Məhkəmə qərarları › İş №2(004)-5009/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5009/2024

28.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5009/2024 28.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli akta əsasən, təbii qaz 3672 m3 görə yaranmış 734,40 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin mənzilə qaz xətti çəkilmişdir. Qaz xətti həyətində deyil, küçədə yer səthindən 1.5 metr hündürlükdə quraşdırılmışdır və abonentlər sayğaca müdaxilələr edilir, şüşələri deşilir, daha sonra deyilir ki, “siz özününüz etmisiz”. Həmin dövr, yəni xx.xx.2017-ci il tarixli, ******* saylı akt tərtib edilir və akta Məmmədov Fikrət adlı şəxsin adı qeyd edilir. Məmmədov Fikrət həmin aktı imzalamaqdan imtina edir. Bildirmək istəyir ki özü yaşlı və xəstədir, illərlə müalicələr almışdır. Azəriqaza illərlə məktublar yazmış, ancaq bir cavab ala bilməmişdir. Sonuncu müraciətinə xx.xx.2024-cü il cavab verilib. Bildirilib ki, qaz sayğacının qeydiyyata almadığı təbii qaz 3672 m3, yani 734,40 manat borcu var və buna görə məhkəməyə müraciət etməlidir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı xx.xx.2017-ci il tarixli, ******* nömrəli akta əsasən (**********11990 istehlakçı hesabı üzrə) itirilmiş 3672 m3 qaza görə hesablanmış 734,4 manat borcun silinməsi tələbinə dair iddia qaldırmışdır. İddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına xx.xx.2017-ci il tarixdə baxış keçirilən zaman sayğacın hesablama mexanizminin deşilib, həmin hissədən iynə salaraq hesablama mexanizminin işinin dayandırıldığı və nəticədə qaz sərfinin qeydə alınmasının qarşısının alınması aşkar edilmiş və həmin halları təsdiq edən sayğacın fotoşəkili çəkilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2017-ci il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda Gasreport hesablama sistemi üzrə saldodan mübahisəsiz qaydada sayğaca müdaxilə edilməzdən əvvəl və sonrakı ödənişlər arasındakı kəskin fərq görünür. Bununla bərabər iddiaçı dəymiş zərərə görə hesablanmış borca görə 2017-ci lin noyabr ayından 2024-cü ilin sentyabr ayına kimi 559,4 manat məbləğində ödəniş edərək (X1 borca görə tutulmalar xanası) borcunun çox hissəsini ödəmiş və bu illər ərzində borcu mübahisələndirməmişdir. Hazırda iddiaçının həmin borca görə cəmi 175 manat borcu qalmışdır. Qeyd edilənlər istehlakçının qaz sərfiyyatının az qeyd edilməsinə nail olmaq üçün, məhz özünün sayğaca müdaxilə etdiyini təsdiq edir. Bundan əlavə iddiaçı 7 il ərzində borcu mübahisələndirməməklə borcun silinməsini tələb etmək müddətini də ötürmüşdür. “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz-özündə istisna edilir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, İddiaçı Cavabdehnə qarşı vurulmuş zərərə görə hesablanmış 734,4 manat borcun silinməsi tələbinə dair 2(004)-5009/2024 saylı mülki iş üzrə etirazı və onun əsasını təşkil edən sübutları məhkəməyə təqdim etdiklərini, xx.xx.2024-cü il tarixə saat 14:30-a təyin olunan məhkəmə iclasında iştirak edə bilməyəcəklərindən mülki işə iştirakları olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2017-ci il tarixli Akta əsasən, İddiaçı məxsus ünvan 2 ünvanında quraşdırılmış sayğaca baxış keçirilən zaman abonent sayğacının hesablama mexanizminin şüşəsini deşib, həmin hissədən iynə salaraq hesablama müxanizminin işini dayandırdığı aşkar olunmuşdur. Nəticədə sayğacdan keçən qaz sərfi qeydə alınmamışdır. İş materiallarında olan Cavabdeh İB-in itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2017-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, sayğaca vizual müdaxilə (sayğacın çıxış platsmas borusu deşilib) aşkar olunmuşdur, qaz işlədicilərində PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün; QSQ-nin maksimal saatlıq qaz sərfi 2.4 m3/saat, orta günlük iş rejimi 8 saat, hesabat müddəti 90 gün; ceyran sobanın maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 3672 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. (1.2x6x90=648 m3, 2.4x8x90=1728 m3, 0.8x18x90=1296 m3, cəmi 3672 m3.) İş materiallarında olan İddiaçı adına verilmiş abonentin saldosuna əsasən, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 8A, mənzil 199 ünvanı üzrə 2017-ci ilə 734,40 manat məbləğində borc yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, abonent ünvanı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 8A, mənzil 199, abonent kodu **********11990 olan İddiaçı adına olan “GASREP”dən görünür ki, 2017-ci il tarixdə 734,40 manat məbləğində borc yaranmışdır. İş materiallarında olan 14-2-2-4/2-Ş-2667-5/2024 nömrəli müraciətə baxılması barədə cavab məktubuna əsasən, “Azəriqaz" İstehsalat Birliyinə daxil olmuş (qeydiyyat:14-2-2/1- Ş-13023-5/2024) istehlakçı hesabında (**********11990) yaranmış borcun araşdırılması barədə xx.xx.2024-cü il tarixli 14-2-2/3-11-20886/2024 nömrəli müraciətə aidiyyəti üzrə Bakı Regional Qazın Satışı Departamentində baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, istehlakçı kodu adınıza olan istifadənizdə olmuş öncədən ödənişli G-4 markalı 1102AQ**********9 nömrəli qaz sayğacına texniki baxış keçirən zamanı hesablama mexanizminin şüşəsinin deşilib, həmin hissədən iynə salaraq mexanizminin işini dayandırması və nəticədə keçən qaz həcminin qeydə alınmaması məlum olmuşdur. Bu barədə xx.xx.2017-ci il tarixli Qaz sayğacının quraşdırılması, çıxarılması və istismara qəbulu haqqında akt tərtib olunaraq öncədən ödənişli G-4 markalı 1702AZ**********04 saylı qaz sayğacı ilə əvəzlənmişdir. Qarşılıqlı razılaşmanın mümkün olmayacağı halda tərəflərin məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 19.1-ci maddəsinə əsasən, malların (xidmətlərin, işlərin) istehlakçılarının hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi ticarət, ictimai iaşə, məişət və digər xidmət normalarına və qaydalarına riayət olunmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət formasında həyata keçirilir. 26-ci maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli Qərarının: 1.2-ci maddəsinə əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehdir. 1.3-cü maddəsinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqısatqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. 1.4-cü maddəsinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.2-ci maddəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar 4.9-cu maddəsinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-4-cü maddəsinə əsasən, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Cavabdeh İB ilə iddiaçı arasında qazın alqı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akta əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 8A, mənzil 199 ünvanında quraşdırılmış abonent sayğacının hesablama mexanizminin şüşəsi deşilib, həmin hissədən iynə salınaraq hesablama mexanizminin işini dayandırdığı aşkar olunmuş, nəticədə sayğacdan keçən qaz sərfi qeydə alınmamış və qanunsuz qazdan istifadəyə görə 734,40 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda (kirayəçi) X2 aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının sahibliyində olan mənzilə aid sayğacdakı qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və belə olan halda iddiaçı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. İddiaçıya aid olan sayğacda sonradan aşkar edilmiş qüsura görə hər hansı akt tərtib etmək və həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesabat yazmaq qanunsuz olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 8A, mənzil 199 ünvanına dair abonent kodu **********11990 olan İddiaçı adına hesablanmış 734.40 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün 30 manat məbləğində ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 8A, mənzil 199 ünvanına dair abonent kodu **********11990 olan İddiaçı adına hesablanmış 734.40 (yeddi yüz otuz dörd manat qırx qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar