Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5159/2021 23.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin 06.07.2018-ci il tarixli, 09453 MXD nömrəli inventar aktı ləğv edilərək onun əsasında Cavabdeh ASC tərəfindən İddiaçı hesablanmış 2052 (iki min əlli iki) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirir ki, 06.07.2018-ci il tarixli, 09453 nömrəli İnventar Aktına əsasən ona 2052 manat məbləğində cərimə tətbiq edilmişdir. Cərimə yazılmağına səbəb araşdırma zamanı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən kafeyə baxış keçirilən zaman obyektdə quraşdırılmış smart kart tipli su sayğacdan keçməyən D-20 mm boru vasitəsi ilə kənar xətt aşkar olunduğu göstərilmişdir. O, 06.07.2018-ci il tarixli, 09453 nömrəli İnventar Aktı ilə qəti şəkildə razılaşmır. Çünki həmin akt qəbul edilən zaman onun iştirakı təmin edilməmiş və İnventar Aktda onun “qəbul etdim” imzası olmamışdır. Ümumiyyətlə protokolun tərtib olunması barədə xəbəri belə olmamışdır. Abşeron Sukanal İdarəsinin əməkdaşları sanki qərəzli şəkildə və bilərəkdən onun iştirakını təmin etmədən qeyd edilən aktı qəbul edərək, əsassız şəkildə külli miqdarda cərimə ilə onu yüklü etmişdirlər. Qeyd edilən borudan qəti şəkildə istifadə etmir. Cərimə olunmağına səbəb oan D-20 mm-lik borular onun obyektində istifadə olunmur. Ona görə də qeyd etdiklərinə əsasən onun adına tərtib edilmiş akt ləğv edilməlidir. Artıq 3 ildir ki, həmin aktdan onun xəbəri olmamışdır. Məlumdur ki, tələbin icrasında 3 il müddət də ötmüşdür. 2018-ci ildə qəbul edilmiş akt ona 25.06.2021-ci ildə təqdim edilmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirir ki, kafeyə baxış zamanı diametri 20 millimetr olan boru ilə sayğacdan kənar qanunsuz qoşulma halı aşkar olunmuşdur. Qanunsuz qoşulma halı olduğuna görə Azərsu nümayəndələri akt tərtib etmişdir. Su təchizatı dayandırılaraq, sudan istifadə qaydalarının 4 nömrəli əlavəsinə uyğun olaraq dəymiş ziyan hesablanmışdır. Akt 2018-ci ildə tərtib edilmışdir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,285 ha topaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir və bu barədə 03.08.2011-ci il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Cavabdeh ASC-nin MXD 09453 nömrəli, 06.07.2018-ci il tarixli inventar aktına əsasən Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, 132193 nömrəli müqavilə əsasında su ilə təchiz olunan İddiaçı məxsus kafeyə baxış keçirilən zaman obyektdə quraşdırılmış Smart kart tipli su sayğacından keçməyən D=20 mm boru vasitəsilə kənar xətt aşkar olunmuşdur. Obyektin nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən 09453 nömrəli, 06.07.2018-ci il tarixli inventar akt üzrə İddiaçın oğluna 2052 manat ziyan hesablanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində birdirilmişdir ki, o, Bakı şəhəri, Abşeron rayonu, Qobu qəsəbəsində yaşayır. Qeyri-yaşayış sahəsinə baxış keçirilərkən orada olmuşdur. 2-3 nəfər Cavabdeh ASC-nin əməkdaşları oraya gələrək baxış keçirmiş, sonra isə akt tərtib edərək cərimə yazılacağını bildirmişdir. Heç bir qanunsuz qoşulma olmamışdır. İşin halları odur ki, mübahisə premeti olan qeyri-yaşayış sahəsi 2011-ci ildən iddiaçının mülkiyyətindədir. İddiaçının sudan istifadə ilə bağlı cavabdehlə 132193 nömrəli müqaviləsi vardır. Cavabdeh tərəfindən sözügedən qeyri-yaşayış sahəsinə 06.07.2018-ci il tarixdə baxış keçirilərək İnventar Akt tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçıya sudan qanunsuz qoşulma nəticəsində istifadə ilə bağlı 2052 manat məbləğində ziyan hesablanmışdır. Hazırda iddiaçı həmin qeyri-yaşayış sahəsində kənar müdaxilənin olmadığını bildirərək əsassız olaraq hesablanmış 2052 manat borcun silinməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçının cavabdehlə sudan istifadə ilə bağlı müqaviləsi vardır. 2052 manat məbləğində borc iddiaçıya 06.07.2018-ci il tarixli inventar akt əsasında yazılmışdır. Lakin həmi aktın tərtib olunmasına iddiaçı iştirak etməmiş və akt onun tərəfindən imzalanmamışdır. Bu halda sübutetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASC-nin üzərinə düşür. Məhz cavabdeh, İddiaçı hesablanmış borcun əsaslı olmasını, inventar aktda qeyd olunmuş kənar su xəttinin mövcud olmasını sübuta yetirməlidir. Su təchizatçısı isə həmin qeyri-yaşayış sahəsində kənar su xəttinin olmasını sübut edə bilmir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli Qərarının 3.1.1.-ci maddəsinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüququdur. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. AR Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin ediməli, Cavabdeh ASC-nin 06.07.2018-ci il tarixli, 09453 MXD nömrəli inventar aktı ləğv edilərək onun əsasında Cavabdeh ASC tərəfindən İddiaçı hesablanmış 2052 (iki min əlli iki) manat məbləğində borc silinməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi təmin olundundan, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat dövlət nəfinə tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ASC-nin 06.07.2018-ci il tarixli, 09453 MXD nömrəli inventar aktı ləğv edilsin və onun əsasında Cavabdeh ASC tərəfindən İddiaçı hesablanmış 2052 (iki min əlli iki) manat məbləğində borc silinsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5159/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5159/2021
23.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver