Məhkəmə qərarları › İş №2(004)-503/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-503/2025

13.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-503/2025 13.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər İri Şəhərlərin X4 publik hüquqi şəxsi və İri Şəhərlərin X4 publik hüquqi şəxsin Sabunçu rayon Sukanal İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər İri Şəhərlərin X4 publik hüquqi şəxsi və İri Şəhərlərin X4 publik hüquqi şəxsin Sabunçu rayon Sukanal İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci ildən etibarən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində özünə məxsus fərdi yaşayış evində yaşayır. Həmin ünvanda dövlət tərəfindən çəkilmiş su və kanalizasiya xətləri mövcud deyildir. İddiaçı həmin ünvanda yaşadığı 2012-ci ildən özünə evə su sayğacı quraşdıraraq istifadə etdiyi suyun pulunu ödəmişdir. Sonuncu ödəniş tarixi xx.xx.2023-cü il olmaqla ödəniş məbləği 103 manat təşkil etmişdir. Lakin, sonrada su xəttində problem yaranmış, su kəsilmişdir. İddiaçı qonşularla birlikdə yeni su xətti öz ünvanına çəkmişdir. xx.xx.2024cü il tarixdə Sabançu rayon Sukanal İdarəsi tərəfindən ərizəçinin sayğacı yenisi ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sudan istifadə etməmiş, suyu maşınla və ya qonşudan alaraq istifadə etmişdir. Lakin, cavabdeh orqan tərəfindən iddiaçıya 350 manat borc yazılmışdır. Həmin borc məbləği qanunsuzdur və silinməlidir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh İri Şəhərlərin X4 publik hüquqi şəxsin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəf yazılı etirazını məhkəməyə təqdim etmişdir. İş materiallarına sudan qanunsuz istifadə faktına dair tərtib edilmiş 115016 nömrəli akt əlavə edilmişdir. Akta əsasən müəyyən edilir ki, sözügedən ünvanda kənar xətt aşkarlanmışdır. Həmin kənar xəttlərlə bağlı video görüntülər CD formasında iş materiallarına əlavə edilmişdir (video görüntülərin iddiaçıya məxsus sözügedən evin həyətində qeydə alınması mülki işin mübahisəsiz halıdır). İş materiallarına abonentin saldo məlumatları əlavə edilmişdir. Həmin məlumatlara əsasən müəyyən edilir ki, abonentin evində 2021-ci ilin 10 ayı, 2022-2023-cü illər üzrə sayğac işləməmiş, bu səbəbdən, həmin dövrlər üzrə sayğac qeydləri mövcud deyildir. 350 kub suyun 164.5 kub hissəsi qanunsuz xət aşkarlanması ilə bağlı, 185.5 kub hissəsi isə qeyd olunan dövrlər üzrə sayğacın işləməməsi səbəbindən əvvəlki illərə görə orta aylıq istifadə məbləğinin hesablanması ilə qeydə alınmışdır (164.5 + 185.5 = 350). Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı münasibətlər müqavilə üzrə öhdəlik münasibətləridir və mübahisənin hüquqi əsasını tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 29283720 nömrəli müqavilə üzrə münasibətlər təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 3.1.1-ci yarımbəndinə əsasən su təchizatı və kanalizasiya müəssisə (STKM), su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüxsəsi istehlakçıya təqdim olunan akt tərtib edilməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş zərərin ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququna malikdir. Həmin qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirlmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 il müddətinədək hesablanır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən STKM ilə bağlanmış müqavilənin şərtlərini yerinə yetirmək və bu Qaydaların tələblərinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Mülki Məcəllənin 54.1-ci maddəsinə əsasən, hüquqi şəxsin idarəetmə, sosialmədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə ilk şərt ödənilir- İddiaçı varlanmışdır. 2-ci şərt də ödənilir- İri Şəhərlərin X4 publik hüquqi şəxsi əldə etməli olduğu vəsaitdən məhrum olmuşdur. 3-cü dispozitiv şərt də ödənilir- istehlakçının əldə etməsi (varlanması, faydalanması) qanunsuz istifadəyə, yəni, qanunsuz, sayğacdankənar xəttə əsaslanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, sudan qanunsuz istifadə faktına dair tərtib edilmiş akta əsasən sözügedən ünvanda kənar xətt aşkarlanmışdır. Həmin kənar xəttlərlə bağlı video görüntülər CD formasında iş materiallarına əlavə edilmişdir (iddiaçının özünün izahatına əsasən video görüntülərin iddiaçıya məxsus sözügedən evin həyətində qeydə alınmışdır). Abonentin saldo məlumatlarına əsasən, abonentin evində 2021-ci ilin 10 ayı, 2022- 2023-cü illər üzrə sayğac işləməmiş, bu səbəbdən, həmin dövrlər üzrə sayğac qeydləri mövcud deyildir. Lakin, həmin dövrdə iddiaçı tərəfindən faktiki olaraq sudan istifadə edilmişdir. 350 kub suyun 164.5 kub hissəsi qanunsuz xətt aşkarlanması ilə bağlı, 185.5 kub hissəsi isə qeyd olunan dövrlər üzrə sayğacın işləməməsi səbəbindən əvvəlki illərə görə ağlabatan əsaslarla orta aylıq istifadə məbləğinin hesablanması ilə qeydə alınmışdır (164.5 + 185.5 = 350). Hətta görünür ki, ağlabatan istifadə qismində hesablanmış su borcunun məbləği abonentin normal istifadəsi üzrə (saldo məlumatlarına əsasən) çox aşağıdır. İddiaçı müvafiq dövr ərzində qonşusunun su xətti vasitəsilə sudan istifadə etdiyini bildirsə də, bu barədə əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Müqavilə münasibətləri üzrə abonent istifadə etdiyi suyun ödənişini müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində İri Şəhərlərin X4 publik hüquqi şəxsə ödəməlidir. Bu hal həmçinin sağlam vətəndaşlıq mövqeyi olmaqla hüquqi olmaqla vətəndaş cəmiyyətinin əsas şərtlərindən biridir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddiaçı tərəfindən iddia tələbinin sübut edilməsi istiqamətində zəruri sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, hazırki tələb üzrə borcun yaranması əsaslarını sübut etmək vəzifəsi hakimiyyət səlahiyyətli cavabdeh orqanın üzərindədir. Lakin, bu xüsusat iddiaçını sübutetmə yükündən, aktiv prosessual fəaliyyətdən azad etmir. Nəzərə alaq ki, məhz iddiaçı hesablanmış borcun əsassız hesablandığını iddia edir. İddiaçı tərəfindən iddianın əsaslılığına dəlalət edən ilkin əsaslı hallar müəyyən edilməmiş, sonuncu məhkəmə iclasında iştirak edən zaman isə iddia tələbini əsaslandıra bilməmişdir. İddiaçı tərəfindən cavabdeh tərəfin arqumentləri təkzib edilməmişdir. MM-in 54-cü maddəsinin tələblərinə əsasən İri Şəhərlərin X4 publik hüquqi şəxsin Sabunçu rayon Sukanal İdarəsi idarə statusunda olmaqla hüquq münasibətlərinin müstəqil subyekti (hüquqi şəxs kimi) qismində çıxış edə bilməz. Həmin qurumun üzərinə hər hansı öhdəliyin qoyulması mümkün deyildir. Odur ki, sözügedən qurum əsl olmayan cavabdehdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə qətnaməsi əsaslı olmalı və yalnız mötəbər sübutlara əsaslanmalıdır. Məhkəmənin mülki işdə olan mötəbər sübutlara əsaslanmadan yalnız öz mülahizəsi ilə hər hansı hüquqi nəticəyə gəlməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbində qeyd oluna xüsusatlar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər İri Şəhərlərin X4 publik hüquqi şəxsi və İri Şəhərlərin X4 publik hüquqi şəxsin Sabunçu rayon Sukanal İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar