Məhkəmə qərarları › İş №2(004)-5222/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5222/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5222/2021 13.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 02.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 16.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Trend markalı Jurnal masa, 2 ədəd Trend 1 yerlik mebel əşyası, 2 ədəd Trend 3 yerlik mebel əşyasının dəyərindən ödənilməmiş qalan 2.953,70 manat əsas borc, hesablanmış 633 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.616,70 manat pul tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış 16.11.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC ümumi dəyəri 5121 manat olan Trend markalı Jurnal masa, 2 ədəd Trend 1 yerlik mebel əşyanı, 2 ədəd Trend 3 yerlik mebel əşyanı Cavabdeh ilkin ödəniş 57 manat olmaqla, ayda 211 manat ödənilməsi şərti ilə 24 ay müddətinə nisyə satmışdır. Cavabdeh cihazların ümumi dəyərindən 2.167,30 manat ödəmiş, müqavilə üzrə 2.953,70 manat əsas borcu və 633 manat dəbbə pulu hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə mobil telefon nömrəsinə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 16.11.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC ümumi dəyəri 5121 manat olan Trend markalı Jurnal masa, 2 ədəd Trend 1 yerlik mebel əşyanı, 2 ədəd Trend 3 yerlik mebel əşyanı Cavabdeh ilkin ödəniş 57 manat olmaqla, ayda 211 manat ödənilməsi şərti ilə 24 ay müddətinə nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 27.07.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 16.11.2019-cu il tarixli müqavilə üzrə "xxxx" MMC-yə 2.167,30 manat pul ödəmiş, 2953,70 manat əsas borcu, 633 manat cərimə olmaqla, cəmi 3.586,70 manat borcu qalmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Müqavilə üzrə tənasübsüz surətdə hesablanmış 633 manat yüksək dəbbə pulu azaldılaraq 65 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Trend markalı Jurnal masa, 2 ədəd Trend 1 yerlik mebel əşyası, 2 ədəd Trend 3 yerlik mebel əşyasının dəyərindən ödənilməmiş qalan 2.953,70 manat əsas borc və hesablanmış 65 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.048,70 manat pul tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməlidir. İddia tələbi - müqavilə üzrə hesablanmış 568 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Trend markalı Jurnal masa, 2 ədəd Trend 1 yerlik mebel əşyası, 2 ədəd Trend 3 yerlik mebel əşyasının dəyərindən ödənilməmiş qalan 2.953,70 manat əsas borc və hesablanmış 65 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.048,70 (üç min qırx səkkiz manat yetmış qəpik) manat pul tutularaq iddiaçı "xxxx" MMCyə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar