Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5430/2021 24.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı sudan istifadəyə görə hesablanmış borc məbləğinin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən sudan istifadəyə görə əsassız hesablanmış 143,83 manat məbləğində borcun azaldılaraq 30,49 manat müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 2016-cı ildə Cavabdeh ASC-nin Binəqədi rayonu Sukanal İdarəsi tərəfindən smart tipli su sayğacı quraşdırılmışdır. Sayğac ona məxsus fərdi yaşayış evinin həyətində yerləşdirilmiş və işlək vəziyyətdə saxlanılması onun tərəfindən təmin olunmuşdur. 2020-ci ilin 13 mart tarixində sayğaca 10 manat yükləmiş, yay aylarında evdə yaşayış olmamış, 2020-ci ilin noyabr ayında saycağın balansında pulun qurtarmasına baxmayaraq suyun fasiləsiz verilməsi aşkar olunmuş və bu barədə Binəqədi rayonu Sukanal İdarəsinə müraciət etmişdir. Sayğacın laborator yoxlaması nəticəsində sayğacın istifadəyə yararsız olması müəyyən olunmuş və 15.06.2021-ci il tarixdə sayğac yeni sayğacla əvəz edilmişdir. Sayğacın işləmədiyi müddətə ona əsassız olaraq 143,83 manat borc hesablanmışdır. Halbuki sayğac yararsız hala düşənədək əvvəlki dörd ildə - 2016-2019-cu illərdə orta günlük su sərfiyyatı 0,195 m3 olmuşdur. 13.03.2020-ci il tarixdən 01.02.2021-ci il tarixinədək keçən 325 gün üçün həmin dövr üçün suyun tarifinin 0,35 manat olması, 01.02.2021-ci il tarixdən yeni sayğac quraşdırılan tarixədək, yəni 15.06.2021-ci il tarixədək olan dövrdə – 134 gün üçün suyun tarifinin 0,70 manat olması nəzərə alındaqda müvafiq olaraq sərf olunmuş suyun dəyəri 22,18manat, 18,31 manat və 13.03.2020-ci il tarixdə ödənilmiş 10 manat ödəniş nəzərə alındıqda onun borcu 30,49 manat olmuş olacaq. Odur ki, borcunun həmin məbləğə azıldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı tərəfindən ünvan 3 ünvanının abonent kartından və Binəqədi rayonu Sukanal İdarəsinin həmin ünvanda sayğacın işləmədiyi dövrə borcun hesablanmasına dair cədvəldən görünür ki, həmin ünvanla bağlı abonent kimi Cəmilə Həşimova adlı şəxslə müqavilə bağlanmışdır. İddiaçı həmin evin onun mülkiyyətində olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçının əmlak məlumatlarına dair «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə alınmış məlumatlardan da həmin evin iddiaçının mülkiyyətində olması müəyyən olunmur. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixloi qərarında məhkəmə qeyd etmişdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı evin ona məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən və evin su təchizatına dair müqavilə başqa şəxslə bağlandığından iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur və bu səbəbdən iddia rədd edilməlidir. Məhkəmə izah edir ki, suölçən cihaz yararsız vəziyyətə düşdükdə onun işləmədiyi müddətdə istifadə olunan suyun həcmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»nın 7.9.-cu bəndi ilə müəyyən edilmiş qaydada müəyyən edilir. Qaydaların həmin bəndinə əsasən suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5.-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar Həmin Qanunun 9.4.-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5430/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5430/2021
24.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver