Məhkəmə qərarları › İş №2(004)-5181/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5181/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5181/2021 22.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.07.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer notebook üçün 1941.6 (min doqquz yüz qırx bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 264.4 (iki yüz altmış dörd manat qırx qəpik) manat dəbbə pulu, ümumilikdə 2206 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 22.07.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer notebook almış və nəticədə 2206 (iki min iki yüz altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2118.6 (iki min yüz on səkkiz manat, altmış qəpik) manat (24 ay x 80 manat 90 qəpik + 177 manat ilkin ödəniş) Acer notebook üçün ümumilikdə, 2206 (iki min iki yüz altı) manat olmaqla ondan, 1941.6 (min doqquz yüz qırx bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 264.4 (iki yüz altmış dörd manat qırx qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 177 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən dənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnaməyə əsasən nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.07.2020-ci il tarixli 21034344 nömrəli müqaviləsinə əsasən, Acer notebook almış və nəticədə 2206 (iki min iki yüz altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2118.6 (iki min yüz on səkkiz manat, altmış qəpik) manat (24 ay x 80 manat 90 qəpik + 177 manat ilkin ödəniş) Acer notebook üçün ümumilikdə, 2206 (iki min iki yüz altı) manat olmaqla ondan, 1941,60 (min doqquz yüz qırx bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 264,40 (iki yüz altmış dörd manat qırx qəpik) manat dəbbə pulu borcu yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 30 aprel 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, müqavilə üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun və gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun qısa zaman ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. 20 iyul 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 22.07.2020-ci il tarixli 21034344 nömrəli müqaviləyə əsasən Acer notebook üçün 1941,60 (min doqquz yüz qırx bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 264,40 (iki yüz altmış dörd manat qırx qəpik) manat dəbbə pulu, cəmi 2206 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının müqavilə üzrə hesablanmış tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı, 22.07.2020-ci il tarixli 21034344 nömrəli müqavilə üzrə 1941.6 manat məbləğində ödənilməmiş hissəyə hesablanmış 264.4 manat məbləğində dəbbə borcu 50 manat məbləğində müəyyən edilərək, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara məcmu halnda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh müqavilə üzrə 1941,60 manat əsas borc və 50 manat cərimə olmaqla, cəmi 1991,60 (bir min doqquz yüz doxsan bir manat altmış qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1941.6 manat əsas borc və 50 manat cərimə olmaqla, cəmi 1991,60 (bir min doqquz yüz doxsan bir manat altmış qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar