Məhkəmə qərarları › İş №2(004)-5297/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5297/2022

11.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5297/2022 11.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3, mənzil 126 üçün istifadə etdiyi suya görə yaranmış 2498.89 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcla bağlı o, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Onun müraciətinə Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Müraciətə baxılması haqqında” xx.xx.2022-ci il tarixli, 01/4/01-7/6/10934 nömrəli məktubda aşağıdakəlar qeyd edilmişdir. İstehlakçılara verilən suyun hesabatı 28 oktyabr 1999-cu il tarixli, 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respubşikasının qanununun 30-cu maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən aparılır. Bu qaydaların 7.2-ci nədinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablanmalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir. Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Sözügedən ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün təqdim etdiyi sənədlərə istinadən xx.xx.2009cu il tarixdə 10293005 nömrəli müqavilə bağlanaraq **********260 saylı abonent kodu açılmış və mənzilinizin su xətti üzərində SSS-15 markalı, 540279 nömrəli mexaniki su sayğacı quraşdırılmışdır. Həmin sayğac xx.xx.2022-ci il tarixində sökülərək CSS-20 markalı, 22037437 nömərli mexaniki su sayğacı ilə əvəzlənmişdir. Müraciəti ilə bağlı bildirilmişdir ki, kommunal xidmətlər, o cümlədən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə ilə bağlı hər hansı güzəştin tətbiqi mövcud qanunverciliyin tələbləri ilə tənzimlənir. Mövcud qanunvericilikdə ərizəsində qeyd etdikləri ilə bağlı hər hansı imtiyaz nəzərdə tutulmadığından müraciətinin müsbət həlli imkan xaricindədir. xx.xx.2022-ci il tarixdə sayğac göstəricisi 61 m3 olmaqla su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabında 2498.89 manat borc var. Qeyd edilən borc məcburi limitim nəzərə alınmaqla sayğac göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. 2498.89 manat məbləğində borcdan onların bu günə kimi xəbəri olmamışdır. Belə ki, sərf etdiyi suya görə karta ödəniş edən zaman pulun bir hissəsinin kartdan silindiyinin şahidi olmuşdur. Bunu aydınlaşdırmaq üçün Cavabdeh ASC-nin Abşeron Rayon İdarəsinə yaxınlaşmışdır. Ona bildirmişlər ki, məcburi köçkün kimi limiti keçdiyi üçün Cavabdeh ASC-nə 2498.89 manat məbləğində borcu yaranmışdır. Ona məcburi köçkün kimi limiti keçdiyi üçün heç bir zaman xəbərdarlıq edilməmişdir. Hətta evinə müxtəlif vaxtlarda göndərilən hesab fakturaları olmasa idi, o yenə də borcdan xəbərsiz idi və həmin pul da karta yüklədiyi puldan çıxılacaqdır. O, bildirmək istəyir ki, ünvan 1 ünvanına qeydiyyatda olsa da, məcburi köçkün kimi ünvan 2 ünvanında məskunlaşmışdır. O, həyat yoldaşı və İİ Qarabağ qazisi olan oğlu ilə birlikdə həmin evdə yaşayır. Özü xəstədir və iş qabiliyyəti yoxdur. Onların həm maddi, həm də ki, mənəvi dəstəkçisi oğlu X3r. Oğlu Füzuli İİİ qrup əlildir. Çünki o, keçirilmiş kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom və retriqrad amneziya ilə. Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sol əlin İ barmağının dəlib-keçən, sağ əlin İ barmağını sıyırıb keçən güllə yaralanmasından, sonraki bərkimiş dəri çapıqları. Sağ təpə nahiyyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmasından sonrakı dəri çapığı travmalarına məruz qalmışdır. Oğlunun hazırda ciddi şəkildə müüayinəyə müalicəyə və depressiv hallarına görə psixoloqa ehtiyacı vardır. Lakin maddi imkansızlıqdan oğlu özünə baxa bilmir. Oğlunun iş qabiliyyəti də məhduddur. O, ruhi-əsəb gerginliyi olan işlərdə işləyə bilməz. Lakin məcburiyyət qarşısında qalaraq, ailəni dolandırmaq üçün yalnız o işləyir və onun yaxşı və yaxudda pis iş seçməyə imkanı da yoxdur. Ailəsini dolandırmaq üçün fəhləlik edir. Bildirmək istəyir ki, limiti keçdiyi üçün bizə ən azı xəbərdarlıq edilməli idi. Külli miqdarda pul toplandıqdan sonra onun limiti keçdiyindən xəbəri olmuşdur. Düşünür ki, 2498.89 manat məbləğində pul mərhum atasının adına əsassız şəkildə yazılmışdır və silinməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı sudan sitifadəyə görə qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş limiti aşdığı üçün ona məxsus mənzilə artıq pul hesablanmışdır. Belə ki, sözü gedən şəxslər üçün güzəşt limiti nəzərdə tutulmuş və həmin limit aşıldıqda isə sudan istifadəyə görə borc hesablanır. Borcun böyük hissəsi 2014-cü il tarixi əhatə edir və həmin borcun tutulmaması ilə bağlı tərəflərin iddia qaldırılmamışdır. Hazırda iddia tələbini etiraf etmilər və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ünvan 3 ünvanında yerləşən 126 nömrəli mənzilə dair abonent kartından görünür ki, **********260 nömrəli abonent kodu üzrə sudan istifadə və çirkab suyunun axıdılmasına görə ünvan 3 ünvanında yerləşən 126 nömrəli mənzilə 2498.89 manat məbləğində borc hesablanmışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 30-cü maddəsinin birinci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Sudan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nörməli Qərarının 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə analogiya kimi “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli Qərarına istinad etməyi zəruri hesab edir. Həmin qərarda qeyd edilmişdir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına və onların şərhinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun öz Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, Cavabdeh ASC tərəfindən ünvan 3 ünvanında yerləşən 126 nömrəli mənzilə dair hesablanmış 2498 (iki min dörd yüz doxsan səkkiz) manat 89 (səksən doqquz) qəpik borcun 8 il sonra tələb edilməsi əsassızdır və həmin borc ümidsiz borc kimi silinməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 3 ünvanında yerləşən 126 nömrəli mənzilə dair hesablanmış 2498 (iki min dörd yüz doxsan səkkiz) manat 89 (səksən doqquz) qəpik borc məbləği əsassız olduğundan silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar