Məhkəmə qərarları › İş №2(004)-5485/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5485/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5485/2021 14.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********52758 olan X4 10+ markalı telefon üçün 1507 (min beş yüz yeddi) manat ödənilməmiş hissə, 433 (dörd yüz otuz üç) manat dəbbə, 07.09.2019-cu il tarixli müqavilə üzrə Samsung Led TV üçün 530 (beş yüz otuz) manat ödənilməmiş hissə, 171 (bir yüz yetmiş bir manat) dəbbə, 17.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********90053 olan iPhone 11 Pro Max markalı telefon üçün 2770 (iki min yeddi yüz yetmiş) manat ödənilməmiş hissə, 870 (səkkiz yüz yetmiş) manat dəbbə, ümumilikdə 6281 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Dəbbə pulunun məbləği ilə bağlı sədrlik edənin sualına cavab olaraq dəbbə pulunun azaldılmasını hakimin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu izahatında iddia tələbini əsas borcun ödənilməsi hissəsində qəbul etdiyini bildirmiş və məhkəmədən cərimə borcunun azaldılmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.09.2019cu il tarixli 00894619 №-li müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı Samsung Led markalı televizoru cavabdehə verməyi öhdəsinə götürmüşdür. 07.09.2019-cu il tarixli 00894619 №-li müqaviləyə əlavəyə əsasən Cavabdeh ilkin ödəniş də daxil olmaqla 1256 manat məbləğində pulu aylıq 114 manat olmaqla 11 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 07.09.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Samsung Led markalı televizor cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.10.2019cu il tarixli 00972646 №-li müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı İMEİ kodu **********52758 olan X4 10+ markalı telefonu cavabdehə verməyi öhdəsinə götürmüşdür. 11.10.2019-cu il tarixli ********* №-li müqaviləyə əlavəyə əsasən Cavabdeh ilkin ödəniş də daxil olmaqla 2892 manat məbləğində pulu aylıq 241 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 11.10.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən İMEİ kodu **********52758 olan X4 10+ markalı telefon cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.02.2020-ci il tarixli 20109745 №-li müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı İMEİ kodu **********90053 olan iPhone 11 Pro Max markalı telefonu cavabdehə verməyi öhdəsinə götürmüşdür. 17.02.2020-ci il tarixli 20109745 №-li müqaviləyə əlavəyə əsasən Cavabdeh ilkin ödəniş də daxil olmaqla 3486 manat məbləğində pulu aylıq 290,5 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 17.02.2020-ci il tarixli əşyaların təhviltəslim aktına əsasən İMEİ kodu **********90053 olan iPhone 11 Pro Max markalı telefon cavabdeh tərəfindən təhvil alınmışdır. "xxxx" MMC-nin Cavabdeh ünvanladığı 31.08.2020-ci il tarixli xəbərdarlığa əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 31 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh 4807 manat əsas, 1474 manat cərimə borcu olmaqla cəmi 6281 manat borcu vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********52758 olan X4 10+ markalı telefon üçün 1507 (min beş yüz yeddi) manat ödənilməmiş hissə, 07.09.2019-cu il tarixli müqavilə üzrə Samsung Led TV üçün 530 (beş yüz otuz) manat ödənilməmiş hissə, 17.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********90053 olan iPhone 11 Pro Max markalı telefon üçün 2770 (iki min yeddi yüz yetmiş) manat ödənilməmiş hissə, ümumilikdə 4807 (dörd min səkkiz yüz yeddi) manat ödənilməmiş hissə, 150 (yüz əlli) manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəlikərini yerinə yetirmiş, lakin Cavabdeh oğlu üzərinə düşən öhdəliyi qismən yerinə yetirərək borcunu tam ödəməmişdir. Məhkəmə qeyd edir ki, cərimə məbləğinin miqdarı əsas borca mütənasib olmadığından azaldılmalı, 150 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin Mülki Prosessual Məcəlllənin 119-cu maddəsinə əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 11.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********52758 olan X4 10+ markalı telefon üçün 1507 (min beş yüz yeddi) manat ödənilməmiş hissə, 07.09.2019-cu il tarixli müqavilə üzrə Samsung Led TV üçün 530 (beş yüz otuz) manat ödənilməmiş hissə, 17.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********90053 olan iPhone 11 Pro Max markalı telefon üçün 2770 (iki min yeddi yüz yetmiş) manat ödənilməmiş hissə, ümumilikdə 4807 (dörd min səkkiz yüz yeddi) manat ödənilməmiş hissə, 150 (yüz əlli) manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar