Məhkəmə qərarları › İş №2(004)-5297/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5297/2021

02.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5297/2021 02.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 06.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 15000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi və həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 19.08.2021-ci il tarixdə etiraz ərizəsi verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirir ki, Cavabdeh oğlu Ayaz İsmayılovun keçmiş həyat yoldaşıdır. Onlar 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və 2011-ci ildən ünvan 1 ünvanında yaşamışlar. X1 Cavabdeh bir müddət sonra məhkəmə qaydasında boşanmış, lakin buna baxmayaraq Cavabdeh iddiaçıya məxsus evdə yaşamağa davam etmişdir. ünvan 1 ünvanında yerləşən ev bir mərtəbəli 4 kiçik otaqdan ibarətdir. Həmin evin 3 otağında cavabdeh, onun nənəsi və xalası yaşayır. Evin bir otağında isə iddiaçı və həyat yoldaşı yaşayır. Həyətin bir girişi var. Cavabdeh, eləcə də onun xalası və nənəsi onu və ailəsini daimi olaraq əxlaqa sığmayan ifadələrlə təhqir edir. Bu barədə AR DİN-in “102 Qaynar xətt” xidmətinə şikayətlər edilsə də xeyri olmamış və münaqişəli ailə kimi polisdə qeydiyyata alınmışdırlar. Belə bir vəziyyətdə yaşamaq mümkünsüzdür. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, o, oğlu İsmayılov Davudla ünvan 1 ünvanında yaşayır. Yaşadığı fərdi ev daşınmaz əmlakın dövlət reyestrində heç bir şəxsin adına qeydə alınmamışdır. Ev özbaşına tikili olduğu üçün onun üzərində mülkiyyət hüququ yoxdur. Lakin həmin evdə yaşayanların hər birinin kommunal xətləri və giriş-çıxışı ayrıdır. İddiaçının oğlu ilə 2017-ci ildə boşanmışdır. Övladına çətinliklə baxır və başqa qalacaq yeri yoxdur. Həmçinin 18.09.2019-cu il tarixli 2-1(81)- 2440/2019 nömrəli 1 saylı Bakı İnzibati-İqtisadi Məhkmənin qərarı əsasında həmin evə qeydiyyata düşmüşdür. İddiaçı isə evin mülkiyyətçisi olmadığından ona kompensasiya verərək evdən çıxara bilməz. O iddiaçı ilə bərabərhüquqludur. 2017-ci ildə kompensasiya ilə bağlı özü iddiaçıya müraciət etmiş, lakin iddiaçı razılaşmamışdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Bakı Apellyasiya Məhkəməsinin 28.02.2018-ci il tarixli 2(103)-2859/2018 nömrəli qərarına əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Ümüd Əkbərov küçəsi, 84B saylı evdən çıxarılması tələbi rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.07.2018-ci il tarixli 4596 nömrəli Qərarına əsasən ünvan 1 ünvanındakı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində heç bir şəxsin adına qeydə alınmaması Cavabdeh 2011-ci il tarixdən etibarən həmin evə iddiaçının gəlini olaraq köçməsi və hazırda oğlu Davud İsmayılovla birlikdə orada yaşaması və iddiaçının oğlu ilə 2017-ci ildə məhkəmə qaydasında nikahlarının pozulması işin mübahisəsiz hallarını aşkar edir. Həmin ünvandakı ev özbaşına tikilidir və Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Bu da İddiaçı həmin evə mülkiyyət hüququ olmamasına əsasdır. İş materallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.09.2019-cu il tarixli, 2-1(81)-2440/2019 saylı qərarına əsasən Bakı şəhəri, Yasamal rayon Polis İdarəsi tərəfindən Cavabdeh Balə şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində yerləşən 84 “b” nömrəli evə qeydiyyata alınması və yeni şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan AR Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon MKTB-in 32 saylı MKİS tərəfindən verilmiş 22.07.2021-ci il tarixli, 020 nömrəli arayışa əsasən Cavabdeh Balə şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində yerləşən 84 “b” nömrəli evdə qeydiyyatdadır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. O, ailə həyatı qurduqdan sonra mübahisəli evə köçmüş və 2017-ci ildə nikah pozulduqdan sonra da həmin evdə yaşamağa davam etmişdir. Hazırda iddiaçı cavabdehə kompensasiya ödənilməklə həmin evə istifadə hüququna xitam verilməsini və onun həmin evdən çıxarılmasını xahiş edir. Məhkəmə iddianı əsassız hesab edir. Belə ki, yuxarıda göstərilən məhkəmə qərarları hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməkdədir. İş materialları ilə müəyyən edilir ki, idiaçının mübahisəli evə dair heç bir subyektiv hüququ yoxdur. Çünki kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini tələb etmək hüququ əmlakın mülkiyyətçisi olan şəxslərə məxsusdur. Lakin hazırkı işin məhkəmə araşdırması zamanı, eləcə də qüvvədə olan əvvəlki məhkəmə qərarlarına əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanındakı ev özbaşına tikilidir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilən maddələrin məzmunundan və Konstitusiya Məhkəməsi Plenumunun qərarında təsbit edilmiş hüquqi mövqedən görünür ki, yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun və iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh 15000 manat kompensasiya ödənilməklə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsi, 84B saylı evə istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılması barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh 15000 manat kompensasiya ödənilməklə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsi, 84B saylı evə istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar