Məhkəmə qərarları › İş №2(004)-53/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-53/2021

20.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-53/2021 20.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh, surdo-tərcüməçi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.Qarayev küçəsi, döngə 14-də yerləşən 4 saylı ev müvafiq icra hakimiyyəti tərəfindən həyat yoldaşının adına verilmiş müvafiq sərəncamla onların istifadəsinə verilmişdir. Lakin yaşadıqları həmin ev qəzalı vəziyyətdə olduğundan, 05 iyun 1992-ci ildə həmin evin əvəzinə ünvan 1 ünvanında yerləşən 35 və 36 saylı mənzillər onlara verilmişdir. O hazırda ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilin mülkiyyətçisidir. Cavabdeh 24.06.1989-cu ildə onun oğlu X11 ilə ailə həyatı qurmuş və toydan sonra oğlu ilə birlikdə onların əvvəlki Bakı şəhəri, Yasamal rayonu, A.Qarayev küçəsi, döngə 14- də yerləşən 4 saylı evində yaşamağa başlamışlar. Sonradan yuxarıda qeyd etdiyi səbəbdən onlar həmin evdən keçmiş gəlini və oğlu, həmçinin digər ailə üzvləri ilə birlikdə hazırda mülkiyyətində olan evə köçmüşlər. Cavabdeh oğlu ilə nikahda olan zaman onların birgə nikahından övladları olmamışdır. Cavabdeh uşaqlıqdan lal-kar xəstəsi olmuşdur. Oğlu isə uşaqlıqdan 1 -ci qrup əlil, həm ağır formada şəkər, kor, iflic, həm də vərəm xəstəsi olduğu üçün yataq xəstəsi idi və daimi olaraq kənar şəxslərin köməyinə ehtiyacı var idi. Lakin cavabdeh isə evləndikdən oğluna baxmamış və ona hər hansı bir qulluq göstərməmişdir. Tez-tez evdə dava-dalaş salmış, oğlunu, hətta onu və qızını tez- tez polis idarələrinə və müxtəlif orqanlara şikayət etmiş və onu döydüklərini iddia etmişdir. Oğlu ilə növbəti mübahisələrinin birində cavabdeh xəstə ərinə baxmaqdan imtina edərək, onu xəstə yatağında qoyaraq çıxıb getmişdir. Bir neçə müddətdən sonra məhkəmə bildrişlərindən onlar cavabdehin mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini öyrənmişlər. Cavabdehin onlara qarşı qaldırdığı “mənzilə köçürülmə” barədə iddia tələbinə qarşı onun tərəfindən “mənzildən istifadə hüququnun itirilməsi” barədə qarşılıqlı iddia ərizəsi verilmişdir. Yasamal rayon Məhkəməsinin 2-1641/1998 saylı, 11 noyabr 1998-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiasının təmin edilməsi və onun onun mükiyyətində olan mənzilə köçürülməsi, onun Cavabdeh qarşı qaldırdığı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən tərəfindən kassasiya şikayəti verilmiş və Bakı şəhər Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 3K-46/1999 saylı, 14 yanvar 1999-cu il tarixli qərardadı ilə Yasamal rayon Məhkəməsinin 11 noyabr 1998-ci il tarixli qətnaməsinin dəyişdirilmədən, kasassiya şikayətinin təmin edilmədən saxlanması qərara alınmışdır. Həmçinin həmin vaxt oğlu Elşən Dosiyev cavabdehə qarşı aralarında olan “nikahın ləğvi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin 2-1160/1998 saylı, 11 noyabr 1998-ci il tarixli qətnaməsi ilə oğlu ilə cavabdeh arasında olan nikahları məhkəmə qaydasında ləğv edilmişdir. Lakin oğlu ilə olan nikahı ləğv edildikdən sonra da cavabdeh onlardan əl çəkməmiş və onlarla birlikdə yaşamağa davam etmişdir. 06 mart 2006-cı il tarixdə isə oğlu Elşən Dosiyev şəkərli diabet xəstəliyindən yaşadığı evdə vəfat etmişdir. Hazrki vaxtadək onun mülkiyyətində olan mənzildə yaşayan cavabdeh daimi olaraq onları münaqişələrə cəlb edir, onlardan şikayət etmək üçün özünü ora-bura vuraraq xəsarət alır və bundan sonra polis bölmələrinə şikayət edir. O və ailə üzvləri işdən evə gəldikləri zaman cavabdehin qazın üstünə yuyunmaq üçün sular yerləşdirdiyini, həmçinin hamam otağını paltar yumaq üçün məşğul etdiyini görürlər. Halbuki yaşadıqları binaya su üç saatlıq müddətə verilir. O və ailə üzvləri bu barədə iradlarını cavabdehə bildirdikləri zaman isə o, özünündə işdən gəldiyini, işini nə vaxt bitirəcəksə, ondan sonra mətbəx və hamam otağından istifadə edə biləcəklərini bildirir. Bəzən isə həmin münaqişələr zamanı o, əlinə hər hansı bir ağır əşya alaraq onu vurmağa cəhd edir. Sonra isə əsassız yerə polis bölmələrinə onun, qızı və nəvəsi barəsində şikayətlər yazır, o və ailə üzvləri polis bölmələrində izahatlar yazmaq məcburiyyətində qalır. Yaşadığı mənzilin sahəsi 81,09 kv.m təşkil edir, onun özü, cavabdeh, qızı, qızının iki qızı, qızının oğlu öz həyat yoldaşı və övladı ilə birgə həmin mənzildə olduqca sıx şəraitdə yaşayırlar. Bu vəziyyətdə cavabdehin onun mülkiyyətində olan mənzildə yaşaması faktiki olaraq tamamilə mümkünsüzdür və onun mənzildən istifadə hüququnun olması onun mülkiyyətçi kimi mənzil hüquqlarını pozur. Cavabdehdən bir neçə dəfə kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsini xahiş etsə də, o, bununla qətiyyən razılaşmamış, ondan öz adına olan və şəhərin mərkəzində yerləşən mənzil verilməsini tələb etmişdir. Sonradan cavabdehə hətta Xırdalan və ya Masazırda yerləşən ərazilərində ev almağını, həmin evə onu da qeydiyyata aldırmaqla o, vəfat etdikdən sonra dövlətə qalmaması üçün ailə üzvlərinin birinin adına almağını təklif etsə də, cavabdeh həmin təkliflə də razılaşmamışdır. Cavabdehə mənzilə istifadə hüququna xitam verilməsi üçün 6000 manat məbləğində kompensasiya vermək istəyir. Bu səbəbdən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehə kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması qanunauyğundur və onun mənzil üzərində olan mülkiyyət hüququnu bərpa edir. Göstərilənlərə əsasən Cavabdeh 6000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən 35 saylı mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmədə baxılan dövrdə iddiaçının nümayəndəsi və eyni zamanda vəkili iddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə təqdim edərək, Cavabdeh 9000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən 35 saylı mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, iddia tələbi ilə razı deyildir. Belə ki, iddiaçının ona ödəmək istədiyi kompensasiya məbləği çox azdır. Həmin məbləğlə hər hansı bir əmlak almaq mümkün deyildir. Bundan başqa sözü gedən mənzil onun iş yerinə yaxındır və bu səbəbdən də onun üçün işə gedibgəlmək çox rahatdı. Mübahisəli evdə onunla birlikdə digər şəxslərdə yaşayır. Baldızı və digər şəxslər ona təzyiqlər edərək evdən çıxamasını tələb edirlər. Mübahisə predmeti olan mənzilin şəraiti yoxdur və belə vəziyyətdə olan evin kirayə haqqı təxminən 150-200 manat civarındadır. İddiaçı bilərəkdən mənzili təmir etdirmir. O həftə sonları, cümə günündən bazar ertəsinə kimi iş yerində qalır. Ona atasından hər hansı bir əmlak qalmamışdır. Sadəcə qardaşının yaşadığı ev vardır ki, ora da qonaq kimi bir neçə günlüyünə gedə bilir. İddiaçıdan tələbi ona 1 otaqlı evin pulunun verilməsidir ki, o da təqribi 25000 manat edir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Yasamal rayon X20 icraiyyə Komitəsinin 003985 nömrəli, 05.06.1992-ci il tarixli orderinə, X3 razılıq ərizəsinə, 19 saylı MKİS-ın 24.06.2006-cı il tarixli forma-2 arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 12, 35 saylı mənzil ilkin olaraq 29.07.2006-cı il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Hazırda sözü gedən mübahisəli mənzildə İddiaçı, X12, X2, X9, X10, X13 və Cavabdeh qeydiyyatdadır. İddiaçının oğlu X14 ilə Cavabdeh 24.06.1989-cu il tarixdə nikaha daxil olmuş, tərəflər arasında olan nikah Yasamal rayon Məhkəməsinin 2-1160 saylı qətnaməsi ilə 11.11.1998-ci il tarixdə pozulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-1641 saylı, 11.11.1998-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Yeni Yasamal-1 küçəsi, ev 12, 35 saylı mənzilə köçürülməsi təmin edilmiş, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İddiaçı Cavabdehlər X6, X7, X5, X1, İddiaçı və 3-cü şəxslər qismində cəlb etdiyi daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və Bakı şəhər 19 saylı Notariat Ofisinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4297/2019 saylı, 10.09.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmişdir. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 01.03.2021-ci il tarixli qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin 10.09.2019-cu il tarixli qətnaməsi qismən ləğv edilərək iddia tələbi rədd edilmişdir. Cavabdeh hazırda sözü gedən mənzildə qeydiyyatda olmaqla yaşayır. İddiaçı cavabdehə 9000 manat məbləğində kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsini, mənzildən çıxarılmasını tələb edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu mənada, məhkəmə hesab edir ki, hazırkı mülki mübahisə üzrə iddia tələbi Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 12, 35 saylı mənzilə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində 08 iyul 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin müddəalarına uyğun qiymət verilməklə həll edilməlidir. Belə ki işin halları ilə cavabdehin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-1641 saylı qətnaməsi ilə sözü gedən mənzilə 11.11.1998-ci il tarixdə köçürülməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda — müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda — həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda — hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələri, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i.a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə — həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə — onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə — bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə — bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə — orada olduğu bütün müddətdə; 7) həbs olunduqda — istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 8) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə — təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə görə isə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.1999-cu il tarixli qərarında göstərilmişdir ki, «mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İcarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.». «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 nömrəli Qərarına əsasən kirayəçinin və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələrilə əlaqədar, kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən, məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb, yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının ünvan 2 ünvanında yerləşən yaşayış evinə kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsi tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilmiş ki, cavabdeh Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-1641 saylı qətnaməsi ilə sözü gedən mənzilə 11.11.1998-ci il tarixdə köçürülmüş və hazıradək həmin ünvanda yaşayır. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Məhkəmə həmçinin nəzərə alır ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin qərarlarını rəhbər tutmaqla ödəniləcək kompensasiyanın məbləği ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 12 ünvanında yerləşən 35 saylı mənzilə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində cavabdehə 9000 manat kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Belə ki, iş materiallarında olan mütəxəssis rəyləri ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 12 ünvanında yerləşən 35 saylı mənzilin aylıq kirayə haqqının 200-250 manat civarında olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququna xitam verildikdən sonra onun mübahisəli mənzildən çıxarılması hissəsində də iddia təmin edilməlidir. Belə ki, cavabdehin istifadə hüququna xitam verildikdən sonra onun mübahisəli mənzildə yaşaması qanunsuz olaraq mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddiaçı Mülki Məcəllənin 157-ci maddəsinə əsasən cavabdehin mübahisəli mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 157.4-cü maddələrinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkələrə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh 9000 (doqquz min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh ünvan 2 ünvanına olan istifadə hüququna xitam verilməli və cavabdeh əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. Həmçinin Cavabdeh kompensasiya ödənilməsi ilə istifadə hüquqlarının xitamı və mənzildən əşyaları ilə birlikdə çıxarılma eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 9000 (doqquz min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh ünvan 2 ünvanına olan istifadə hüququna xitam verilsin və cavabdeh əşyaları ilə birlikdə həmin mənzildən çıxarılsın. Cavabdeh kompensasiya ödənilməsi ilə istifadə hüququna xitamı və mənzildən əşyaları ilə birlikdə çıxarılma eyni vaxtda icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar