Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5298/2021 08.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması iddiasına dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 834,54 ABŞ dolları borcun və 30manat dövlət rüsumunun, 0.40 manat bank xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 15 aprel 2020-ci il tarixdə bağlanılmış “kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqaviləyə əsasən cavabdehin adına Plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibinə açılmış plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etmək və hesaba salmaq, hesabdan pul vəsaitlərini köçürmək və vermək, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqaviləyə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki Overdraft yaranır (Overdraft – kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması) və hesab sahibi Bankın tələbi ilə müvafiq vəsaiti Banka dərhal qaytarmalıdır. Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 3.3.6-cı bəndini pozmuşdur. Cavabdehə ödənişlə bağlı xəbərdarlıq olunsa da, o Banka olan borcunu tam ödəməmişdir. 29.07.2021-ci il tarixinə boclunun müqaviləyə əsasən overdraft üzrə 834,54 ABŞ dolları məbləğində borc yaranmışdır. Müqaviləyə əsasən hesab sahibi müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada hesabda olan qalıq vəsaitdən artıq miqdarda istifadə etdiyi məbləği və banka dəymiş ziyan üzrə ödənişlərin Banka ödənilməsini öhdəsinə götürür.Cavabdeh sistemdə baş vermiş nasazlıq halından sui-istifadə edərək, ümumilikdə, ona aid olmayan vəsaitdən tamamilə istifadə etmiş, bununla da Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən hüquqi əsas olmadan ABB-nin hesabına əmlak əldə etdiyi üçün əsassız varlanmışdır. Həmin Məcəllənin 1092.1ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. ABB tərəfindən cavabdehə məxsus olmayan pulun geri qaytarılması haqqında dəfələrlə şifahi və yazılı qaydada əlaqə saxlanılmasına baxmayaraq cavabdeh özünə aid olmayan pul vəsaitindən qanunsuz istifadə etmiş və onu qaytarmaqdan qərəzli olaraq boyun qaçırmışdır. Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz ərizəsini təqdim edərək bildirmişdir ki, bankın iddiası ilə razı deyil. Cavabdeh iddia ərizəsinə etiraz və mülahizələrinə dair ərizəsini təqdim edərək bildirmişdir ki, Plastik karta özü tərəfindən cəmi 50 ABŞ dolları məbləğində pul mədaxil edilmişdir. Bir müddət sonra onun mobil telefonuna bu plastik kartla əlaqədar əməliyyatların aparılması barədə mesaj gəlmişdir. Həmin mesajlar mütəmadi olaraq davam etdiyindən o həm bunun qarşısını almaq, həm də bankı məlumatlandırmaq üçün müştərisi olduğu bankın filialına getmişdir. Bank əməkdaşlarına mütəmadi gələn mesajların qarşısını almaq barədə xahiş ünvanlamışdır. Onlar tərəfindən kömək olunacağı vəd edilmiş, eyni zamanda bildirimişdir ki, o da həmin nömrəyə mesajların kəsilməsi barədə müraciət göndərməlidir. Cavabdeh mesajların dayandırılması barədə xahişlə müraciət etsə də, nəticə olmamışdır. Sonradan isə iddiaçı ona qarşı pul tələbi barədə iddia qaldırmışdır. Plastik kart ilə aparılan əməliyyatların kim tərəfindən icra olunması və bankın informasiya təhlükəsizliyinin kimlər tərəfindən qorunmasının müəyyən edilməsi üçün müvafiq araşdırmalar aparılmalıdır. O karta çox kiçik məbləğ qoymuşdur. Göründüyü kimi hər hansı qeyri-qanuni planı olmamışdır. İşin hərtərəfli araşdırması, müəyyən olunmuş qanun pozuntuları ilə bağlı xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh iddia ərizəsinə əlavə etiraz və mülahizələrinə dair ərizə təqdim edərək bildirmişdir ki, onun 4127***6244 hesabına 50 USD mədaxil olunmuş, Depozit bir dəfə 22.04.2020ci il tarixində həyata keçmişdir. Və o 50 USD xərcləmişdir. 02.07.2020-ci ildə imtina vəsait çatışmazlığı Notification SMS almışdır. Bu barədə bankın əməkdaşlarına məlumat vermiş və bankın əməkdaşları ona kartı bloklamağı təklif etmişlər və o bununla razılaşmışdır. Lakin SMS Notification kartdan vəsait çıxarılması bu günə qədər davam edir. Bankın əməkdşları özləri karta xakerlərin girmə ehtimalı olduğunu bildirmişlər. Onun kartı Viza kartıdır. Bu kartda pul olmalıdır ki, pul çıxılsın. Bu kart debit (kredit) kart deyil. Bankın pulunu xərcləməsi imkan xaricindədir. 20.07.2020-ci ildə ilk dəfə Vimeo Com SMS Notificationu almışdır. 599 USD alır və daha sonra 01.08.2020, 10.08.2020 tarixlərində banka zəng edib xəbərdarlıq edir, bir neçə gün sonra kart bloklanır. 01.10.2020-ci il tarixdə yeni SMS Notification 711,09 USD. Bu dəfə cavabdeh birbaşa banka getmişdir. Ona kartın bloklanacağını bildirmişlər. 01.10.2020-ci il tarixdə yenidən SMS Notification (SMS Xəbərdarlıq) almışdır. Bu dəfə 721.76 USD. Bu dəfə o, bankın şöbə müdirinə müraciət etmişdir. Birgə tətbiqin saytına baxmışlar. Məlum olmuşdur ki, xidmət haqqı aylıq 7 dollar təşkil edir. Bu, 12 aya 84 dollar təşkil edir. Belə olan halda necə olur ki, 1542,19 USD tələb olunur. Cari hesab olduqda bank hesabda pul olmadıqda əlavə məbləğdən istifadə etməyə icazə verə bilər. Bu zaman bank ilə razılaşma müqaviləsi olmalıdır. Ödəniş planı olmalıdır. 24.10.2020-ci il tarixdə Zabier Seth saytının xidmətində bank kartında pul olmadıqda imtina olunmuşdur. O zaman nə üçün bank ödəniş etməmişdir? 31.10.2020-ci il tarixdə yenidən hesabdan məxaric: 732,59 USD. Bloklanmış kartdan məxaric necə baş verə bilər? 14.04.2021-ci ildə hesaba mədaxil 789,07 USD (SMS Xəbərdarlıq) almışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Tərəflər arasında baglanmış 15.04.2020-ci il tarixli müqavilənin 3.1.-ci bəndinə əsasən bankın aşağıda göstərilən vəzifələri vardır: 3.1.3. Qanunvericiliyin və müqavilənin tələblərinə əməl etməklə müştəri tərəfindən ödəniş kartı vasitəsi ilə həyata keçirilən əməliyyatlar üzrə hesablaşmaların vaxtında aparılmasını təmin etmək;. 3.1.4. Ödəniş kartı vasitəsi ilə aparılan əməliyyatları kart hesabında olan pul vəsaitləri həddində həyata keçirmək; 3.1.8. Müştəridən daxil olmuş məlumat əsasında Ödəniş kartından/Əlavə kartdan istifadə edilməklə əməliyyatların həyata keçirilməsini dərhal dayandırmaq. 3.1.11. Kart hesabına daxil olan pul vəsaitlərinin toxunulmazlığını təmin etmək. Mülki Məcəllənin 385.1.-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdehə məxsus ********** mobil nömrəsinə daxil olmuş 22.04.2020-ci il tarixdən 15.09.2021-ci il tarixədək olan dövr üçün SMS xəbərdarlıqların çıxarışından və iddiaçı tərəfindən cavabdehin kart hesabından çıxarışdan görünür ki, cavabdehin bank kartında vəsait olmaması ilə əlaqədar bəzi xidmətlərin kartdan pul çıxarılması imkanı vəsait çatışmamazlığı ilə əlaqədar rədd edilmişdir. Lakin kartın bloklanmış olmasına baxmayaraq iki dəfə Vimeo Business internet səhifəsi tərəfindən cavabdehin kartından kartda vəsait olmadığı halda 17.08.2020-ci il tarixdə və 18.08.2021-ci il tarixlərlə hər dəfə 1706,82 ABŞ dolları məbləğində vəsait silinmişdir. Göründüyüü iddiaçı bank müqavilə üzrə üzərinə götürdüyü vəzifələri icra etməmiş, cavabdehin kartının təhlükəsizliyini təmin etməmiş və nəticədə cavabdehin hesabından pulların çıxarılmasına yol verilmişdir. Göründüyü kimi, əsassız varlanma halı baş verməmişdir. Bankın səhvi nəticəsində cavabdehin kartından pullar çıxarılmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5298/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5298/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver