Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5007/2021 23.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvandakı 4 saylı mənzildə yaşayır. Həmin mənzili elektrik enerjisi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti təmin edir. Mənzilin elektrik enerjisi ilə təmin edilməsi üçün mənzilin xaricində 2009-cu ildən onun adına “**********40004” saylı abunə kodu üzrə sayğac quraşdırılmışdır. 27 fevral 2020-ci il tarixdə sayğacda yaranmış nasazlıqla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə telefon zəngi ilə xəbər vermişdir. Həmin gün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşı gəlib sayğaca baxış keçirmiş Xiyabani küçəsi, 94 saylı ünvandakı 4 saylı mənzilə aid “**********40004” saylı abunə kodü üzrə 27 fevral 2020-ci il tarixli “174449” nömrəli AKT tərtib etmiş, yeni sayğac quraşdırılmışdır. Bundan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən enerjidən istifadəyə görə 453.46 manat borcun yaranmasını bildirmişlər. Hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən enerjidən istifadəyə görə borcun yaranmasını sayğacda yaranmış texniki nasazlığa əsaslanması qanunsuzdur. Bu səbəbdən də yaranmış borc silinməli və akt etibarsız hesab edilməlidir. Tərəfindən daim istifadə etdiyi enerjinin sərfıyyatı üzrə ödənişlərini etmişdir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvandakı 4 saylı mənzilə aid “**********40004” saylı abunə kodu üzrə 27.02.2020-ci il tarixdə tərtib edilmiş “174449” nömrəli AKT-ın etibarsız hesab edilməsi və həmin akt üzrə hesablanmış 453.46 manat yaranmış borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sözü gedən ünvanda quraşdırılmış sayğac qısa-qapanma nəticəsində yandığı üçün Cavabdehə bu barədə məlumat vermişlər. Cavabdehin nümayəndələri onların ünvanına gələrək sayğacı ordan çıxartmış və işığı bir başa olaraq ana xətdən evə qoşmuşdurlar. Həmin hadisədən bir neçə gün sonra cavabdeh təşkilatın işçiləri gələrək onların ünvanına işığın bir-başa qoşulmasına dair akt tərtib edərək, onları cərimələmişlər. Halbuki sözü gedən işıq xəttini məhz cavabdehin öz işçiləri sayğac olmadan mənzilə qoşmuşdurlar. Onlar cavabdehə tərtib edilmiş aktın surətinin onlara verilməsi barədə müraciətlər etsələr də, bugünə qədər həmin akt onlara təqdim edilməmişdir. Onların ünvanında olan sayğac köhnə sayğaclardan idi. Hazırki sayğac isə kart ilədir. Karta pul yüklədikdən sonra həmin puldan istifadə edərək elektrik enerjisi əldə edirlər. Qeyd olunanlar aəsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvandakı 4 saylı mənzildə işıq sayğacında baş vermiş yanğın nəticəsində sayğacın qrifləri yanaraq kül olmuşdur. Bu barədə cavabdeh qurumun nümayəndələri tərəfindən 174449 nömrəli, 27.02.2020-ci il tarixli akt tərtib edilmişdir. Daha sonra sözü gedən ünvanda yeni sayğac quraşdırılmış və həmin evə 453.46 manat məbləğində borc hesablanmışdır. İddiaçı əsassız hesablanmış borcun silinməsi ilə bağlı iddia əirəzəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı 4 saylı mənzilə aid “**********40004” saylı abunə kodu üzrə 27.02.2020-ci il tarixdə tərtib edilmiş “174449” nömrəli AKT-ın etibarsız hesab edilməsini və həmin akt üzrə hesablanmış 453.46 manat yaranmış borcun silinməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. “X2 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə ilk növbədə iddia tələbinin ünvan 1 ünvandakı 4 saylı mənzilə dair elektrin enerjisindən istifadəyə görə 453.46 manat borcun silinməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi mübahisəli ünvanda baş vermiş qısa qapanma nəticəsində həmin evdə yerləşən sayğac 27.02.2020-ci il tarixdə məhz cavabdeh təşkilatın əməkdaşları tərəfindən çıxarılmış və yenisi ilə əvəz edilərək, tərəflərindən buna dair akt tərtib edilmişdir. Həmin dövr üçün ünvan 1 ünvandakı 4 saylı mənzilə dair elektrin enerjisindən istifadəyə görə 05.03.2020-ci il tarixdə 453.46 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddia tələbinin tərtib edilmiş 27.02.2020-ci il tarixli, 174449 saylı aktın ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilmməlidir. “X2 Qaydaları”nın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə araşdırması zamanı mübahisələndirilən aktın, hesablanmış cərimənin müəyyən edilməsi barədə deyil, həmin sayğacın qısa qapanma nəticəsində yararsız hala düşməsi ilə bağlı olması və həmin halın da, məhkəmə iclasında öz təstiqini tapması müəyyən edilmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən 4 saylı mənzilə dair cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 453 (dörd yüz əlli üç) manat 46 (qırx altı) qəpik məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən 4 saylı mənzilə dair cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 453 (dörd yüz əlli üç) manat 46 (qırx altı) qəpik məbləğində borc əsassız olduğu üçün silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5007/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5007/2021
23.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver