Məhkəmə qərarları › İş №2(004)-5095/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5095/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5095/2020 02.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı, İddiaçı MMC-nin cavabdeh İsmayılova (Ələsgərova) Sevinc Ənvər qızına qarşı borc tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Bakı şəhəri Yasamal rayon məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh İsmayılova (Ələsgərova) Sevinc Ənvər qızına qarşı borc tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********20303 Samsung Galaxy A3 markalı telefon üçün 191 manat ödənilməmiş hissə, 19 manat cərimə, xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən X1 üçün 370 manat ödənilməmiş hissə, 37 manat cərimə, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********95157 Samsung Galaxy A6 markalı telefon üçün 234 manat ödənilməmiş hissə, 23 manat cərimə və xx xxxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı tozsoran üçün 39 manat ödənilməmiş hissə, 4 manat cərimə, ümumilikdə 917 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 947 manat cavabdeh İsmayılova (Ələsgərova) Sevinc Ənvər qızından alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3 -cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh İsmayılova (Ələsgərova) Sevinc Ənvər qızına rəsmi qaydada bildiriş göndərilmiş, lakin bildiriş çatsa belə etiraz ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə təqdim olunmuş yazılı sübutları tədqiq edərək hesab edir ki, iddia tələbləri həmin sübutlarla təsdiq edildiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1, 445.2.1, 462.1, 600.1-ci maddələrinə əsasən əsaslıdır və təmin edilməlidir. Belə ki, İddiaçı ilə cavabdeh İsmayılova (Ələsgərova) Sevinc Ənvər qızı arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən cavabdeh yuxarıda göstərilmiş malları almış və aldığı malların dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Təqdim olunmuş maliyyə arayışı və bildirişdən görünür ki, cavabdeh müqavilələrin şərtlərini pozaraq aldığı malların dəyərini ödəməmiş, nəticədə onun 917 manat məbləğində ödənilməmiş borcu qalmış, müqavilələrin şərtlərinə əsasən, cavabdehə cəmi 34 manat cərimə hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehdən müqavilələrin şərtlərini pozduğuna görə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İsmayılova (Ələsgərova) Sevinc Ənvər qızından 917 (doqquz yüz on yeddi) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar