Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5067/2022 30.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına hesablanmış 724,51 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü ildən ailə üzvləri, qızı xx.xx.1992-ci il təvəllüdlü X3 və oğlu xx.xx.1993-cü il təvəllüdlü X4 ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Lakin qızı 2012-ci ildən, oğlu isə 2014-cü ildən həmin ünvandan qeydiyyatdan çıxmışlar. Cavabdeh ASC isə yuxarıda qeyd olunan ünvanda 3 nəfərin qeydiyyatda olmasını əsas gətirərək su sərfıyyatına görə 724,51 manat borc hesablamışdır. Ona görə də hesab edir ki, su sərfıyyatı mənzildə 1 nəfərə görə hesablanmalı idi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ÖM seriyalı, 212079 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 18A, 76 saylı mənzil xx.xx.2004-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş 4 nömrəli MTİİTS-nin xx.xx.2022-ci il tarixli, 1534 saylı arayışından görünür ki, X3 xx.xx.2010-cu il tarixdən Xırdalan şəhəri, “Quşçuluq” massivi, Babək küçəsi ünvanında yerləşən evdə yaşayır. İş materiallarına əlavə olunmuş 138 nömrəli MKİS-nin xx.xx.2022-ci il tarixli, 0188 saylı arayışından görünür ki, X4 xx.xx.2014-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 54, 1/2 saylı mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş 138 nömrəli MKİS-nin xx.xx.2022-ci il tarixli, 224 saylı arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 18A, 76 saylı mənzildə qeydiyyatdadır. X3 2012-ci ildən, X4 isə 2014-cü ildən həmin mənzildən qeydiyyatdan çıxmışdırlar. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçıların mənzillərinə suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. eydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 iş günü müddətində su təchizatı və kanalizasiya müəssisəsinə (STKM) əqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Təqdim etdiyi müvafiq sənədlərə əsasən xx.xx.2022-ci iİ tarixindən etibarən hesabat ailə tərkibi 1 nəfər olmaqla aparılır. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabında 724,51 manat borc var. Qeyd edilən borc ailə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Yaranmış borcun ödənilməsi xahiş olunur. Əks təqdirdə su təchizatı dayandırılacaq və məhkəməyə müraciət ediləcəkdir. İddia ərizəsinə materiallarına əlavə edilmiş **********760 nömrəli Abonent kartından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 18A, 76 saylı mənzildə su sərfiyyatına görə hesabat xx.xx.2022-ci iİ tarixinədək 3 nəfər hesabı ilə aparılmış və 724,51 manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 98-ci maddəsinə əsasən sudan istifadə haqqı müəyyən edilərkən istifadə edilən suyun qiyməti əsas götürülür. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir.STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 18A, 76 saylı mənzilə su və tullantı tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə qeydiyyatda 1 nəfər olmasına bağmayaraq, 3 nəfər hesabı ilə 724,51 manat borc hesablanmış, iddiaçının müraciətinə baxmayaraq həmin borc abonent kartından silinməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin nümayəndəsi iddiaçıya sudan istifadəyə görə 724,51 manat borcunun hesablanmasını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, əsassız hesablanmış 724,51 manat borcun silinməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanına hesablanmış 724,51 (yeddi yüz iyirmi dörd manat 51 qəpik) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Cavabdeh ASC-dən dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulsun. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-5067/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5067/2022
30.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver