Məhkəmə qərarları › İş №2(004)-5358/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5358/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5358/2022 01.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin “İpoteka predmetinin ipoteka saxlayan tərəfəndən əldə olunmasına dair” xx.xx.2022-ci il tarixli 182/22 saylı protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 69/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ona məxsus Lənkəran şəhəri, X1 küçəsində 0.10 ha torpaq sahəsi ilə birlikdə 35 nömrəli fərdi yaşayış evi Lənkəran rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında "xxxx" MMC-də ilkin satış qiyməti 115.000 manat olmaqla satışa çıxarılmışdır. Lakin, MMC tərəfindən fərdi yaşayış evinin qiyməti düzgün dəyərləndirilməmişdir. Həmçinin, hərrac mərkəzi öz vəzifəsini düzgün və layiqli şəkildə yerinə yetirməmişdir. Belə ki, evi satışa çıxaran zaman verdiyi elan lövhələri ictimaiyyətin gözü önündə olmayan ərazilərdə yerləşdirilmiş, bu da elan lövhələrinə baxılmamasına zəmin yaratmışdır. Buradan da açıq- aydın görünür ki, cavabdeh öz üzərinə düşən öhdəlikləri lazımi şəkildə yerinə yetirməyərək qanunun tələblərinə riayət etməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, səhhətində yaranmış problemlərlə bağlı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2022-ci il tarixli 182/22 saylı protokolun surətindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-69/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, X1 küçəsində 0.10 ha torpaq sahəsi ilə birlikdə 35 nömrəli fərdi yaşayış evi Lənkəran rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında ilkin satış qiyməti 115000 manat olmaqla hərraca çıxarılmış, hərrac baş tutmadığına görə ipoteka saxlayan "xxxx" ASC əmlakı 73312,50 manata almışdır. Hazırda İddiaçı hərracın yekunları barədə protokolun etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı müdafiə etdiyi tələbi əsaslandırmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə gedişatında hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə gedişatında "xxxx" MMC-nin “İpoteka predmetinin ipoteka saxlayan tərəfəndən əldə olunmasına dair” xx.xx.2022-ci il tarixli 182/22 saylı protokolunun etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelllyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar