Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5117/2021 29.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X2 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Yasamal rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 03.06.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, ünvan 1 9/96 saylı fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmuşdur. Bakı şəhəri Yasamal rayonu ərazisində aparılan abadlıq işləri ilə əlaqədar digər evlər kimi onun mənzili də dövlət ehtiyacları üçün alınaraq sökülmüşdür. Alqı-satqı müqaviləsi bağlanan zaman və mənzilə görə kompensasiya ödənilməsi zaman qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Fərdi yaşayış evinin faktiki ölçüləri ilə həmin evə dair olan hüquqmüəyyənedici sənəd arasında xeyli fərq var idi. Fərdi yaşayış evinin ümumi sahəsi 149 kv.m olduğu halda, ona cəmi 177330 manat məbləğində pul ödənilmişdir. Bu məbləğ təkcə iddiaçı üçün yox, 13 nəfərdən ibarət olan ailə üçün ödənilmişdir. Həmin ödənilmiş məbləğ ilə digər ailə üzvlərinin mənzillə təmin edilməsi qeyri-mümkündür. Bakı şəhəri ərazisində sökülən evlərin yerləşdiyi torpaq sahəsinin hər kv.m-ə görə minimum 1500 manat məbləğində kompensasiya ödənilir. Eyni zamanda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycn Respublikası Qanununa və Nazirlər Kabinetinin müvafiq qərarına görə torpaq sahələri dövlət ehtiyacları üçün alındıqda torpaq sahəsinin faktiki ölçülərinə görə ödənilən kompensasiyadan əlavə torpaq sahəsinin mülkiyyətçisi və istifadəçilərinə əlavə olaraq köçmə, məskunlaşma və digər xərclər üçün 25 faiz həcmində pul məbləği ödənilir. Yəni onun faktiki 149 kv.m sahəsinə 223 500 manat məbləğində pul və həmin pulun 25 faizinə görə 55 875 manat pul olmaqla, ümumilikdə 279 275 manat pul ödənilməli idi. Lakin alqı-satqı müqaviləsi bağlanarkən o, qanunvericiliyi bilmədiyi üçün aldadılmış və nəticədə 100 000 manat məbləğində ziyana düşmüşdür. Eyni zamanda bu müqavilə bağlanarkən və müvafiq sənədləşmə işləri aparılarkən onun adından etibarnamə əsasında yaxın qohumu X1 çıxış etmiş və İcra Hakimiyyətində onun evinin qiyməti ilə əlaqədar sənədlərə və müvafiq digər sənədlərə səlahiyyəti olmadan imza etmişdir. İddia ərizəsinə əlavə edilmiş 15.04.2013-cü il tarixli etibarnamədən görünür ki, o, Bəhruz Məmmədova iddiaçı adından vərəsəlik işinin aparılması və bağışlama müqaviləsinin rəsmiləşdirilməsi ilə əlaqədar etibarnamə vermişdir. Lakin cavabdeh həmin etibarnamə əsasında əsassız olaraq iddiaçının nümayəndəsi ilə digər müqavilələri də bağlamışdır. Yəni bu alqı-satqı müqaviləsinə qədər tərtib edilmiş ilkin sənədlər və evin alqı-satqı dəyərinin müəyyən edilməsi ilə bağlı aktlar qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı ilə alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Eyni zamanda müqaviləni mübahisələndirmək üçün iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər (347.1). Həmin Məcəllənin 354.2.-cü maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə bağlanmış 03 iyun 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı ünvan 1, Ak.A.Qarayev küçəsi ünvanında yerləşən ümumi sahəsi 77,5 kv.m, yaşayış sahəsi 48 kv.m, yardımçı sahəsi 29,5 kv.m olan 4 otaqdan ibarət, 9/96 fərdi yaşayış evində paylı mülkiyyət hüququ əsasında ona məxsus ½ hissəni 177330 manata satmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddiaçının nümayəndəsinə ünvanladığı 08.04.2021-ci il tarixli MİHO/1.1-2-2021-173 saylı məktubdan görünür ki, iddiaçının ona məxsus yaşayış sahəsinin Cavabdeh tərəfindən satın alınması ilə əlaqədar kompensasiya məbləğinin düzgün hesablanmaması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinə və Azərbaycan Respublğikası Nazirlər Kabinetinə ünvanlanmış və baxılması üçün Maliyyə Nazirliyinə göndərilmiş müraciətlərinin araşdırılması nəticələri ilə bağlı bildirilmişdir ki, Bakı şəhərinin Baş Planınınn icrasının təmin edilməsi ilə əlaqədar şəhərdə aparılan yolnəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması və bununla əlaqədar abadlıqquruculuq işləri çərçivəsində Yasamal rayonunun keçmiş «Sovetski» adlanan ərazisində yaşayış və qeyri-yaşayış obyekt lərinin könüllü qaydada satın alınması Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12.12.2013-cü il tarixli 501 nömrəli Sərəncamına əsasən Cavabdeh müvafiq qaydada təşkil etdiyi komissiya tərəfindən həyata keçirilmişdir. Qeyd olunan sərəncama əsasən alınmanın təsir dairəsinə düşmüş və könüllü qaydada dövlətə satılmış ünvan 1 9/96 ünvanda olmuş yaşayış sahəsinə Cavabdeh tərəfindən müvafiq qaydada təşkil edilmiş komissiya üzvlərinin, mənzil kommunal istimar sahəsinin, qiymətləndirici şirkətin nümayəndələrinin və İddiaçı iştirakı ilə baxış keçirilmiş, mənzilin və digər köməkçi tikililərin faktiki mövcud olan sahələri ölçülmüş, şəkilləri çəkilməklə tikililərin sxemləri tərtib olunmuş və mənzil qiymətləndirilmişdir. Mənzil qiymətləndirilərkən yerləşdiyi ərazidə faktiki vəziyyətinə, tikintisində istifadə edilən materialların keyfiyyətlilik səviyyəsinə uyğun (oxşar) olan mənzillərin hər kv.m sahəsi üçün mövcud bazar qiyməti (qeyd olunan ərazidə eyni səviyyəli mənzillərin notariat kontorlarında rəsmiləşdirilmiş alqı-satqı müqavilələrindəki qiymətlərin ən yüksəyi) əsas götürülmüşdür. Hüquqmüəyyənedici sənədlər üzrə İddiaçı məxsus yaşayış evinin ümumi sahəsinin 38,75 kv.m (yaşayış sahəsi 24 kv.m, köməkçi sahəsi 14,75 kv.m) olduğu müəyyən olunmuş və faktiki olaraq mövcud olan həmin sahə əlavələr də nəzərə alınmaqla hər kv.metri 1500 manata, iddiaçının istifadəsində olmuş, lakin hüquqmüəyyənedici sənədlərdə qeyd olunmayan və sahəsi 116,25 kv.m olan xidməti tikililər isə əlavələr də nəzərə alınmaqla hər kv.metri 1000 manata, sahəsi 5,3 kv.m olan talvar əlavələr də nəzərə alınmaqla hər kv.metri 150 manata, sahəsi 2,9 kv.m olan pilləkən qəfəsi əlavələr də nəzərə alınmaqla hər kv.metri 400 manata qiymətləndirilmiş, yəni daha çox sahə qiymətləndirilməklə ümumi məbləğə köçmə və kirayə xərci kimi 1000 manat əlavə olunaraq daşınmaz əmlak üçün ümumilikdə 177330 manat məbləğində vasait hesablanaraq 13.05.2014-cü il tarixdə mülkiyyətçi ilə könüllü qaydada razılaşdırılmışdır. Əmlakın alqı-satqısına dair bütün sənədlər hazırlanaraq notariat kontoruna müraciət edilməklə iddiaçı ilə könüllü qaydada alqı-satqı müqaviləsi bağlanılmış və mülkiyyətində olmuş yaşayış sahəsinə görə hesablanmış 177330 manat məbləğində vəsait 03.06.2014-cü il tarixdə bankdan onun tərəfindən nağd qaydada götürülmüş və razılaşma “Protokol”unda göstərilən müddətdə ev sökülmək üçün Cavabdehnə təhvil verilmişdir. Könüllü qaydada dövlətə satılmış yaşayış sahəsinə görə İddiaçı ödənilmiş kompensasiya məbləğindən əlavə vəsaitin ödənilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, tərəflər arasında müqavilə 03 iyun 2014-cü il tarixdə bağlanmış və həmin tarixdə də iddiaçı müqavilə ilə razılaşdırılmış kompensasiya məbləğini, yəni 177330 manat məbləğində vəsaiti bankdan almışdır. Bundan əlavə iddiaçı müqavilənin onun adından buna səlahiyyəti olmayan nümayəndə tərəfindən bağlanmasını və imzalanmasını bildirsə də müqavilədən göründüyü kimi, müqavilə iddiaçı tərəfindən şəxsən imzalanmışdır. Beləliklə tədqiq olunmuş sübutlarla müqavilənin qanunvericiliyin tələblərinə uyğun bağllandığı müəyyən edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, hətta müqavilə mülki qanunvericiliyin tələblərinin pozulması, iddiaçının aldadılması ilə bağlanmış olsa idi belə iddiaçının müqavilənin icra olunduğu tarixdən, yəni 03 iyun 2014-cü il tarixdən (həmin tarixdə iddiaçı evin kompensasiyasını bankdan almışdır) bir il ərzində müqaviləni mübahisələndirmək hüququ olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ 12 mart 2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən “Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.” Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsızlığı əsasları tədqiq olunmuş sübutlarla müəyyən edilmədiyindən və iddiaçı Mülki Məcəllənin 354-cü maddəsi ilə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən müqavilənin etibarsızlığını mübahisələndirmək hüququnu itirmişdir. Odur ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi iddiası təmin edilə bilməz və rədd edilməldir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5117/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5117/2021
29.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver