Məhkəmə qərarları › İş №2(004)-525/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-525/2023

28.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-525/2023 28.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 3-cü Xrebtovi 129/110 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1963-cü ildə Qazax rayonunda anadan olan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, fəaliyyət qabiliyyəti olmayan şəxs xx.xx.1963-cü il tarixdə Qazax rayonunda anadan olmuş X4 onun doğma anasıdır. “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 3 nömrəli şəhər poliklinikasında verilmiş psixiatr rəyinə əsasən anası Mehriban Əliyevaya baş-beyin üzvi xəstəliyi nəticəsində demensiya davranış pozuntuları ilə psixotik daxilolmalar diaqnozu qoyulmuşdur. O, 2021-ci ildən 3 saylı şəhər poliklinikasının psixiatr kabinetində qeydiyyatdadır, mütəmadi olaraq orada müayinə və müalicə alır. Belə ki, yanında olan tək odur, onunla birlikdə yaşayır. Anası son illər ağır xəstəliyə düçar olduğundan özünü müstəqil idarə edə bilmir, müstəqil surətdə öz hüquqlarını keçirtməyə və müdafiə etməyə qadir deyil. Verilən sualları anlamır və və hərkətlərinin mahiyyətinə varmır. Son vaxtlar yaddaşını o dərəcədə itirmişdir ki, evdə qaz plitəsinin söndürməsini belə daima unudur və ya söndürərək yenidən açır və evə qaz dolur, bu səbəbdən onu nəzarət altında saxlamağa məcbur olur. Dəfələrlə evdən çıxıb gedərək azmışdır. Anasının psixoloji durumu çox pis vəziyyətdə olduğundan, psixi xəstəliyi nəticəsində öz əməllərinin və hərəkətlərinin faktiki xarakterini dərk edə bilmədiyindən onun himayəyə ehtiyacı vardır və o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatandırılmış maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8, 33.1-ci maddələrini, Azərbaycan Respublikası MPM-nin 305.1.3, 317.2, 320.2, 321.2-ci maddələrini nəzərə alaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Baş İdarəsi 2 saylı X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ambulator stasionar xəstənin tibb kartasından çıxarışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X4 baş-beyin üzvi xəstəliyi nəticəsində demensiya (altsheymer) dərəcəsində davranış pozuntusu ilə kənar şəxslərin himayəsinə ehtiyacı var. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-6290/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi qərara alınmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 252 saylı rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 252 saylı rəyindən görünür ki, X3 “Altsheymer” xəstəliyi nəticəsində demensiya müəyyən edilmişdir. X3 hal-hazırda onda müəyyən edilən Altsheymer xəstəliyi nəticəsində demensiya ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, 3-cü Xrebtovi 129/110 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1963-cü ildə Qazax rayonunda anadan olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, 3-cü Xrebtovi 129/110 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1963-cü ildə Qazax rayonunda anadan olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar