Məhkəmə qərarları › İş №2(004)-5079/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5079/2024

10.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5079/2024 10.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Vidadi qızının sədrliyi, X5 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə1, Qarşılıqlı iddia üzrə iddiaçının, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh oğluna qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən Cavabdeh Əlibala oğluna 13.300 (on üç min üç yüz) manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə M-95 ünvanda ona məxsus, sahəsi 162 kv.metr olan özbaşına yarımçıq tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "Kristal Bakı” Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 nömrəli sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Belə ki, əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi vətəndaşlar, eləcə də hazırki iddia üzrə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalara uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq, Sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər hazırki iddia üzrə cavabdehlə dəfələrlə danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi üçün real təkliflər edilmişdir. Göstərilən sərəncamın icrası ilə bağlı, "xxxx" ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və tikililərin real qiyməti və sahəsi barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzində uzun illər işləmiş və dərin bilik və təcrübəyə sahib olan, X1 ekspertlərinə müraciət edilmiş və bu barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. “X2” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 145 nömrəli rəyə əsasən Cavabdeh tərəfindən M-95 ünvanında inşa olunmuş, sahəsi 162 kv.m. olan yarımçıq tikili qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, qəzalı və yararsız vəziyyətdədir, tikilinin ümumi dəyəri - 13.300 manatdır. Ekspertiza rəyinin məzmunundan, inşa olunmuş qanunsuz tikilinin fotoşəkillərdən görünür ki, həmin tikili tam yararsız və tikinti qaydalarına uyğun inşa edilməmişdir, ümumilikdə istifadə üçün təhlükəli və bərbad vəziyyətdədir. Göründüyü kimi bu vəzifələrin həyata keçirilməsi müvafiq sərəncama əsasən "xxxx" ASC-yə həvalə edilmişdir. Yuxarıda qeyd olunan rəylərdən göründüyü kimi, cavabdeh tərəfindən inşa edilmiş tikilinin istismara yararsız olması və eləcə də qanunsuz (özbaşına) tikili olması qeyd edilmişdir. Bununla belə "xxxx" ASC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və cavabdehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikilinin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş Sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdehin qanunsuz tikilisi maraqlı şəxs olaraq "xxxx" ASC-nin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə "xxxx" ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. ASC olaraq sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər olunmuş, lakin buna baxmayaraq o, həmin təklifdən imtina etmiş və nəticədə ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidəki qəzalı və istifadəyə yararsız olan qanunsuz tikilinin dəyəri cavabdehə ödənilməklə, həmin qanunsuz (özbaşına) tikili boşaldılaraq sökülməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin ona (Cavabdeh) qarşı iddiasının rədd edilməsi; ona məxsus ünvan 1 ünvandakı istifadəsində olan 1209 kv.ın torpaq sahəsində yerləşən ümumi sahəsi 182,70 kv.m olan fərdi yaşayış evinin dağıdılaraq məhv edilməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi kimi 306.000 (üç yüz altı min) manat məbləğində pulun, eləcə də ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 50.000 (əlli min) manat məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 646 (altı yüz qırx altı) manatın, ümumilikdə 356646 (üç yüz qırx altı min altı yüz qırx altı) manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı "xxxx" ASC sözügedən iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən Cavabdeh (mənə) 13.300 (on üç min üç yüz) manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M- 95 ünvanda ona məxsus sahəsi 162 kv.m olan özbaşına yarımçıq tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı tərəf iddia ərizəsində Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 saylı Sərəncamına istinad edərək, həmin Sərəncamın icrası ilə bağlı "xxxx" ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə mülkiyyətçilərinin əksəriyyəti ilə danışıqların aparıldığı və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilərək, həmin tikililərin sökülməsinin təmin edildiyi, lakin onun (cavabdehin) hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina etdiyini və ədalətsiz kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətində olduğunu qeyd etmiş və yuxarıda da qeyd etdiyi kimi ona 13.300 manat məbləğində pul ödənilərək, yarımçıq tikilinin boşaldılaraq sökülməsini xahiş etmişdir. Qeyd etmişdir ki, iddiaçı tərəf irəli sürdüyü tələbini əsaslandırmamış və mübahisənin həqiqi hallarını təhrif etməklə əsassız tələblər irəli sürmüşdür. Belə ki, ünvan 1 Unvandakı istifadəsində olan 1209 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 182,70 kv.m olan fərdi yaşayış evi ona məxsusdur. Uzun illərdir ki, həmin ünvandakı fərdi yaşayış evi onun sahinblik və istifadəsində olmuş və o, ailəsi ilə birlikdə (xüsusilə yaz və yay aylarında) həmin fərdi yaşayış evində yaşamışdır. Həmin fərdi yaşayış evinin həyətində çoxsaylı meyvə ağacları vardır. Həmçinin demək olar ki, hər il həmin torpaq sahəsində ailəsi ilə birlikdə bostan və tərəvəz bitkiləri əkib becərmişlər. Bunu təsdiq edən çoxsaylı fotoşəkillər və videoçəkilişlər məhkəməyə təqdim ediləcəkdir. Lakin bir müddət əvvəl ilk iddia üzrə iddiaçı Şirkət tərəfindən onunla ona məxsus fərdi yaşayış evinə dair danışıqlar aparılan dövrdə, mənimlə hər hansı bir razılaşma olmadan, eləcə də mənə hər hansı bir məbləğdə kompensasiya ödənilmədən ona məxsus fərdi yaşayış evindəki tikililər qanunsuz olaraq, özbaşına şəkildə sökülmüşdür. Bu barədə cavabdeh Şirkətə bildirdikdə, Şirkətin müvafiq vəzifəli işçiləri tərəfindən narahat olmamağını və ona lazımi məbləğdə kompensasiyanın veriləcəyi bildirilmiş, hazırda isə tamamilə əsassız olaraq hazırkı tələblə məhkəməyə müraciət edilərək, ona məxsus əmlaka görə “gülünc” məbləğdə kompensasiya təklif edilmişdir. Yuxarıda da qeyd etdiyi kimi ona məxsus ünvan 1 ünvandakı istifadəsində olan 1209 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 182,70 kv.m olan fərdi yaşayış evi "xxxx" ASC tərəfindən ona hər hansı bir məbləğdə kompensasiya ödənilmədən, eləcə də onunla razılıq əldə edilmədən dağıdılaraq məhv edilmişdir. Hesab edir ki, sahiblik və istifadəsində (mülkiyyətində) olan əmlakın qanunsuz olaraq dağıdılaraq, məhv edilməsi tamamilə qanunsuz olmaqla yanaşı onların mülkiyyət hüquqlarına birbaşa qəsddir. Qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin qanunsuz olaraq ona məxsus əmlakı dağıdaraq məhv etməsi nəticəsində ona həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi, cavabdeh Şirkətin ona məxsus fərdi yaşayış evini dağıdaraq məhv etməsindən əvvəl, yəni 23 may 2024-cü il tarixdə tərtib edilmiş Mütəxəssis rəyindən də görünür ki, ona məxsus ünvan 2 ünvandakı istifadəsində olan 1209 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 182,70 kv.m olan fərdi yaşayış evinin 23 may 2024-cü il tarixinə bazar dəyəri 238.000 (iki yüz otuz səkkiz min) manat təşkil edir. Lakin qeyd etmişdir ki, qeyd olunan mütəxəssis rəyi bir müddət əvvəl verildiyindən, eləcə də həmin mütəxəssis rəyində bir sıra məqamlar nəzərə alınmadığından, ona məxsus fərdi yaşayış evinin hazırda bazar dəyərinin 306.000 (üç yüz altı min) manat məbləğində dəyərləndirir. Ona görə də ona vurulmuş maddi zərərin əvəzi kimi cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 306.000 (üç yüz altı min) manat pul tutulmalıdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 ilkin iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq, vəsatətlə müraciət edərək, "xxxx" ASC-nin müvafiq vəzifəli şəxslərinin əməllərində Аzərbaycan Respublikası СМ-пiп 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 322.1 (özbaşınalıq və s. nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olduğuna görə bu əməllərinə lazımi hiiquqi qiуmət verilərək cinayət işinin başlanmasından ötrü prokurora xəbər verilməsinə dair xüsusi qərаrdаd çıxarılması xahiş olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli “yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi” haqqında sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Kristal Bakı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "Kristal Bakı” Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadə verilməsi qərara alınmışdır. İş materiallarında olan "X3” MMC-nin 17 sentyabr 2024-cü il tarixli, 145 saylı qiymətləndirmə rəyindən görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun "Yaşayış Kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” 340 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə, "Kristal Bakı” ASC-yə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsində) yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən M-95 ünvanında inşa olunmuş tikilinin real bazar qiyməti ilə təqribi dəyəri 13300 manat məbləğində müəyyən edilir. İş materiallarında olan "xxxx" MMC-nin 23 may 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisəli fərdi yaşayış evinin bazar dəyəri 238000 manat təşkil edir. İş materiallarında olan “X4 Mərkəzi” MMC-nin 25 noyabr 2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən mübahisəli fərdi yaşayış evinin bazar dəyəri 47200 manat təşkil edir. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 saylı sərəncamı əsasında Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Kristal Bakı” ASC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "Kristal Bakı” ASC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. İlkin iddia tələbinə əsasən cavabdehin istifadəsində olan özbaşına tikili Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Cavabdehin istifadəsində olan özbaşına tikili evin yaxınlığındakı özbaşına tikililərin sökülməsi barəsində digər şəxslərin iddiaçı ilə razılığa gəlmələrinə baxmayaraq, cavabdeh müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun tikilməmiş, şəhərin görkəminə xələl gətirən özbaşına tikililərin sökülməsi qarşılığında tamamilə əsassız və qeyri-real mənzillər tələb etməsi və razılıq əldə edilmədiyi təqdirdə isə binanın tikintisinə maneə yaratmaqla hüquqdan sui-istifadə etməklə, müvafiq sərəncamın icrasının həyata keçirilməsinə mane olur. Müəyyən edilmişdir ki, sökülməsi tələb edilən Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M- 95 ünvanında Cavabdeh istifadəsində olan 162 kv.m tikili vardır. Ümumilikdə, tədqiq olunan tikili köhnə olub və müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun tikilməmişdir. Mövcud texniki göstəricilərə görə, tədqiq olunan yaşayış evi üçün nəzərdə tutulmuş müvafiq tələblərə cavab vermir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli sərəncamı təşkil edir və Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerləşən mövcud özbaşına tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də həmin sərəncamın 1.1-ci bəndinə uyğun həyata keçirilir. Qeyd edilən sərəncamın icrasının həyata keçirilməsinə cavabdeh tərəfindən əsassız maneələr yaradıldığından, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququəldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının vəya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə hesab edir ki, tikinti norma və qaydalarının tələblərinə cavab verməyən cavabdehə məxsus olan özbaşına tikili insanların həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehlərin iddiaçının təklifini qəbul edərək, özbaşına tikilini boşaltmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan özbaşına tikilini boşaltması, ilk növbədə onlar üçün həyati vacib məsələdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Lakin mübahisənin sülh yolu ilə həll edilməsi mümkün olmamışdır. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən iddiaçı tərəfindən cavabdeh tərəfin özbaşına tikili üzərində hüququ tanınaraq iddiaçı tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir. İddiaçının belə bir niyyəti də yoxdur, əksinə cavabdehə istifadəsində olan özbaşına tikilinin sökülməsinin əvəzinə ədalətli təkliflər edilir. Bu isə cavabdehin istifadəsində olan özbaşına tikilidən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanırazılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondunya şayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehin yaşayış üçün yararlı olmayan özbaşına tikilidən kompensasiya verilməklə çıxarılması, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli evin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün "Kristal Bakı” ASC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə "Kristal Bakı” ASC arasında bağlanmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "Kristal Bakı” ASC öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehin bütün hüquqları qorunduğundan ilkin iddia tələbi təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə qeyd edir ki, “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən tikilmiş tikili üzrə müvafiq kompensasiyanın verilməsi barədə iddia təmin olunduğundan (əmlakın dəyərinin ödənilməsi ilə bağlı), vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə iddia təmin edilməməlidir. Bundan əlavə mənəvi zərər hissəsində də iddia əsassız olduğundan məhkəmə həmin hissədə də qarşılıqlı iddianın rədd edilməsi qənaətinə gəlir. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «Nümayəndə1anın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin ilkin idda üzrə iddaçının vəzifəli şəxsləri barədə xüsusi qərardad çıxarılması barədə vəsatəti əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iddiaçı "xxxx" ASC-nin vəzifəli şəxsləri tərəfindən cinayəti törədilməsi ilə bağlı hal-hazırki halda əsaslı sübutlar iş materiallarına əsasən müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 265.4-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia təmin edilməli, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 47200 (qırx yeddi min iki yüz) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-95 ünvanda cavabdehə məxsus özbaşına tikili boşaldılaraq sökülməli, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş ekspertiza xərcinin əvəzi 200 (iki yüz) manat Cavabdeh tutularaq “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin hesabına (İcraçının VÖEN: ********** İcraçının hesablaşma hesabı: AZ75PAHA40060AZNHC********** "xxxx" ASC, Kod 505141, VÖEN **********, Müxbir hesab AZ82NABZ********************, S.W.İ.F.T. Bik: PAHAAZ22) ödənilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 47200 (qırx yeddi min iki yüz) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M- 95 ünvanda cavabdehə məxsus özbaşına tikili boşaldılaraq sökülsün. Qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinin əvəzi 200 (iki yüz) manat Cavabdeh tutularaq “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin hesabına (İcraçının VÖEN: ********** İcraçının hesablaşma hesabı: AZ75PAHA40060AZNHC********** "xxxx" ASC, Kod 505141, VÖEN **********, Müxbir hesab AZ82NABZ********************, S.W.İ.F.T. Bik: PAHAAZ22) ödənilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar