylı kredit müqaviləsinə əsasən iddiaçıya guya 900000 manat məbləğində kredit verilmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi, iddiaçıya heç bir pul vəsaiti verilməmişdir. Həmin müqavilədə qeyd olunan pul vəsaiti, habelə digər müqavilələr üzrə də rəsmiləşdirilən pullar bankın rəhbərliyi tərəfindən mənimsənilmişdir. Bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü vardır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/16 saylı, xx xxxxxxx 2016-cı il tarixli hökmü ilə “xxxx” MMC-nin rəhbəri İbrahim Hüseynov bankın digər rəhbər işçiləri ilə, o cümlədən “xxxx” ASC-nin İdarə Heyətinin sədri işləmiş Cahangir Hacıyevlə əlbir olub külli miqdarda bankın vəsaitlərini mənimsəməyə görə uzun müddətli həbs cəzalarına məhkum olmuşlar. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-845/2017 saylı xx xxxx 2017-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmış və həmin tarixdən hökm qanuni qüvvəsini almışdır. Həmin hökmə əsasən iddiaçının adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə külli miqdarda pul vəsaiti iş üzrə təqsirləndirilən şəxslər tərəfindən mənimsənilmişdir. Həmin hökmlə, həmçinin zərərçəkmiş bankın mülki iddiası təmin edilmiş və iş üzrə dəymiş maddi ziyanın məhkumlar İbrahim Hüseynov, Cahangir Hacıyev və qeyrilərindən tutularaq zərərçəkmiş şəxsə ödənilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə hökmdən və qərardan görünür ki, iş üzrə dəymiş maddi ziyanın böyük hissəsi, o cümlədən iddiaçının adına rəsmiləşdirilmiş kredit məbləğinin də ödənilməsinə dair hərəkətlər olmuşdur. Həmçinin iş üzrə dindirilmiş təqsirləndirilən şəxslər İbrahim Hüseynov, Cahangir Hacıyev və qeyriləri bildirmişlər ki, müxtəlif şəxslərin, o cümlədən iddiaçının adına rəsmiləşdirilmiş kreditlər üzrə onlara pul vəsaitləri verilməmiş, bankın sərəncamında qalmış və başqa şəxslərə daha yüksək faizlə verilmişdir. “xxxx” ASC ilə Cavabdeh QSC arasında bağlanmış müqaviləyə əsasən bankın problemli aktivlər üzrə tələb hüququ Cavabdeh QSC-yə güzəşt edilmiş və xx xxxx 2017-ci il tarixli SFK-41 saylı aktla iddiaçıya aid sənədlər Cavabdeh QSC-yə təhvil-təslim edilmişdir. Göründüyü kimi, iddiaçının adına kredit müqaviləsi rəsmiləşdirilsə də, həmin müqavilə üzrə kredit vəsaiti iddiaçıya verilməmişdir. Eyni zamanda Cavabdeh QSC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx xxxxxxxx 2010-cu il tarixli, 10684 saylı kredit müqaviləsi üzrə 326550 manat məbləğində faiz borcunun və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015ci il tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə Cavabdeh QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “xxxx” ASCnin problemli aktivləri üzrə tələb hüququ Cavabdeh QSC-yə keçmişdir. “xxxx” ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında xx xxxxxxxx 2010-cu il tarixli, 10684 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı illik 14 faiz tətbiq edilməklə, 36 ay müddətinə 900000 manat məbləğində kredit verilmişdir və bu barədə xx xxxxxxxx 2010-cu il tarixli kassa məxaric orderi tərtib edilmişdir. İddiaçı üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və İddiaçı faiz borcu üzrə 326550 manat borcu qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə tərəflərin nümayəndələrinin iştirakı ilə işə baxaraq ilk iddianın müqavilənin etibarsız hesab edilməsi tələbi hissəsində və qarşılıqlı iddia üzrə qətnamə çıxararaq, ilk iddianın birinci tələbinin və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarmışdır. Lakin məhkəmə ilk iddiada qoyulmuş ikinci tələb üzrə, yəni müqavilə əsasında yaranmış borcun iddiaçının hesabından silinməsi tələbi üzrə qətnamə çıxarmamışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 229.1.1-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər: işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa. Həmin Məcəllənin 229.2 maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Əlavə qətnamə çıxarılması məsələsinə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin iddiaçının hesabından silinməsi hissəsində rədd edilməsi barədə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddianın ikinci tələbinin təmin edilməsi barədə əlavə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/16 saylı, xx xxxxxxx 2016-cı il tarixli hökmü ilə müəyyən edilmişdir ki, “xxxx” ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında xx xxxxxxxx 2010-cu il tarixli, 10684 saylı kredit müqaviləsi uydurma əqd olmuş, sonuncuya kredit verilməsi görüntüsü yaratmaq üçün bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla kredit müqaviləsinin uydurma əqd olduğu və həmin kredit müqaviləsi ilə iddiaçıya kredit verilmədiyi təsdiq edildiyindən həmin kredit müqaviləsi üzrə iddiaçıdan hər hansı borcun tutulması tələb edilə bilməz. Odur ki, iddiaçının kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin iddiaçının hesabından silinməsi tələbi əsaslıdır və təmin edilməlidir. Qarşılıqlı iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, həmin kredit müqaviləsi üzrə cavabdehin adına 326550 manat məbləğində faiz borcu vardır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı “kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin iddiaçının hesabından silinməsi” tələbi təmin edilsin. İddiaçı onunla “xxxx” ASC-nin Nəqliyyat filialı arasında tərtib olunmuş xx xxxxxxxx 2010-cu il tarixli 10684 saylı kredit müqaviləsi üzrə borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4998/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(004)-4998/2020
01.12.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver