Məhkəmə qərarları › İş №2(004)-5150/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5150/2021

27.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5150/2021 27.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onunla "xxxx" İKB ASC (yeni adı Cavabdeh ASC) arasında 02 dekabr 2015-ci il tarixli, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Bank ona illik 25%-lə 48 ay müddətinə 25200 AZN məbləğində kredit verilmişdir. 20 dekabr 2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq müddəti 20 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Onunla Bank arasında sözügedən kredit müqaviləsi imzalandıqdan sora Bankın kassasından 25200 AZN məbləğində pulu kassa məxaric orderinə imza etməklə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq mülkiyyətindəki ünvan 1-də yerləşən, 94.8 kv.m ümumi sahədən ibarət olan 25 nömrəli fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi 02 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir və X3 02 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Krediti Bankdan götürdükdən sonra yaşadığı evinə gələrək ailə üzvlərinə Bankdan krediti götürdüyü barədə məlumat vermişdir. Krediti Bankdan götürdüyü vaxtdan etibarən üstündən təqribən bir həftə keçmişdir ki, həmin sözügedən kredit müqaviləsinə nəzər keçirdikdə görmüşdür ki, kredit müqaviləsində 24000 ABŞ Dolları ilə qeyd olunmuşdur. Dərhal Banka zəng edərək bu barədə məlumat vermiş və Bankla manatla kredit razılaşması olduğu halda onunla kredit müqaviləsini hansı səbəbdən ABŞ Dolları ilə bağlandığını soruşmuşdur. Bankın nümayəndəsi və məsul işçisi ona telefonda bildirmişdir ki, ola bilsin ki, kredit müqaviləsində hər hansı bir səhvə yol verilmiş və səhvən manat əvəzinə ABŞ Dolları kimi qeyd olunmuşdur. Bankın nümayəndəsi və məsul işçisi telefonda ona bir daha bildirmişdir ki, qısa bir vaxtda araşdırma aparılacaq və ona bu barədə məlumat veriləcəkdir. Bankın məsul işçisi ilə telefon danışıqlarından təqribən üç-dörd gün keçmişdir ki, ona Bankdan zəng olundu və Banka yaxınlaşmağını və bu işin araşdırılmasının nəticəsi barədə ona məlumat verəcəklərini xahiş etdilər. Təqribən 2015-ci il dekabr ayının ortaları idi, o, Bankın baş ofisinə gəlmişdir. Bankın məsul işçisi ilə görüşmüş və o, razılaşmaya əsasən kredit müqaviləsinin manatla bağlanmalı olduğu halda hansı səbəbə görə ABŞ Dolları ilə bağlandığı barədə aparılmış araşdırmanın nəticəsinin öyrənilməsi üçün onu birbaşa X5 Sədrinin qəbuluna dəvət etdi. Bankın o zamankı sədri ona bildirmişdir ki, onun Bankla razılaşmaya əsasən kredit müqaviləsinin manatla bağlanmalı olduğu halda niyə ABŞ Dolları ilə bağlanmasının səbəbini araşdırmışlar və qeyd etmişdir ki, bankın işçisi olan kredit mütəxəsissinin səhvən təqsiri üzündən olmuşdur və buna görə də Bankın Sədri ona üzürxahlıq etmiş və bu səhvin qısa bir zamanda düzəldəcəyini, ona bu barədə məlumat veriləcəyini bildirmişdir. X7 ilə görüşü başa çatmasından sonra evə qayıtmış, ailə üzvlərinə bu haqda məlumat verərək bildirmişdir ki, həmin kredit müqaviləsi ləğv olunacaq və Bank onunla təzədən manatla kredit müqaviləsinin bağlanması üçün ona qısa bir vaxtda xəbər edəcəklər. X6 sədri ilə görüşdən bir xeyli vaxt keçdikdən sonra Bankdan ona yenidən zəng vuraraq bildirdilər ki, o Banka gəlməlidir. O, Bankın baş ofisinə gələrək yenidən Bankın məsul işçisi ilə görüşmüş və ona bidirmişdirlər ki, artıq Azərbaycanda Devalvasiya baş vermiş və bu səbəbdən də ABŞ Dolları ilə bağlanan kreditlərə hər hansı bir dəyişiklik və ya düzəlişlər etmək mümkün olmayacaqdır. Təbii ki, onun Bankın məsul işçisi ilə mübahisəsi yaranmış və o kəskin olaraq öz etirazını bildirmişdir. Bundan sonra da onu X5 sədrinin qəbuluna buraxmadılar. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, onun "xxxx" İKB arasında 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsi 24000 ABŞ Dolları ilə bağlandığı halda o, Bankın kassasından kassa məxaric orderinə imza etməklə 25200 AZN məbləğində krediti götürmüşdür. Lakin Bankın nümayəndələri bu günədək bu barədə aralarında gedən digər məhkəmə prosesslərində məhkəməyə məlumat verməmiş və 25200 AZN məbləğində olan onun imzası ilə təsdiq olunan kassa məxaric orderini gizli saxlayaraq etdikləri qanunsuzluğa müxtəlif formalarda don geyindirməyə çalışıblar. Onunla Bank arasında 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsini və İpoteka müqaviləsini ona görə etibarsız hesab edir ki, Bank onun etibarından sui istifadə edərək 25200 AZN məbləğində pul kreditini öz kassasından verdiyi halda onunıa 24000 ABŞ Dolları məbləğində kredit müqaviləsi bağlamışdır. Göründüyü kimi Bankın bu hərəkətlərində müştərilərin etibarından sui istifadə etməklə aldatıqları və onlara öz kassalarından manat krediti verməklə, lakin müqavilələri isə ABŞ Dolları ilə bağlamaqla cinayət hərəkətlərinə yol vermişlər. Hesab edir ki, onunla Bank arasında bağlanmış 02 dekabr 2015-ci il tarixli, 6- Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi və ona əsasən bağlanmış Əlavə sazişlər, zaminlik müqaviləsi və 02 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilməli və işə ədalətli baxılaraq onun Bank tərəfindən pozulmuş hüquqları bərpa edməlidir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" İKB ASC (yeni adı Cavabdeh ASC) ilə aralarında bağlanmış 02 dekabr 2015-ci il tarixli, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsinin və həmin tarixdə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək mülki işə iddiaçının iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini etiraf etmədi və iddiaya etirazını onunla əsaslandırdı ki, iddiaçı ilə bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən, 48 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 24000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə bank arasında 02.12.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Daha sonra tərəflər arasında bağlanmış əlavə sazişlərlə kredit müqaviləsinin müəyyən bəndlərində dəyişikliklər edilmişdir. İddia tələbi əsassız olmaqla həm də, iddiaçı müvafiq müqavilələrin etibarsızlığını məhkəmə qaydasında mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Odur ki, iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarlmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsini dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etdiyi kimi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Buna görə iddia müddətinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin bu ərizəsini iddia müddətinin tətbiq edilməsi barədə ərizə kimi qiymətləndirərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh ASC (Nikoyl” İKB ASC”) arasında 02.12.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, cavabdeh bank tərəfindən iddiaçıya 48 ay müddətinə illik 25 faizlə 24000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən 25 nömrəli evin yerləşdiyi torpaq sahəsi və 4 otaqlı fərdi yaşayı evi bankı qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı müqavilənin bağlandığı tarixdən ötən müddət ərzində tərəfindən müvafiq tələblə bağlı müstəqil şəkildə iddia qaldırılmamaqla, halhazırda isə belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hətta iddiaçı tərəfindən müvafiq tələblə bağlı qanunvericilikdə müəyyən edilmiş məhkəməyə müraciət etmək üçün iddia müddəti buraxılmamış olsaydı belə, iddia ərizəsində iddia tələbini əsaslandırdığı, zamanında banka manatla kredit götürmək məqsədi ilə müraciət etməsi, bankın isə ona ABŞ dolları şəklində kredit verməsi, ABŞ dolları ilə kreditin verilməsinin qanunvericiliyə zidd olmasına dair dəlilləri əsassızdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» 14 may 2015-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər» və həmin Məcəllənin 439.2-ci maddəsinin «əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir» müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir. Həmçinin həmin Qərarda göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 2018-ci il 7 sentyabr tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Qərarda qeyd edilmişdir ki, borc alan krediti xarici valyutada götürdüyü zaman manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü görməli və bilməli idi. Bu halda borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur. Bu Qərarda həmçinin qeyd edilmişdir ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Beləliklə məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən üzrə iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar