Məhkəmə qərarları › İş №2(004)-5542/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5542/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5542/2021 15.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi 3169-cu məhəllədə inşa edilən 18 mərtəbəli 59K saylı yaşayış binasının 1-ci blok, 18-ci mərtəbədəki 177 saylı mənzilin tikintisi üçün artıq ödənilmiş 11.390 manat pulun və əldən çıxmış fayda olaraq 1000 manat məbləğdə vəsaitin və mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğin, ümumilikdə 14 390 manat məbləğində vəsaitin müəyyən edilərək cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 mart 2012-ci il tarixdə cavabdeh ilə aralarında bağlanan payçı müqaviləsinə əsasən, iddiaçı cavabdeh tərəfindən inşa edilən Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi 3169-cu məhəllədə 18 mərtəbəli 59K saylı yaşayış binasının 1-ci blok, 18-ci mərtəbədəki 177 saylı mənzilini əldə etmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh ona 86,5 kv.m. mənzil sahəsini tikib təhvil verməyi öhdəsinə götürsə də, bunu etməmiş, ona yalnız 63,72 kv.m. ümumi sahədən ibarət mənzili tikib təhvil vermişdir. Bu fakt ona yalnız mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair çıxarış verilən zaman məlum olmuşdur. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək bu fərqin yaranması səbəbindən artıq ödədiyi vəsaitin ona geri verilməsini istədikdə, ilk vaxtlar MTK-nın rəhbərliyi bu problemin həll ediləcəyi və iddiaçıya pulun ödəniləcəyi bildirmişdir. Cavabdehin verdiyi arayışdan görünür ki, cavabdeh kv.m-ə görə ondan 500 manat olmaqla, ümumilikdə 86,5 kv.m-ə görə 43 250 manat pul almışdır. Lakin mənzilin sahəsinin 86,5 kv.m deyil, 63,72 kv.m olduğu nəzərə alınanda, bu məbləğ 31860 manat olmalı idi. Bu isə onu deməyə əsas verir ki, hazırda cavabdeh iddiaçıya 11390 manat vəsaiti geri qaytarmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1.-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2. -ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin “§ 1. Alqı-satqı haqqında ümumi müddəalar” paraqrafının: 577.1.-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 578.1.-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Təqdim olunmuş sübutlarla cavabdehin öhdəliyini tam icra etməməsi, müqavilədə müəyyənləşdirilmiş sahədən az ölçüdə mənzilin iddiaçıya verilməsi təsdiq edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia mənzilin tikintisi üçün artıq ödənilmiş 11.390 manat pulun tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə əldən çıxmış fayda tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21- ci maddəsinin tələblərinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamam zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Əldən çıxmış fayda tələbi iddia ərizəsində ümumiyyətlə əsaslandırılmamış və iddiaçıya 1000 manat məbləğdə zərər dəyməsini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdr. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə mənəvi zərər tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci (zərərin əvəzinin ödənilməsi) və 23-cü maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdehin iddiaçı tərəfindən artıq ödənilmiş məbləğin tələb edilməsinə baxmayaraq ödəməməsi, iddiaçının polis və prokurorluq orqanlarına müraciət etməsi, bunun da nəticə verməməsi səbəbindən məhkəməyə müraciət etməsi mənəvi sarsıntı keçirməyə əsas olan hallardır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkətlərinin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakteri və ağırlığını, cavabdehin təqsirini və əmlak vəziyyətini, iddiaçının fərdi xüsusiyyətlərini, dəymiş zərərin məbləğini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 1000 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu tələb edilmədiyindən 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. "xxxx" MTK-dan 11 390 (on bir min üç yüz doxsan) manat mənzilin tikintisi üçün artıq ödənilmiş məbləğ və mənəvi zərərə görə 1000 (min) manat pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar