Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-550/2023 16.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müaviləsi üzrə borcun və lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 iyun 2022ci il tarixli MAS-5293 saylı “Daxili lizinq’’ müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 avqust 2022-ci il tarixə 431,25 manat gecikdirilmiş əsas, 572,52 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 273,1 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3558 manat, ümumilikdə 4834,87 manat borc və 68,75 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 02 iyun 2022-ci il tarixli MAS-5293 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, ‘'Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322008 ban nömrəli, qara rəngli avtomobil 15042 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə N°3) əsasən cavabdeh illik 23 % hesablanmaqla 45 ay müddətinə hər ay 501,89 manat olmaqla, ümumilikdə isə 22586 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22586 manatın 15042 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə heç bir ödəniş olmamışdır. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş avtomobil istifadəyə yararsız vəziyyətdə 04 avqust 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 3558 manat təşkil edir. Eyni zamanda cavabdehin 02 iyun 2022-ci il tarixli MAS- 5293 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 avqust 2022-ci il tarixə ümumilikdə 1276,87 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada əməl edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin: 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir; 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə N°3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir; 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir; 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir; 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir; 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış Daxili lizinq müqaviləsinə əsasən lizinq verən buraxılış ili 2021 olan, “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili 15042 manata əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış Daxili lizinq müqaviləsinə əlavə razılaşmaya əsasən Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı illik 23% hesablanmaqla, 45 ay müddətində İddiaçı MMC -yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 02 iyun 2022-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh tərəfindən “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil təhvil alınmışıdır. İş materiallarında olan Azərmaş” MMC-nin Servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 3558 manat təşkil edir. İş materiallarında olan Azərmaş” MMC -nin maliyyə arayışına əsasən Cavabdeh Daxili lizinq müqaviləsinə əsasən lizinq şirkətinə 04 avqust 2023-cü il tarixə 431,25 manat əsas borc, 572,52 manat mükafat borcu, 273,10 manat cərimə borcu, cəmi 1276,87 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərmaş” MMC-nin 10 oktyabr 2022-ci il tarixli bildirişinə əsasən cavabdeh iddiaçıya olan borcları barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. 748-13.4. Lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən ümumi dəyəri 15 042 manat olan avtomobil cavabdehin sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdeh isə müqaviləyə uyğun olaraq avtomobildən istifadə haqqını illik 23% hesablanmaqla, 45 ay müddətində İddiaçı MMC yə ödəməyi öhdəsinə götürmüş, lakin buna əməl etməmişdir. Eyni zamanda avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə avtomobil istifadəyə yarasız vəziyyətə salınmış və bununla əlaqədar olaraq avtomobilin təmir-bərpa xərclərinin ödənilməsi tələbi meydana gəlmişdir. Məhkəmə Cavabdeh tərəfindən lizinq müqaviləsinin şərtlərinə əməl edilməməsini nəzərə alaraq hesab edir ki, 431,25 manat gecikdirilmiş əsas, 572,52 manat gecikdirilmiş mükafat tələbi əsaslıdır və təmin olunmalıdır. Bundan əlavə iş materiallarından görünür ki, cavabdeh müqavilə üzrə müəyyən ödənişlər etmədiyi nəticəsində iddiaçı (lizinq verən) müqavilə şərtinə əsasən 273,1 manat məbləğində cərimə pulu hesablamışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmçinin həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, hesablanmış dəbbə pulunun gecikdirilmiş borcun məbləğinə münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulu azaldılaraq 30,18 manat məbləğində müəyyən olunmalıdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 iyun 2023-cü il tarixli, 9/2097 nömrəli rəyinə əsasən, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3470,0 manat müəyyən edilir. Beləliklə iş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3470,0 manat məbləğində ziyan dəyməsi müəyyən olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia avtomobilə dəymiş zərərə görə pul tələbi hissəsində qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 3470 manat maddi zərər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün 64,04 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, təmin edilmiş tələblərin məbləğində mütənasib olaraq 50 manat ekspertiza xərcinin 46,5 manatı cavabdehdən, 3,5 manatı isə iddiaçıdan tutularaq X2 hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 431,25 manat gecikdirilmiş əsas, 572,52 manat gecikdirilmiş mükafat və 30,18 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3470 manat, ümumilikdə 4503,95 (dörd min beş yüz üç manat doxsan beş qəpik) manat borc və 64,04 (altmış dörd manat dörd qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. 50 (əlli) manat məbləğində məhkəmə-əmtəə ekspertizasının dəyərinin 46,5 (qırx altı manat əlli qəpik) manatı Cavabdeh, 3,50 (üç manat əlli qəpik) manatı İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-550/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-550/2023
16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver