Məhkəmə qərarları › İş №2(004)-5522/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5522/2025

14.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5522/2025 14.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzilində, Yeni ünvan 1 ünvanına müəyyən edilən istilik təchizatı xidmətlərinə görə yaranan 435 manat 54 qəpik (dörd yüz otuz beş manat əlli dörd qəpik) borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, onun şəxsi mülkiyyətində olan Yeni Yasamal - 1, ev 14, mənzil 156, 1993-cü ildə Şuşadan olan köçkün X13 və onun ailəsi tərəfindən zəbt olundu. Əlaqədar təşkilatlara etdiyi müraciətlərin heç bir nəticəsi olmadı. X3 və ailəsinin onun mənzilindən çıxarılması haqqında Yasamal Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli Qətnaməsi və Avropa İnsan Hüquqları məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli Qətnaməsi icra olunmadı. Nəhayət, 33 il onun mənzilində yaşadıqdan sonra, 20 dekabr 2024-cü il tarixində X3 və ailəsi “Böyük Qayıdış” İ Dövlət Proqramı” çərçivəsində Şuşa şəhərində mənzillə təmin olunaraq oraya köçürülmüşdür. Lakin, onlar mənzillərindən çıxdıqdan sonra məlum olur ki, X18 və ailəsinin Cavabdeh idarəsinə 555 manat 54 qəpik (beş yüz əlli beş manat əlli dörd qəpik) istilik haqqı borcu qalmışdır. Mənzil ona təhvil verilən xx.xx.2024-cü il tarixindən 2025-ci ilin may ayına qədər olan müddət üçün yaranmış 119 manat borcu o, Azəristiliktəchizat idarəsinə ödəmişdir. Qalan 435 manat 54 qəpik pul isə borc qismində qalır. Bununla əlaqədar olaraq Qaçqınların və X10 üzrə Dövlət Komitəsindən bildirilir ki, 31 dekabr 2016cı il tarixinə qədər məcburi köçkünlər tərəfindən istifadə olunan istilik enerjisinə görə Komitə “Azəristiliktəchizata” ödəniş həyata keçirmişdir. 2017-ci ildən qüvvədə olan Qanunvericiliyə əsasən məcburi köçkünlərə vahid aylıq müavinət ödənilir ki, hal-hazırda 60 manatdır. Köçkünlər istifadə etdikləri bütün növ kommunal xidmətlərə, həmçinin istilik enerjisinə görə həmin aylıq müavinət hesabına özləri ödəniş etməlidirlər. X21 ödəniş etməmişdir və nəticədə onun 2017-ci ildən hal-hazıra kimi Cavabdeh idarəsinə 555 manat 54 qəpik borcu yaranmışdır ki, bununda 120 manatını o, ödəmişdir. Bu 435 manat 54 qəpik istilik pulunun silinməsi ilə əlaqədar olaraq o, Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Hakim Gülnar Babazadənin qəbul etdiyi Qərardadda bildirilir ki, İddiaçı hazırda Yasamal rayonunda qeydiyyatda deyildir və o, ünvan 2 ünvanında yaşayır. Bu səbəbdən İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidir və sənədləri ona geri qaytardı. O, Nəsimi Rayon Məhkəməsinə müraciət etdi. Burada hakim Ramin Xəlilovun qərarı ilə sənədləri geri qaytardılar. Qəradadda bildirilir ki, ərazi aidiyyatı üzrə müvafiq məhkəməyə, Səbail rayon və ya Yasamal rayon məhkəməsinə müraciət etmək hüququ vardır ki, o da bu hüquqdan istifadə edərək bir daha Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində adı keçən Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə dövlət komitəsinin nümayəndələrinin və qaçqın Telman Quliyevin məhkəmədə iştirak etməsini bu məsələnin araşdırılmasında lazım hesab edir. Əgər 2017-ci ildən 2025ci ilə qədər olan 8 il ərzində "xxxx" ASC özü ilə Qaçqınkom və onun himayəsində olan qaçqın Telman Quliyevin arasında olan bu mübahisəli məsələnin həll etməyibsə və bunun üçün heç bir təşəbbüs etməyibsə indi nə haqla bu pulun ödənilməsini ondan tələb edə bilər. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh ASC, Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-cı il tarixli 847 saylı “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən yaradılmışdır və başlıca vəzifəsi tərkibinə daxil olan sturukturlar vasitəsi ilə istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin təmin etməkdən ibarətdir. Yasamal rayonu, Yeni Yasamal 1, 14 saylı yaşayış binası 8 saylı X6 Sahəsi tərəfindən istilik enerjisi ilə təchiz edilir. Qeyd olunan yaşayış binasının 156 saylı mənzili istilik enerjisi ilə təchiz olunmasına baxmayaraq kommunal xidmətə görə 419,54 manat məbləğində borc bu günə kimi ödənilməmişdir. Yuxarıda qeyd olunanları və MPM-nin 217 və 218-ci maddələrini rəhbər tutaraq İddiaçı Cəmiyyətə qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun mübahisəli mənzilini 33 il müddətinə məcburi köçkünlər zəbt etmişdir. 2025-ci ilin yanvar ayında o, evini onlardan təhvil almışdır. 2017-ci ilə kimi bütün kommunal pulları Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən ödənilib. 2017-ci ildən bugünə kimi məcburi köçkünlər heç bir kommunal pulunu ödəməyib. Ona verilən suallara cavab olaraq bildirdi ki, Cavabdeh ASC-nin Abonent Şöbəsindən bildirildi ki, qalan borcu da iddiaçı ödəməlidir, amma bu müddət ərzində o, həmin evdə yaşamamış, evini məcburi köçkünlər zəbt etmişdi. Bu mübahisə ilə bağlı məhkəməyə müraciət olunmayıb. Cavabdeh tərəf ona qarşı borcun ödənilməsi ilə bağlı heç bir iddia qaldırmayıb. Evi satmış və hazırda yeni sahibi ona pulunu tam şəkildə ödəmir ki, kommunal borcunu ödəsin. O, hazırda kirayədə yaşayır. Mənzilinə məcburi köçkünlər tərəfindən ciddi zərər vurulmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, məcburi köçkün tərəfindən kommunal borc 2017-ci ildən ödənilməmişdir. İddiaçı onlara müraciət edəndə ona tərəfindən bildirildi ki, özünə aid olan hissədə borcu ödəsin. Hazırda həmin məcburi köçkün başqa yerə köçürülüb. Müraciət edildiyi zaman ona öz borcunu ödəməsini təklif etdilər, daha sonra Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlər tərəfindən istifadə olunmuş istiliyə görə hər hansı köhnə borcun silinməyəcəyi bildirilmişdir. Çünki mənzil istiliklə təmin olumuşdur, yəni kommunal xidmət göstərilmişdir. Borc real mövcuddur. Ona verilən suallara cavab olaraq bildirdi ki, mənzil çoxmənzilli binada yerləşir. Mübahisə ilə bağlı məhkəməyə müraciət olunmamışdır. Mənzilə xəbərdarlıq məktubu göndərilir. Onlar vətəndaşlara yox, mənzillərə xidmət göstərirlər. Mənzilin faktiki olaraq mülkiyyətçisi dəyişməyib, istifadəçi dəyişib. Sayğac olmur. Evin kvadrat metrinə görə Tarif Şurası qiymət cədvəli müəyyən edir. Mənzilə hesablanmış borcdur və həmin vaxtlar istilik sistemindən istifadə olunub. Tarif Şurasının qərarı ilə borc hesablanıb, mənzilin hər kvadrat metr üçün 15 qəpik hesablanır. Onlar tərəfindən Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə müraciət edilib, amma borcu ödəməklə bağlı razılıq əldə olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Beləki, iş materillarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1500/2017 saylı, 14 mart 2017ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X7, X4, X5, X8 və X16ma qarşı “mənzildən çıxarılma tələbinə dair iddia tələbi təmin edilərək, cavabdehlər X13, X9, X12, X14 və X15 əmlakları ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, ev 14, 156 saylı mənzildən çıxarılmaları qət edilmişdir. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1500/2017 saylı, 14 mart 2017-ci il tarixli icra sənədinə xitam verilmişdir. Həmin qərara əsasən “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində mənzildə məskunlaşan məcburi köçkün ailəsi Şuşa şəhərinə köçürülmüş və mənzil xx.xx.2024-cü il tarixdə mənzilin mülkiyyətçisinə təhvil verilmişdir. Bu barədə müvafiq akt tərtib olunmuşdur. Eyni zamanda iş üzrə tələbkar xx.xx.2024-cü il tarixli ərizə ilə şöbəyə müraciət edərək icra sənədi üzrə tələbin təmin olunduğunu bildirərək iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. İcra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən qeyd olunan yaşayış binasına qədər istilik xətləri normal vəziyyətdədir və bina 2024/2025-ci illər payız-qış mövsümündə və əvvəlki payız-qış mövsümlərində Cavabdeh ASC tərəfindən mövcud parametrlərə uyğun istiliklə təmin olunmuşdur. xx.xx.2025-ci il tarixinə mənzilində istifadə olunmuş istilik təchizatı xidmətlərinə görə 419,54 manat borcu vardır. Qısa müddət ərzində borcun ödənilməsini ondan xahiş etmişlər. Onun abonent kodu **********56-dır. Ödənişlərini bank, poçt şöbələrində, Asan Xidmət vasitəsi ilə və eyni zamanda istənilən bank kartı ilə internet üzərindən ölkə ərazisində fəaliyyət göstərən bütün online ödəniş sistemləri və ya terminalları vasitəsilə həyata keçirə bildiyi qeyd olunmuşdur. Mənzilində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərin borcları bağlı münasibətlərə dair aidiyyati üzrə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə müraciət etməyini məqsədəuyğun hesab etmişlər. - Sabir Əhmədovun Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə daxil olmuş X1, ona məxsus olan Bakı şəhəri Yeni Yasamal-1, ev 14, 156 saylı mənzildə məcburi köçkün kimi müvəqqəti məskunlaşan X13 və ailə üzvləri “Böyük Qayıdış İ Dövlət Proqramı” çərçivəsində Şuşa şəhərinə mənzil ilə təmin olunaraq köçürüldükdən sonra həmin mənzilin istilik təchizatına görə yaranmış 419,54 manat borcun silinməsi barədə müraciəti baxılması üçün onlara göndərilmişdir. Məlum olduğu kimi, xx.xx.2016-cı il tarixinə qədər məcburi köçkünlər tərəfindən istifadə olunmuş istilik enerjisinə görə Komitə tərəfindən Cavabdeh ASC-yə ödəniş həyata keçirilmişdir. 2017-ci ildən etibarən isə qüvvədə olan müvafiq qanunvericiliyə əsasən məcburi köçkünlərə (yataqxana, pansionatlar və bu tipli digər binalarda faktiki yaşayan məcburi köçkünlər istisna olmaqla) müəyyən məbləğdə (hal-hazırda 60,0 manat) vahid aylıq müavinət ödənilir və istifadə olunan bütün növ kommunal xidmətlərin, həmçinin istilik enerjisininə görə ödəniş həmin vahid aylıq müavinət hesabına onların özləri tərəfindən həyata keçirilməlidir. Göstərilənləri nəzərə alaraq, yaranmış borcun hansı tarixə təsadüf etdiyini araşdırıb Komitəyə və vətəndaşa bildirilməsini, borcun 2017-ci ilə qədər yarandığı halda silinməsinə köməklik göstərilməsini ASC-dən xahiş etmişdir. - **********56 nömrəli abonent kodu üzrə X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, b14, 156 saylı mənzil üzrə 06 yanvar 2001-ci il xx.xx.2026-cı il üzrə 419,54 manat məbləğində borc hesablanmışdır. Son ödəmə 30 iyun 2025-ci il tarixdə 120 manat, 04 iyul 2025-ci il tarixdə 16 manat olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, b14, 156 nömrəli mənzil iddiaçı X1 mülkiyyətindədir. Həmin mənzildə 1993cü ildə Şuşa şəhərindən olan məcburi köçkün X13 və onun ailəsi yaşamışdır. Daha sonra onlar 20 dekabr 2024-cü il tarixində “Böyük Qayıdış” İ Dövlət Proqramı” çərçivəsində Şuşa şəhərində mənzillə təmin olunaraq oraya köçürülmüşlər. X13 və onun ailəsi mənzildən çıxdıqdan sonra iddiaçıya məlum olmuşdur ki, 555,54 qəpik istilik haqqı borcu var. İddiaçı tərəf bildirir ki, xx.xx.2024-cü il tarixindən 2025-ci ilin may ayına qədər həmin borcdan 119 manatı ödəmiş, 435,54 manat məbləğində borc isə qalır. **********56 nömrəli abonent kodu üzrə X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, b14, 156 saylı mənzil üzrə 06 yanvar 2001-ci il xx.xx.2026-cı il üzrə 419,54 manat məbləğində qalıq borc vardır. Son ödəmə 30 iyun 2025-ci il tarixdə 120 manat, 04 iyul 2025-ci il tarixdə 16 manat olmuşdur. Hal-hazırda iddiaçı mübahisəli mənzilə müəyyən edilən istilik təchizatı xidmətlərinə görə yaranan 435,54 manat borcun Cavabdeh ASC tərəfindən silinməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinəə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Məhkəmə qeyd edir ki, iddiaçı X1 cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddia tələbində silinməsi tələb olunan borc keçmiş məcburi köçkünlər X13 və onun ailəsinin yaşadığı dövrdə yaranmışdır. Buna görə də, həmin borcun silinməsi barədə iddia tələbi cavabdehə qarşı X13 tərəfindən qaldırılmalıdır. Eyni zamanda məhkəmə bildirir ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, b14, 156 nömrəli mənzil üzrə 435,54 manat məbləğində hesablanmış kommunal xidmətdən istifadə edilmişdir. Abonent hərəkətləri saldosundan görünür ki, mənzil üzrə qalıq borc 419,54 manat təşkil edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, mübahisəli mənzil İddiaçı məxsusdur. Abonent saldosundan da görünür ki, tələb edilən borc mənzildə yaşayan məcburi köçkünlər X13 və onun ailəsi tərəfindən ödənilməmiş borcdur. Göründüyü kimi iddiaçı üçüncü şəxsə aid olduğunu iddia etdiyi borcun cavabdeh tərəfindən silinməsini tələb etməkdə subyektiv hüquqa malik deyil. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı onun mənzilində ünvan 4 ünvanına müəyyən edilən istilik təchizatı xidmətlərinə görə yaranmış 435,54 manat borcun Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməsi barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı onun mənzilində ünvan 4 ünvanına müəyyən edilən istilik təchizatı xidmətlərinə görə yaranan 435 manat 54 qəpik borcun Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar