Məhkəmə qərarları › İş №2(004)-5040/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5040/2021

02.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5040/2021 02.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh1 nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 12 saylı Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağışlanma müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Bakı şəhəri 12 saylı Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağışlanma müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 23.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindəki 97 nömrəli evin 67 nömrəli mənzilinin X12 tərəfindən Cavabdeh1 bağışlanmasına dair Bakı şəhəri 12 saylı Notariat Ofisində bağlanmış 21.09.2012-ci il tarixli 4Ə-03-757 reyestr nömrəli bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, onun atası X13 06.12.2006-cı ildə, X4 26.02.2020-ci ildə vəfat etmişlər. O, və bacısı Cavabdeh1 valideynlərinin vərəsələridir. O, 2008-ci ilədək ailəsi və X4 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindəki 97 nömrəli evin 67 nömrəli mənzilində yaşamışdır. 2008-ci ildə həmin mənzildən çıxaraq, ailəsi ilə birlikdə özünə məxsus olan ünvan 1 nömrəli evin 225 nömrəli mənzilinə köçmüş, həyat yoldaşı və 2 övladı həmin mənzilə qeydiyyata düşmüşlər. O, özü isə Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindəki 97 nömrəli evin 67 nömrəli mənzilində qeydiyyatda qalmışdır. 2012-ci ildə anası Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindəki 97 nömrəli evin 67 nömrəli mənzilini sataraq, əldə olunacaq pulu 2 mənzil almaq, onlardan birini ona digərini isə bacısı Cavabdeh1 vermək istədiyini bildirmişdir. O, anasının təklifi ilə razılaşmış və anası ilə birlikdə notariusa gedərək, ərizə verməklə Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindəki 97 nömrəli evin 67 nömrəli mənzilindən qeydiyyatdan çıxaraq, öz yaşadığı ünvan 1 nömrəli evin 225 nömrəli mənzilinə qeydiyyata alınmışdır. Daha sonra dənizə işə getmişdir, növbədən qayıdanda bacısı Cavabdeh1 ailəsi ilə birlikdə anasının evində görmüşdür. Bir müddət bacısı anası ilə yaşayandan sonra, anası onu mənzildən çıxartmışdır. Anası öz evində tək yaşamış, o, isə öz ailəsi ilə öz evində həyatını yaşamağa davam etmişdir. Anası xəstə olduğu müddətdə Cavabdeh1 ona baxmamışdır. Anası ölümündən təxminən bir il ərzində xəstə olmuşdur. Anasının xəstəliyi ilə bağlı xərclərini o, özü ödəmişdir. Dənizdə işlədiyi müddət ərzində anasına baxıcı tutmuş, anasının yaşadığı mənzilin kommunal xərclərini ödəmişdir. Anası 26.02.2020-ci ildə vəfat etdikdən sonra dəfn xərclərini də özü çəkdiyini bildirdi. Anasının vəfatından 3 gün sonra 02.03.2020-ci il tarixdə Yasamal rayon Polis İdarəsindən ona zəng gəlmiş və bacısı Cavabdeh1 ondan şikayət ərizəsi yazdığı bildirilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, bacısı Cavabdeh1 anaları X6 xəstəliyindən istifadə edərək, Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindəki 97 nömrəli evin 67 nömrəli mənzilinin X12 tərəfindən Cavabdeh1 bağışlanmasına dair Bakı şəhəri 12 saylı Notariat Ofisində bağlanmış 21.09.2012-ci il tarixli bağışlama müqaviləsi bağlamışdır. Hesab edir ki, bağışlama müqaviləsindəki imza anasına məxsus deyildir. Çünki, 21.09.2012-ci il tarixli bağışlama müqaviləsindəki imza ilə, anasının ona verdiyi 15.01.2020-ci il tarixli etibarnamədəki imza ilə fərqlənir. O, dəfələrlə anasından evi satmamasının səbəbini soruşmuş, anası isə ona səbrli olmasını, mənzili sataraq ona və bacısına ev alacağını bildirmişdir. X4 vəfat etməmişdən 1 il əvvəl artıq özünü idarə etməkdən əziyyət çəkirdi, əməllərinin mahiyyətini başa düşmürdü. Bu əsasla 21.09.2012-ci il tarixli bağışlanma müqaviləsi etibarsız hesab edilməli və onun əsasında cavabdehin adına verilmiş çıxarış etibarsız hesab edilməlidir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili X14 məhkəmə iclasında iddianı qəbul etmədi və bununla bağlı yazılı etiraz təqdim edərək bildirdi ki, iddiaçı anasının vəfat etməmişdən 1 il öncə xəstəliyi ilə bağlı anlaqsız vəziyyətdə olduğunu qeyd etmişdir. Müqavilə isə anası vəfat etməmişdən 1 il öncə deyil, 21.09.2012-ci ildə, yəni 8 il öncə notariat qaydasında imzalanmış və təsdiq edilmişdir. Həmçinin iddiaçı mənzili bağışlayan valideyninin müqavilə bağlanan zaman anlaqsız vəziyyətdə olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. İddiaçı özü 19.04.2011-ci il tarixdə Bakı şəhəri 19 saylı Notariat kontorunda həmin valideyninə müəyyən hüquqlarını həyata keçirmək səlahiyyətini nəzərdə tutan etibarnamə vermişdir. Bağışlanma müqaviləsi imzalanan zaman həmin etibarnamə də qüvvədə olmuşdur. Həmçinin bağışlanma müqaviləsinin bağlandığı zaman anasının aldadıldığı fikri iddiaçı tərəfindən irəli sürülmüşdür. Lakin müqavilənin 2012-ci ildə bağlanıldığını və mənzili bağışlayan valideynin 2020-ci ildə vəfat etdiyini nəzərə alaraq, hər hansısa aldadılma faktı olmuş olsaydı, 8 il ərzində bununla bağlı mubahisələndirmə mövcud olardı və ya valideyn öz tələb və iddiasını irəli sürmüş olardı. İddiaçı 21.09.2012-ci il tarixli bağışlama müqaviləsinin bağlanmasının 02.03.2020-ci ildə ona məlum olmasını qeyd edir və iddia ərizəsi ilə bir illik müddət küçdikdən sonra 23.07.2021-ci ildə məhkəməyə müraciət etmişdir. Bununla da aldatma əsası ilə əqdin mübahisələndiliməsi hüququnu itirmişdir. Həmçinin iddiaçının mövqeyinə görə valideynlərdən qalan əmlak yalnız cavabdehə çatmışdır. Lakin tərəflərin anasının ərizəsi əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.10.2007-ci il tarixli 491 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 21.04.2005-ci il tarixli sərəncamı əsasında verilmiş Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 3166-cı məhəllədə yerləşən 106 saylı mənzilin əvəzinə, ünvan 1 ünvanda yerləşən yaşayış binasının 3-cü girişinin 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120,0 kv.m olan 3 otaqlı 210 nömrəli mənzili İddiaçı adına (özü, arvadı X7, oğlu X17, X18) rəsmiləşdirilmişdir. Daha sonra Bakı şəhər İcra Hakimiyyəti başçısının 03.12.2007-ci il tarixli 594 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.10.2007-ci il tarixli 491 saylı sərəncamına dəyişiklik edilmiş, ünvan 1 ünvanda yerləşən yaşayış binasının 3-cü girişinin 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 120,4 kv.m, yaşayış sahəsi 63,8 kv.m olan 3 otaqlı 225 nömrəli mənzili İddiaçı (özü, arvadı X7, oğlu X17, X18) verilmişdir. Yəni, tərəflərin mərhum anası X1 əmlakını bölmüş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 03.12.2007-ci il tarixli 594 saylı sərəncamına əsasən ünvan 1 ünvanda yerləşən yaşayış binasının 3-cü girişinin 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 120,4 kv.m, yaşayış sahəsi 63,8 kv.m olan 3 otaqlı 225 nömrəli mənzilini İddiaçı vermiş, öz yaşadığı Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindəki 97 nömrəli evin 67 nömrəli mənzilini isə 21.09.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən qızı Cavabdeh1 bağışlamışdır. Bağışlama müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X15 25.08.2021-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 23.12.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindəki 97 nömrəli evin yaşayış sahəsi 59,76 kv.m olan 4 otaqlı 67 nömrəli mənzili X6 adına 23.12.1992-ci il tarixdə 28 nömrəli reyestr kitabının 4548-ci səhifəsində 30/4548 reyestr nömrəsi ilə xüsusi mülkiyyət kimi dövlət qeydiyyata alınmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 4Ə-757 reyestr nömrəli notariat işindən müəyyən edilir ki, Bakı şəhəri 12 nömrəli DNK-da bağlanmış 21.09.2012-ci il tarixli 4Ə-03-757 reyestr nömrəli bağışlama müqaviləsi ilə X12 23.12.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindəki 97 nömrəli evin yaşayış sahəsi 59,76 kv.m olan 4 otaqlı 67 nömrəli mənzilini qızı Cavabdeh1 bağışlamışdır. Bağışlanan mənzilə dair məhdudiyyətlər və yüklülük qeydə alınmamışdır. Bağışlama müqaviləsi bağlanarkən notarius tərəfindən Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmünü tərəflərə izah edilmişdir. Tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən mənzilin X10 məxsus olması yoxlanılmışdır. Müqaviləni notariusun iştirakı ilə X12 və Cavabdeh1 şəxsən imzalamışlar. 19.09.2012-ci il tarixli forma 2 arayışından müəyyən edilir ki, bağışlanan mənzildə bir nəfər X12 özü qeydiyyatda olmuşdur. X6 əri X13 06.12.2006-cı ildə ölmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 22.10.2012-ci il tarixli RX0065602 nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindəki 97 nömrəli evin yaşayış sahəsi 59,76 kv.m olan 4 otaqlı 67 nömrəli mənzili Cavabdeh1 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 22.10.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 21.04.2005-ci il tarixli 102 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü X11 (özü, oğlu, gəlini nəvəsi) Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 3166-cı məhəllədə yerləşən yaşayış binasının 3-cü girişinin 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 156,6 kv.m yaşayış sahəsi 96,0 kv.m olan 3 otaqlı 106 nömrəli mənzili verilmişdir. Həmin sərəncam əsasında X8 adına (özü, oğlu, gəlini nəvəsi) 21.04.2005-ci il tarixli 006812 nömrəli order verilmişdir. X13 06.12.2006-cı ildə ölmüşdür. Bundan sonra onun arvadı X12 notarial qaydada təsdiq edilmiş ərizə ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, X11 verilmiş Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 3166-cı məhəllədə yerləşən yaşayış binasının 3-cü girişinin 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 156,6 kv.m yaşayış sahəsi 96,0 kv.m olan 3 otaqlı 106 nömrəli mənzilin yerləşdiyi binada tikintinin müvəqqəti dayandığını bildirmiş, həmin mənzilin hazır binalardan digər bir mənzillə əvəz edilməsini və yeni mənzilin oğlu İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.10.2007-ci il tarixli 491 nömrəli sərəncamı ilə X6 ərizəsi nəzərə alınmış, Bakı şəhər İcra Hakimiyyəti başçısının 21.04.2005-ci il tarixli sərəncamı əsasında X11 verilmiş Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 3166-cı məhəllədə yerləşən yaşayış binasının 3-cü girişinin 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 156,6 kv.m yaşayış sahəsi 96,0 kv.m olan 3 otaqlı 106 nömrəli mənzilin əvəzində, ünvan 1 ünvanda yerləşən yaşayış binasının 3-cü girişinin 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120,0 kv.m olan 3 otaqlı 210 nömrəli mənzili İddiaçı adına (özü, arvadı X7, oğlu X17, X18) rəsmiləşdirilmişdir. Sərəncam əsasında İddiaçı adına 23.10.2007-ci il tarixli 023961 nömrəli order yazılmışdır. Daha sonra, Bakı şəhər İcra Hakimiyyəti başçısının 03.12.2007-ci il tarixli 594 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.10.2007-ci il tarixli 491 saylı sərəncamına dəyişiklik edilmiş, ünvan 1 ünvanda yerləşən yaşayış binasının 3-cü girişinin 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120,0 kv.m olan 3 otaqlı 210 nömrəli mənzilinin əvəzində, ünvan 1 ünvanda yerləşən yaşayış binasının 3-cü girişinin 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 120,4 kv.m, yaşayış sahəsi 63,8 kv.m olan 3 otaqlı 225 nömrəli mənzili İddiaçı (özü, arvadı X7, oğlu X17, X18) verilmişdir. Sərəncam əsasında İddiaçı adına 03.12.2007-ci il tarixli 024137 nömrəli order yazılmışdır. İddiaçı 2008-ci ildən öz ailə üzvləri ilə (özü, arvadı X7, oğlu X17, X18) birlikdə ünvan 1 ünvanda yerləşən yaşayış binasının 3-cü girişinin 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 120,4 kv.m, yaşayış sahəsi 63,8 kv.m olan 3 otaqlı 225 nömrəli mənzilinə köçüb yaşayır. İddiaçı bildirdiyinə görə ailə üzvləri 2008-ci ildə, özü isə 2012-ci ildə həmin mənzilə qeydiyyata alınmışlar. Yəni, tərəflərin mərhum anası X1 əmlakını bölmüş, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü X11 ayrılmış Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 3166-cı məhəllədə yerləşən yaşayış binasının 3-cü girişinin 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 156,6 kv.m yaşayış sahəsi 96,0 kv.m olan 3 otaqlı 106 nömrəli mənzilin əvəzində, X6 ərizəsi əsasında Bakı şəhər İcra Hakimiyyəti başçısının 03.12.2007-ci il tarixli 594 saylı sərəncamına əsasən ünvan 1 ünvanda yerləşən yaşayış binasının 3-cü girişinin 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 120,4 kv.m, yaşayış sahəsi 63,8 kv.m olan 3 otaqlı 225 nömrəli mənzilini oğlu İddiaçı vermişdir, bu səbəbdən İddiaçı Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindəki 97 nömrəli evin 67 nömrəli mənzilindən qeydiyyatdan çıxartmışdır. Bundan sonra X12 öz yaşadığı Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindəki 97 nömrəli evin 67 nömrəli mənzilini 21.09.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən qızı Cavabdeh1 bağışlamışdır. Bağışlama müqaviləsi bağlanarkən X6 öz əmlakına dair sərəncam vermək hüququ, ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmamışdır. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Hazırda Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindəki 97 nömrəli evin 67 nömrəli mənzilinin bağışlanmasına dair X12 ilə Cavabdeh1 arasında bağlanmış 21.09.2012-ci il tarixli bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlandığı üçün etibarli hesab olunur. Bağışlama müqaviləsi bağlanan zaman qanunvericiliyin tələblərinə əməl edilmiş, Cavabdeh1 bağışlanmış əmlakı qəbul etmiş və öz adına daşınmaz əmlakın dövlət reyestrində 22.10.2012-ci il tarixdə hüququ qeydiyyatdan keçirmişdir. Bağışlama müqaviləsinin və həmin müqavilə əsasında cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslardan heç biri mövcud deyildir. Bağışlama müqaviləsi təsdiq edilərkən və çıxarış verilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmiş, o cümlədən iddiaçı 21.09.2012-ci il tarixli bağışlama müqaviləsini mübahisələndirmək üçün Mülki Məcəllənin 354-cü maddəsi ilə müəyyən edilmiş bir illik müddəti də buraxaraq 7 il 10 ay sonra 23.07.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Hətta iddiaçının bağışlama müqaviləsinin mövcud olmasını bildiyi gün kimi 02.03.2020-ci il tarixi götürülsə belə, yenə də, bağışlama müqaviləsini mübahisələndirmək üçün müəyyən edilmiş bir il müddəti ötürmüşdür. Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindəki 97 nömrəli evin 67 nömrəli mənzili üzərindəki mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Həmçinin, Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Nəhayət, məhkəmə sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan və əqdi mübahisələndirmə müddəti keçdiyinə görə rədd edilməli, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 12 saylı Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindəki 97 nömrəli evin 67 nömrəli mənzilinin X12 tərəfindən Cavabdeh1 bağışlanmasına dair Bakı şəhəri 12 saylı Notariat Ofisində bağlanmış 21.09.2012-ci il tarixli 4Ə-03- 757 reyestr nömrəli bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar