Məhkəmə qərarları › İş №2(004)-5481/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5481/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5481/2021 16.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 19.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 03.06.2020-ci il tarixli müqaviləyə əsasən 6 ədəd “Samsung LED” markalı televizor üçün 4837 manat ödənilməmiş hissə, 907 manat dəbbə olmaqla ümumilikdə 5744 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə "xxxx" MMC arasında 03.06.2020-ci il tarixli, 20328831 saylı alğı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmışdır. Cavabdeh isə müqavilələrin şərtlərini pozaraq müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri vaxtında etməmiş və nəticədə 5744 manat borcu yaranmışdır. Ümumilikdə isə cavabdeh 1218,2 manat ödəniş etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, müqaviləni o, bağlasa da, əslində əşyaları dostu üçün almış və ona vermişdir. Dostu iş yeri olduğundan onun adına müqavilənin bağlanmasını xahiş etmiş və borcu ödəyəcəyini bildirmişdir. O da buna görə razılaşmışdır. Lakin dostu ödəmədiyindən özü ödəməyə məcbur olmuş, bir müddət ödədikdən sonra isə maddi imkanı çatmadığından ödəyə bilməmişdir. Borcun ödənilməsinin onun öhdəliyi olduğunu bilir, lakin ödəyə bilmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.06.2020-ci il tarixli, 20328831 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC 6 ədəd “Samsung LED” markalı televizor Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 03.06.2020-ci il tarixli, 20328831 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 6055,2 manat təşkil edir və aylıq 336,4 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 05.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 03.06.2020-ci il tarixli, 20328831 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 6055,2 manat olan əsas borcdan 4837 manat ödənilməmiş hissə, 907 manat cərimə, cəmi 5744 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 03.06.2020-ci il tarixli, 20328831 saylı müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 03.06.2020-ci il tarixli, 20328831 saylı müqavilə üzrə 4837 manat əsas borc, 50 manat dəbbə borcu olmaqla, ümumilikdə 4887 (dörd min səkkiz yüz səksən yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 03.06.2020-ci il tarixli, 20328831 saylı müqavilə üzrə 4837 manat əsas borc, 50 manat dəbbə borcu olmaqla, ümumilikdə 4887 (dörd min səkkiz yüz səksən yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar