Məhkəmə qərarları › İş №2(004)-5232/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5232/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5232/2021 30.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 02.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 11.09.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********72838 olan “iPhone 11 Pro” markalı telefon və “Apple” markalı saat üçün 5308,2 manat ödənilməmiş hissə, 864 manat dəbbə, 16.09.2020-ci tarixli müqaviləsinə əsasən “Apple” markalı qulaqcıq üçün 565,2 manat ödənilməmiş hissə, 83 manat dəbbə olmaqla ümumilikdə 6820,4 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə "xxxx" MMC arasında 11.09.2020-ci il tarixli, 21159151 saylı və 16.09.2020-ci il tarixli, 21172818 saylı müqavilələr bağlanmış, müqavilələr üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmış, lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini pozaraq ödənişləri vaxtında etməmiş və nəticədə cəmi 6820,4 manat borcu yaranmışdır. Ümumilikdə isə cavabdeh ödəniş etməmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir xəbər verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.09.2020-ci il tarixli, 21159151 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən bir ədəd İMEİ kodu **********72838 olan “iPhone 11 Pro” markalı telefon və “Apple” markalı saat Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.09.2020-ci il tarixli, 21172818 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən “Apple” markalı qulaqcıq Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 11.09.2020-ci il tarixli, 21159151 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 5774,4 manat təşkil edir və aylıq 320,8 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 16.09.2020-ci il tarixli, 21172818 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 565,2 manat təşkil edir və aylıq 31,4 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş 27.07.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 11.09.2020-ci il tarixli, 21159151 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 5774,4 manat olan əsas borcdan 5308,2 manat ödənilməmiş hissə, 864 manat cərimə, cəmi 6172,2 manat borcu, 16.09.2020-ci il tarixli, 21172818 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 565,2 manat olan əsas borcdan 565 manat ödənilməmiş hissə, 83 manat cərimə, cəmi 648,2 manat borcu, ümumilikdə isə 6820,4 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 11.09.2020-ci il tarixli, 21159151 saylı müqavilə üzrə 80 manat və 16.09.2020-ci il tarixli, 21172818 saylı müqavilə üzrə 40 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11.09.2020-ci il tarixli, 21159151 saylı müqavilə üzrə 5308,2 manat əsas borc, 80 manat dəbbə borcu, 16.09.2020-ci il tarixli, 21172818 müqavilə üzrə 565,2 manat əsas borc, 40 manat dəbbə borcu olmaqla, ümumilikdə 5993,4 (beş min doquz yüz doxsan üç manat qırx qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 11.09.2020-ci il tarixli, 21159151 saylı müqavilə üzrə 5308,2 manat əsas borc, 80 manat dəbbə borcu, 16.09.2020-ci il tarixli, 21172818 müqavilə üzrə 565,2 manat əsas borc, 40 manat dəbbə borcu olmaqla, ümumilikdə 5993,4 (beş min doquz yüz doxsan üç manat qırx qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar