Məhkəmə qərarları › İş №2(004)-5421/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5421/2021

23.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5421/2021 23.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində, 1/A ünvanında yerləşən fərdi yaşayış evində sərf etdiyi suya görə hesablanmış 236,06 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, onlar tərəfindən suya qanunsuz qoşulma faktı olmadığını, cavabdeh tərəfindən qanunsuz qoşulma faktının sübuta yetirilmədiyini, cavabdehin təqdim etdiyi abonent kartına əsasən qeyd olunan 164,2 manat məbləğində pulun 4,20 manatının sudan istifadə edilməsinə görə yazıldığını, qalan 160 manatın isə əsassız olaraq hesablandığını bildirmiş və məhkəmədən həmin məbəğin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, Abşeron Sukanal İdarəsinin əməkdaşları tərəfindən sözügedən ünvanın su təchizatı xəttinə baxış keçirilən zaman sayğacdan kənar xəttdən qeyri-qanuni istifadə halı aşkarlanmış, faktla bağlı olaraq dəymiş ziyan aktları tərtib edilmişdir. Hazırda abonentin su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 164 manat borc vardır. Həmin məbləğin 4,20 manatı sudan istifadəyə görə, 160 manatı isə dəymiş ziyana görə hesablanmışdır. Suya qanunsuz qoşulma faktı ilə bağlı sübutlar məhkəməyə təqdim edə bilməməklərinin səbəbi həmin fakt uzun müddət əvvəl baş verdiyi üçün sənədlərin artıq mövcud olmamasıdır. Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərsu ASC-nin İddiaçı ünvanladığı 02.09.2019-cu il tarixli cavab məktubunda qeyd olunur ki, Abşeron Sukanal İdarəsinin əməkdaşları tərəfindən 12.02.2018-ci il və 12.06.2018-ci il tarixlərində sözügedən ünvanın su təchizatı xəttinə baxış keçirilən zaman sayğacdan kənar xəttdən qeyri-qanuni istifadə halı aşkarlanmış və faktla bağlı olaraq 038578 və 045491 nömrəli dəymiş ziyan aktları tərtib edilmişdir. Bu səbəbdən də sudan qanunsuz istifadəyə görə 480m³ sərfiyyat hesablanmışdır. Hazırda su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 236,06 manat borc vardır. Qeyd edilən borc dəymiş ziyan məbləğlər nəzərə alınmaqla hesablanmışdır. İş materiallarında olan 01.08.2020-11.08.2020-ci il tarixli Azərsu ASC Abşeron Sukanal İdarəsi üzrə ödənişlərin siyahısına əsasən müəyyən olunur ki, İddiaçı 02.08.2020ci il tarixdən 27.01.2021-ci il tarixədək Azərsu ASC-yə 165 manat pul ödəmişdir. İş materiallarında olan Azərsu ASC tərəfindən təqdim olunmuş 10.08.2021-ci il tarixli ********** nömrəli hesab fakturadan görünür ki, **********030 abonent kodlu sayğacda 09.07.2021-ci il tarixdən 10.08.2021-ci il tarixədək sərfiyyat 31m³ olmuşdur. Əvvəlki və son göstərici isə qeyd olunmamışdır. Dövr üzrə borc 31 manatdır. Qalıq borc isə 235,20 manatdır. İş materiallarında olan 23.09.2021-ci il tarixli abonent kartına əsasən İddiaçı 164,20 manat məbləğində borcu vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən suya qanunsuz qoşulma faktını sübuta yetirə bilmədiyindən, həmçinin iddiaçı tərəfindən təqdim olunan abonent kartına əsasən iddiaçının 164,2 manat məlbəğində borcu qeyd olunduğundan, həm iddiaçı, həm də cavabdeh tərəfindən verilən izahatlarda həmin məbləğin 4,2 manatının sudan istifadəyə görə, 160 manatın isə suya qanunsuz qoşulmaya görə hesablandığı qeyd edildiyindən iddia tələbi qismən təmin edilməli və İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində, 1/A ünvanında yerləşən fərdi yaşayış evində sərf etdiyi suya görə hesablanmış 160 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. 14-cü maddəsinə görə bu maddənin müddəaları o vaxt tətbiq oluna bilər ki, obyektin sahibi tərəfindən su təchizatı müəssisəsinə obyektin su ilə təchizatı barədə sifariş verilmiş olsun və obyekt tamamilə və ya əsasən qeyri-yaşayış binası olsun, su təchizatı məişət (təsərrüfat)-içməli məqsədləri üçün deyil, digər ehtiyacları ödəmək üçün nəzərdə tutulsun. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 nömrəli Qərarın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 121, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində, 1/A ünvanında yerləşən fərdi yaşayış evində sərf etdiyi suya görə hesablanmış 160 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar