Məhkəmə qərarları › İş №2(004)-5381/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5381/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5381/2025 18.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000 manat pulun və 131 manat manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində nəqliyyat vasitəsinin nisyə alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı Cavabdeh ümumi dəyəri 41400 manat təşkil edən qeydiyyat nişanı **- TB-***, buraxılış ili 2024 olan BYD DESTROYER 05 PLUG-İN HİBRİD Minik markalı avtomobil almışdır. O həmin məbləğin 9000 manatını ilkin ödəniş olaraq nağd cavabdehə ödəmişdir. Digər məbləğ isə 32400 manatı 36 ay müddətində hər ay 900 manat olmaqla ödəmək şərtilə qeyd olunan müqaviləyə əsasən aralarında razılaşmaya gəlmişlər. İddiaçı müqavilədə göstərilən məbləğin 5 ay müddətində ödəniş etmişdir. Son iki ayda dəfələrlə cavabdehdən ödədiyi məbləğlər barədə aralarında imzalı qəbz tələb etmiş, lakin, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə imtina etmişdir. Elə bu səbəbdən aralarında mübahisə yaranmış cavabdeh iddiaçıdan avtomaşını geri almışdır. Hal-hazırda iddiaçı cavabdehdən ödədiyi pulu tələb etsə də o iddiaçının pulunu ödəmir. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, avtomobili 5 ay idarə etmişdir. cavabdehə ilkin ödəniş olaraq 9000 manat, aylıq ödəniş olaraq 5 ay müddətində hər ay 900 manat olmaqla, cəmi 4500 manat pul ödəmişdir. Sonuncu dəfə aprel ayında ödəniş etmişdir. Cavabdeh avtomobili 10 iyul 2025-ci il tarixdə ondan geri götürmüşdür. Cavabdehə ödədiyi məbləğlərlə bağlı sübutu qarşı tərəflə danışıqları əks etdirən səs yazılarıdır. Whatsapp yazışmaları və səs yazılarında cavabdehdən ödənişlərlə bağlı qəbz tələb etməyinə baxmayaraq, qarşı tərəfin qəbz verməkdən imtina etməsi əks olunmuşdur. Cavabdeh avtomobili sataraq, iddiaçının pulunu qaytaracağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı ona 9000 manat ilkin ödəniş etməmişdir. Yalnız müqaviləyə uyğun olaraq 2 dəfə 900 manat olmaqla, ödəniş etmişdir. Avtomobilin kasko sığortasını da cavabdeh özü ödəmişdir. Cavabdeh avtomobili 41400 manata satmışdır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin nisyə alqısatqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh müqavilə bağlandığı andan özünə məxsus olan qeydiyyat nişanı 77TB167 olan BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK markalı nəqliyyat vasitəsini alıcı İddiaçı təhvil verir. Nəqliyyat vasitəsinin qiyməti tərəflərin razılaşmasına görə 32400 manat manat müəyyən edilir. Razılaşmaya əsasən alıcı 32400 manatı 36 ay müddətinə hər ay 900 manat olmaqla satıcıya ödəyir. Müqavilənin 2.3-cü bəndinə əsasən satıcı ödənişin alıcı tərəfindən dalbadal hər ay ərzində aparılmadığı halda avtomobil qeyd-şərtsiz geri almaq hüququna malikdir. Müqavilənin 4.4-cü bəndinə əsasən alıcı tərəfindən Satıcıya ödənilən məbləğ tərəflərin öz aralarında hər ay tərtib etdikləri aktla (qəbzlə) rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nəqliyyat vasitəsinin nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə cavabdeh (satıcı) müqavilənin predmeti olan nəqliyyat vasitəsini alıcıya vermiş, iddiaçı (alıcı) öz növbəsində nəqliyyat vasitəsinin tərəflərin razılaşmasına görə müəyyən edilmiş qiymətini, yəni 32400 manatı 36 ay müddətinə hər ay 900 manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə müəyyən edilmişdir ki, satıcı ödənişin alıcı tərəfindən dalbadal hər ay ərzində aparılmadığı halda avtomobil qeydşərtsiz geri almaq hüququna malikdir. Eləcə də alıcı tərəfindən Satıcıya ödənilən məbləğ tərəflərin öz aralarında hər ay tərtib etdikləri aktla (qəbzlə) rəsmiləşdirilməlidir. İddiaçının izahatına əsasən müəyyən olunur ki, tərəflər arasında müqavilə bağlanmamışdan əvvəl o, avtomobil üçün cavabdehə 9000 manat məbləğində ilkin ödəniş etmişdir. Müqavilə bağlandıqdan sonra da həmin nəqliyyat vasitəsini 5 ay idarə etmişdir və 5 ay müddətində hər ay 900 manat olmaqla, 4500 manat pulu iddiaçıya ödəmişdir. Lakin iddiaçı dəfələrlə ödədiyi məbləğlərin qəbzlə rəsmiləşdirilməsini tələb etsə də, cavabdeh ödənişlərlə bağlı qəbzin verilməsindən imtina etmişdir. Bununla da tərəflər arasında mübahisə yaranmış və cavabdeh avtomobili iddiaçıdan geri almışdır. Daha sonra cavabdeh sözügedən nəqliyyat vasitəsini 41400 manata satmışdır. Hazırda iddiaçı cavabdehdən ona ilkin ödəniş olaraq ödədiyi 9000 manat məbləğində pulun qaytarılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, iddiaçının ona 9000 manat ilkin ödəniş etmədiyini bildirir. İş materiallarına əlavə edilmiş diskdəki səs yazısına əsasən təsdiq edilir ki, iddiaçı həqiqətən cavabdehə 9000 manat məbləğində ilkin ödəniş etmişdir. Sözügedən səs yazısından müəyyən olunur ki, iddiaçı cavabdehdən ona ilkin ödəniş etməsi ilə bağlı qəbzi tələb edir. Cavabdeh isə həmin qəbzi verəcəyini bildirsə də, sonradan bundan imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 200-cü maddəsinə görə şəxsi yazışmaların və teleqraf məlumatlarının gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar və məlumatlar ancaq ünvanlanan şəxsin razılığı ilə məhkəmə tərəfindən elan və tədqiq edilə bilər. Şərh olunan maddədəki şəxsi yazışmalar və teleqraf məlumatları anlayışı hərfi olaraq deyil, Konstitusiyanın 32-ci maddəsində olduğu kimi, yəni “şəxsi yazışma, telefon danışıqları, poçt teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlar” kimi başa düşülməlidir. İcazə alınmalı şəxs yazan və teleqraf məlumatlarını göndərən şəxs (müəllif) yox, onların ünvanladığı şəxsdir. Şəxsi yazışmaları və teleqraf məlumatları daşıyan sübutlar məhkəməyə verildikdə hakim həmin sübutları şərh olunan maddədə göstərilən şəxslərin razılığı olmadan iş materiallarına əlavə edə və başqa şəxslərin onlarla tanış olmasına imkan yarada bilməz. Məhkəmənin şəxsi yazışma və teleqraf bilgisini açıqlamsı və araşdırmasından ötrü həmin yazışma və teleqrafın ünvanladığı şəxsin yazılı razılığı olmalıdır. Həmçinin cavabdeh izahatında avtomobili iddiaçıdan geri aldıqdan sonra 41400 manata satdığını bildirmişdir. Bununla da sübut olunur ki, iddiaçının cavabdehə ödədiyi 9000 manat məbləği tələb etməsi ağlabatandır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə nəqliyyat vasitəsinin qiyməti 32400 manat olmaqla razılaşdırılmışdır. Lakin cavabdeh həmin avtomobili 41400 manata satmışdır. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, avtomobilin dəyəri 41400 manat olmuşdur və iddiaçı 9000 manat ilkin ödəniş etmiş, qalan 32400 manat məbləği isə müqavilədə göstərilən şərtlərlə ödəməyi ödəməyi öhdəsinə götürmüşdür. O cümlədən cavabdeh izahatında iddiaçının ona ilkin ödəniş etməməsini bildirsə də, məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi 9000 manat pul məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, işin məhkəmədə araşdırılmış halları ilə Cavabdeh İddiaçı 9000 manat məbləğində pul alması təsdiq edildiyindən iddia tələbi təmin edilərək, həmin pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş 131 (bir yüz otuz bir) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9000 (doqquz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 131 (bir yüz otuz bir) manat məbləğində pul tutularaq İddiaçı dənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 131 (bir yüz otuz bir) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar