Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5457/2023 07.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ünvan 1 ünvanında yerləşən evə dair təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı akt və «dəymiş ziyanın bərpasına dair» xx.xx.2023-cü il tarixli komissiya qərarı əsasında əsassız olaraq hesablanmış 1555,20 manat məbləğində ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi 111 ünvanında yerləşən fərdi yaşayış evində istifadə etdiyi qaza görə ödənişləri vaxtlı-vaxtında etmişdir. xx.xx.2022-ci il tarixdə qaz sayğacında problem yarandığından qəza xidmətinə müraciət etmiş, elə həmin gün cavabdeh təşkilatın əməkdaşları tərəfindən qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz olunmuş və bundan sonra da istifadə etdiyi qaza görə ödənişlər etməyə davam etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçıya ödəniş haqqında bildiriş daxil olarkən qazdan istifadəyə görə 1555,20 manat borc yazılmasını görmüşdür. Yaranmış borcla əlaqədar Cavabdeh İB-nə müraciət etmiş, əldə etdiyi akta əsasən cavabdeh təşkilatın əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilmiş, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və həmin aktda - Azəriqaz İB-nin 14-2-2/3-5-4180-1 nömrəli aktna əsasən sayğacın hesablanma mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür, dəymiş ziyan hesablansın və ödənilsin - qeyd olunmuşdur. Aktın tərtib edilməsindən iddiaçının xəbəri olmamış və onun tərəfindən imzalanmamışdır. Qaz sayğacı evin daxilində deyil, həyətdə hündür bir yerdə quraşdırılmışdır. Qaz sayğacının hesablanma mexanizminin iş prinsipinə müdaxilənin mümkün olub-olmamasından ümumiyyətlə məlumatı yoxdur. İddiaçının sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Bununla da iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilməmişdir. Həmçinin, qaz sayğacı laboratoriyada yoxlanılarkən iddiaçının iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən qaz sayğacındakı pozuntuya görə istehlakçı məsuliyyət daşımadığından, akt və həmin aktın əsasında istehlakçının abonent hesabına hesablanmış 12960 kub metr, itirilmiş qazın dəyəri olan 1555,20 manat məbləğində borc iddiaçının abonent hesabından silinməlidir. xx.xx.2023-cü il tarixli itirilmiş qazın dəyərinin hesablanmasına dair tələbnaməyə əsasən itirilmiş qazın həcmi 12960 kub metr, 1572,72 manat hesablanmışdır. Abonentin saldosuna nəzər yetirdikdə görmək olar ki, xx.xx.2022-ci il tarixdən, yeni sayğac quraşdırıldıqdan sonra qazın sərfiyyatının çox olduğu qış aylarında (yanvar, fevral, mart) aylıq qaz sərfiyyatı müvafiq olaraq 206, 258,128 kub metr, sonrakı aylarda isə 14,12, 4, 3, 2 kub metr olmuşdur. Belə olan halda, 3 aylıq qazın sərfiyyatının 12960 kub metr olması ağlabatan hesab edilə bilməz. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazını məhkəməyə təqdm etmişdir. Etirazda cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İBnin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3- 5-4180-1 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu şüsəsi alt hissədən əzilib və çatlayıb, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Hesablanmış 1555,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağı ola bilməz. İddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiz ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-4.9-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etdi ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı saylı aktda köhnə qaz sayğacına müdaxilə edildiyi göstərilmış və iddiaçıya 1555,20 manat məbləğində borc hesablanmışdır. Səbəb qismində Azəriqaz İB-nin 14-2-2/3-5-4180-1 saylı aktına əsasən sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsinin mümkün olması göstərilmişdir. Azəriqaz İB-nin 14-2-2/3-5-4180-1 saylı aktına əsasən qaz sayğacının laborator yoxlanılması zamanı sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama qoruyucu şüşəsinin alt hissədən əzilməsi və çatlaması, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsinin mümkün olması, sayğacın istismara yararsız olması göstərilmişdir. Halbuki, sayğac iddiaçıya məxsus evin daxilində deyil, çöldə yerləşdirildiyindən müdaxilənin olduğu təqdirdə belə, bunun iddiaçı tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçının qaz sayğacına müdaxilədə təqsiri müəyyən edilmədiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan 100 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. ünvan 1 ünvanına hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Borcun silinməsi vəzifəsi Cavabdeh İB-nin üzərinə qoyulsun. Cavabdeh “Azəriqaz İB”-dən 100 (yüz) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5457/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5457/2023
07.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver