Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5130/2021 16.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması iddiasına dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1171,01 manat və 1860,17 Avro pulun və 30,4 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 16 Avqust 2018-ci il tarixdə bağlanılmış “Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair” iki müqavilələyə əsasən cavabdehə ******************** saylı Avro və ******************** saylı AZN valyutalı kart hesabları açılmışdır. ******************** saylı hesab üzrə çıxarışdan göründüyü kimi, 07 sentyabr 2018-ci il tarixindən başlayaraq hesab üzrə qalıq balansdan artıq məbləğdə əməliyyatlar aparılmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə ABB-yə olan cari borc 1171.01 AZN təşkil etmişdir. ******************** saylı hesab üzrə isə 28 sentyabr 2018-ci il tarixindən başlayaraq hesab üzrə qalıq balansdan artıq məbləğdə əməliyyatlar aparılmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə ABB-yə olan cari borc 1860.17 Avro təşkil etmişdir. Cavabdeh sistemdə baş vermiş nasazlıq halından sui-istifadə edərək, ümumilikdə, ona aid olmayan vəsaitdən tamamilə istifadə etmiş, bununla da Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən hüquqi əsas olmadan ABB-nin hesabına əmlak əldə etdiyi üçün əsassız varlanmışdır. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. ABB tərəfindən cavabdehə məxsus olmayan pulun geri qaytarılması haqqında dəfələrlə şifahi və yazılı qaydada əlaqə saxlanılmasına baxmayaraq cavabdeh özünə aid olmayan pul vəsaitindən qanunsuz istifadə etmiş və onu qaytarmaqdan qərəzli olaraq boyun qaçırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Təqdim olunmuş sübutlarla cavabdehin heç bir əsas olmadan texniki səhvin baş verdiyinə görə iddiaçının hesabına əsassız varlanması və 1171,01 manat və 1860,17 Avro məbləğində vəsaitdən istifadəsi təsdiq edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehndan 1171,01 (min yüz yetmiş bir manat bir qəpik) manat və 1860,17 (min səkkiz yüz altmış avro on yeddi sent) Avro pul və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5130/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5130/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver