Məhkəmə qərarları › İş №2(004)-5496/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5496/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5496/2021 28.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyanın əvəzi olaraq 6165 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, 29 aprel 2021-ci il tarixli müqaviləyə əsasən lizinq obyekti olan Toyota Prius markalı minik avtomobilinin iddiaçıya qaytarılmasının cavabdeh "xxxx" QSC-yə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 aprel 2021-ci il tarixdə onunla "xxxx" QSC arasında maliyyə lizinqi müqaviləsi bağlanmışdır (B0001207-2021). Müqaviləyə əsasən iddiaçı TOYOTA PRİUS minik markalı (**-PY-*** dövlət nömrə nişanlı) avtomobili lizinq qaydasında əldə etmişdir. Lizinq obyektinin dəyəri 12.000 AZN qiymətləndirilmişdir. Lizinq obyektinin qiymətinin (ilkin olaraq avans kimi) 4935 AZN onun tərəfindən ödənilmiş, 7065 AZN hissəsi müqaviləsi ilə (lizinq müqaviləsi ilə) rəsmiləşdirilmişdir. İddiaçı onu da qeyd etmişdir ki, o ilk dəfə avans kimi 6000 (altı min) manat -pul ödəmiş və onabunun bir qisminin kasko sığorta və digər xərclərə çəkiləcəyi bildirilmişdir. 09 may 2021-ci il tarixdə avtomobillə qəzaya uğramışdır və bu gün sığorta şirkəti sığorta məbləğini ödəməkdən imtina edir. Sığorta şirkəti onu əsas gətirir ki, o lizinq obyektini kommersiya məqsədləri ilə bağlı sığorta etmək öhdəliyi daşımır (eləcə də taksi, rent car və.s məqsədlərlə sığorta etməmişdir). 29 aprel 2021-ci il tarixdə iddiaçı ilə "xxxx" QSC arasında maliyyə lizinqi müqaviləsinin 14-cü bəndi lizinq obyektinin sığortasına həsr olunmuşdur. Tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulub ki, lizinq obyektinə sahiblik hüququnun Lizinq alana verilməsindən əvvəl o, Lizinq obyektini öz hesabına sığortalamalıdır. Tərəflər arasında olan müqavilədə o da qeyd edilib ki, lizinq verən həm də Lizinq obyektini sığorta edir və sığorta polisinin bir nüsxəsini Lizinq alana çatdırır. Lizinq verən qeyd edildiyi kimi sığorta polisinin bir nüsxəsini iddiaçıya verməmişdir. İddiaçı 09 may 2021-ci il tarixdə avtomobillə qəzaya uğramış və bu gün sığorta şirkəti sığorta məbləğini ödəməkdən imtina edir və əsas gətirir ki, iddiaçı "taksi" fəaliyyəti ilə məşğul olmuş və buna görə onun avtomobilinin təmirini öz üzərlərinə götürmürlər. Əgər Lizinq verən müqavilədə qeyd edildiyi kimi sığorta polisini (sığorta müqaviləsini) iddiçıya təqdim etsəydi o, həmin müqavilədə kommersiya (taksi və rena car) məqsədləri üçün sığorta edilmədiyini görüb müvafiq qaydada əlavə sığorta hərəkətlərini də edəcəkdi. Lizinq verən müqavilədə qeyd edildiyi kimi sığorta polisini (sığorta müqaviləsini) ona təqdim etmədiyi üçün iddiaçının faktiki istifadəsində olan avtomobilin məhdud şərtlərlə sığorta edildiyini bilməmişdir. İddiaçı lizinq obyektinin sığortasına dair müqaviləni avtomobillə qəza etdiyi gündən (09 may 2021ci ildən) 10 gün sonra böyük get-gəldən, israr və xahişdən sonra əldə etmişdir. Hazırda cavabdehin müqavilə üzrə hərəkətlərini lazımı qaydada icra etməməsi (sığorta polisinin bir nüsxəsini ona verməməsi) nəticəsində o sığorta hərəkətlərini lazımı şəkildə edə bilməmiş və hazırkı qəza ilə onun lizinq obyekti olan avtomobilinə ciddi ziyan dəymişdir. Cavabdehin əməkdaşlıq etdiyi avtomobil servis xidmətinin 17.05.2021-ci il tarixli Aktına əsasən avtomobilinə ümumilikdə 6.165,00 (altı min yüz altımış beş) manat məbləğində ziyan dəymişdir. Odur ki, cavabdeh "X5 kredit Təşkilatı" QSC müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi səbəbindən (müqavilənin 14-cü maddəsinin pozulması səbəbindən) Lizinq obyekti olan TOYOTA PRİUS markalı minik (**-PY-*** dövlət nömrə nişanlı) avtomobilinə yuxarıda qeyd edilən məbləğdə ziyan dəymiş bu da azmış kimi lizinq obyekti olan avtomobil təmir adı altında iddiaçının əlindən alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı əvvəlcə nəqliyyat vasitəsinin sığorta olunmadığını bildirmiş, daha sonra isə sığorta müqaviləsində sığortalının avtonəqliyyat vasitəsini kommersiya məqsədləri ilə məşğul olduğu təqdirdə sığortaçının sığorta məbləğinin ödənilməsindən imtina etmək hüququna malik olması barədə məlumatının olmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, nəqliyyat vasitəsin aparib təmir üçün servisə qoymuşdur və hal-hazırda maşın sökülmüş vəziyyətdədir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, sığorta pulunu "xxxx" BOKT QSC-yə ödəmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirmişdir ki, lizinq olaraq 7065 manat pul ayrılıb. Cavabdeh tərəf sığorta şirkəti ilə əlaqə saxlamışdır. Ordan məlumat verilmişdir ki, müşahidə kameralarına baxılmışdır. Taksi xidməti ilə məşğul olan avtomobil olduğundan sığorta pulu ona ödənilmir. Cavabdeh tərəf sığorta şirkəti deyil. İddiaçı sığorta məbləğini sığorta şirkətindən tələb edə bilər. TOYOTA PRİUS minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onlarda deyil. İddiaçı da izahatında nəqliyyat vasitəsini servisə verdiyini bildirmişdir, bu səbəbdən də onlar həmin tələb üzrə də cavabdeh deyillər. İş materiallarında olan lizinq verən "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 29.04.2021-ci il tarixli, BO0012021-2021 saylı maliyyə lizinq müqaviləsinə əsasən müəyyən olunur ki, lizinq obyektinin dəyəri 12000 manat olaraq qiymətləndirilmişdir. Lizinq obyektinin qiymətinin 4935 AZN hissəsi Lizinq obyektinin sənədləri lizinq verənə verildikdən sonra avans şəklində lizinqalan tərəfindən lizinq verənin kassasına nağd şəkildə ödənilir. Qalan məbləği 7065 hissəsi lizinq müqaviləsi ilə rəsmiləşdirilir. Tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra Lizinq obyektinin tam dəyəri 12000 AZN lizinq verən tərəfindən satıcının hesabına ödənilir. Lizinq alan lizinq obyektini sığortalamaqdan imtina etdikdə və ya sığorta ödənişlərini gecikdirdikdə, Lizinq verən öz hesabına lizinq obyektini sığortalamaq hüququna malikdir.Belə olan halda, Lizinq verən bu müqavilənin müddəti üçün faydalanan və sığorta olunmuş qismində (özünün seçdiyi sığorta şirkəti ilə sığorta müqaviləsinin həcmini və şərtlərini müəyyən edərək) lizinq obyektini sığorta edir və sığorta polisinin bir nüsxəsini Lizinq alana çatdırır. Bu zaman Lizinq alan başqa risklərin sığorta ilə təmin olunmasını tələb edərsə, əlavə sığorta müqaviləsi bağlanmalıdır. İş materiallarında olan 29.04.2021-ci il tarixli, BO0012021-2021 saylı maliyyə lizinq müqaviləsi üzrə 29.04.2021-ci il tarixli təhvil-təslim aktına əsasən lizinq obyekti olan Toyota Prius minik markalı, JTDKB20U977593053 BAN nömrəli avtonəqliyyat vasitəsi "xxxx" QSC tərəfindən lizinq alana yəni, İddiaçı təhvil verilmişdir. İş materiallarında olan AS011847 saylı sığorta şəhadətnaməsinə əsasən müəyyən olunur ki, Toyota Prius minik markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığorta edilmişdir. Sığortalı "xxxx" QSC-dir. Sığorta şəhadətnaməsinə əlavə edilmiş şərtlər və istisnalar haqqında çıxarışda qeyd edilir ki, sığortalı avtonəqliyyat vasitəsi kommersiya məqsədləri ilə istifadə edildiyi təqdirdə sığorta şirkəti sığorta məbləğinin ödənilməsindən imtina etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş 17.05.2021-ci il tarixli akta əsasən müəyyən olunur ki, Toyota Prius minik markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil üçün ehtiyat hissələrinin məbləği 4245 manat, xidmət haqqı 1920 manat olmaqla ümumilikdə 6165 manat xərc hesablanmışdır. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli ərizəyə əsasən görünür ki, İddiaçı "xxxx" QSC-yə ərizə ilə müraciət etmiş, ərizəsində qeyd etmişdir ki, sığorta müqaviləsinin surəti ona vaxtında verilməmiş, həmin müqavilə ilə tanış olmamışdan əvvəl, 09 may 2021ci il tarixdə avtomobillə qəzaya uğramışdır. İş materiallarında olan 29.04.2021-ci il tarixli BO0012027-2021 saylı lizinq müqaviləsinə 1 nömrəli əlavəyə əsasən X2 12029,75 manat məbləğində pulu 36 ay müddətinə, illik 38% dərəcəsi ilə, son ay 336,25 manat olmaq şərti ilə hər ay 334,10 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 036606 nömrəli arayışa əsasən, 09.05.2021-ci il tarixdə Bakı-Quba yolunun 54-cü km-də avtonəqliyyat hadisəsi baş vermiş, nəticədə JTDKB20U977593053 BAN nömrəli avtonəqliyyat vasitəsinin ön və arxa hissəsi əzilmişdir. İş materiallarında olan 04.05.2021-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" QSC tərəfindən AR Dövlət Sığorta Kommersiya Şirkətinə 1394,04 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iş materiallarına, tərəflərin izahatına, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları ilə müəyyən edilmişdir ki, Toyota Prius minik markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı "xxxx" ASC də sığortalı "xxxx" QSC tərəfindən sığorta etdirilmişdir. Sığorta müqaviləsinin şərtlərində qeyd edilir ki, sığortalı avtonəqliyyat vasitəsi kommersiya məqsədləri ilə istifadə olunduğu təqdirdə sığortaçı sığorta məbləğinin ödənilməsindən imtina etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçı sığortalı və ya faydalanan şəxs olmadığından, iddiaçının iddia tələbi əsassız olduğundan, həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, sığorta haqqının ödənilməsi üçün iddiaçı sığortaçıya müraciət edə bilər, iş materiallarından görünür ki, sığortaçı "xxxx" ASC-dir. Məhkəmə, həmçinin iddia tələbinin lizinq obyekti olan Toyota Prius markalı minik avtomobilinin iddiaçıya qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı məhkəməyə verdiyi izahatında nəqliyyat vasitəsini sevisə qoyduğunu, hal-hazırda nəqliyyat vasitəsinin servisdə sökülmüş vəziyyətdə olmasını qeyd etdiyindən, eləcə də Toyota Prius minik markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh "xxxx" ASC-də olması iş materialları ilə müəyyən edilmədiyindən, cavabdeh tərəfindən ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh "xxxx" ASC-də olması sübuta yetirilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 386.1-ci maddəsinə əsaəsn öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı ona dəymiş ziyanın əvəzi olaraq 6165 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" QSC-dən tutularaq iddiaçıya ödənilməsi, 29 aprel 2021-ci il tarixli müqaviləyə əsasən lizinq obyekti olan Toyota Prius minik avtomobilinin İddiaçı qaytarılmasının cavabdeh"xxxx" QSC-yə həvalə edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar