Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5543/2023 19.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1555,2 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 44 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış, abonent kodu **********00010 olan qaz sayğacı iddiaçıya məxsusdur. Cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus mənzilin sayğacına onun məlumatı olmadan baxış keçirmiş, baxış keçirilən zaman guya **********4 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarında və yuvasının ətrafında əzik və cızıq izlərinin aşkar olunması barədə xx.xx.2023-cü il tarixli, 14-2-2 3-5- 4621/Q001 nömrəli akt tərtib edilmişdir. Halbuki, nə onun, nə də ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmamış, heç bir qeyriqanuni hərəkət edilməmişdir. Qaz sayğacı həyətyanı sahədən kənarda quraşdırıldığı üçün iddiaçı tərəfindən həmin sayğaca daima nəzarət etmək mümkün deyildir. Dəymiş ziyanın bərpasına dair itirilmiş 12960 m3 qazın bərpası üçün ziyanın hesablanması barədə tələbnamə tərtib olunmuşdur. Daha sonra Cavabdeh əməkdaşları iddiaçının məlumatı olmadan sayğaca baxış keçirmiş, sayğacı dəyişmək məqsədilə aparmış və yenidən quraşdırarkən guya sayğaca müdaxilə olunduğunu ona bildirmişlər. Hesab edir ki, həmin aktda göstərilən nöqsan əsassızdır, heç bir həqiqəti əks etdirmir. Belə ki, "Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız olaraq tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qaza görə ümumilikdə 1555,20 (bir min beş yüz əlli beş) manat cərimə borcunun ödənilməsi iddiaçının öhdəsinə qoyulmuşdur. Göstərilənlərə əsasən iddiaçı barəsində əsassız tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv olunması və 1555.20 (bir min beş yüz əlli beş) manat cərimə borcunun silinməsini məhkəmədən xahiş edir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və həmin aktın əsasında hesablanmış 1555,2 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz verərək iddianın əsassız olduğunu bildirərək rədd olunmasını xahiş edir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00010 nömrəli abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********4 nömrəli sayğac yoxlanılması üçün Cavabdeh X1 Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3-5-74621/Q001 saylı Akta əsasən “sayğac hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Hesablanmış 1555,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Etirazda məhkəmənin diqqətinə çatdırılmışdır ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Bununla da, iddiaçı qanunazidd təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın hesabatının aparılmasını əngəlləmişdir. Hesab edir ki, abonentlə bağlanmış qazın alqı-satqısına dair müqavilənin 2.2.6-cı bəndinə əsasən borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. İstehlakçıya hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər arasında bağlanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri, habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Beləliklə, etirazda qeyd edilir ki, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, **********00010 abonent kodu verilmiş yaşayış sahəsi onun istifadəsinə mərhum atasından keçmişdir. Onunla Cavabdeh arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Verilmiş suallara əsasən əlavə olaraq bildirir ki, barəsində aktla borc hesablanmış sayğac mənzildən kənarda girişdə yerləşir. Bu səbəbdən də onun sayğacın tamlığına nəzarət etmək imkanı yoxdur. Əvvəllər təbii qazdan istifadənin hesablanması ilə bağlı cavabdeh tərəfindən quraşdırılmış sayğac kart sistemi ilə işləyirdi. Daha sonra cavabdehin əməkdaşları bildirmişlər ki, sayğac düzgün işləmədiyi üçün dəyişdirilməlidir və özləri yenidən mənzildən kənarda girişdə yeni sayğac quraşdırmışlar. O, mənzildə üç ilə yaxın müddətdir ki, qaz pilitəsi, “beşdəqiqəlik” suqızdırıcısı və “ceyran peçi” cihazlarından istifadə edir. “Ceyran peçi” əsasən qış aylarında istifadə olunur. Adətən sayğaca cavabdehin əməkdaşı baxıb sərfiyyata görə borc hesablayıb onlara qəbz təqdim etmişdir. Nəzarətçi bir gün qəbz təqdim edərkən qaz sərfiyyatına görə borc məbləğinin 4 (dörd) manat hesablanmasını və bu halın onun mənzilində təbii qazdan sərfiyyata görə uyğun olmadığını aşkar etmişdir. O, nəzarətçiyə qaz piltəsi, qaz sobası, qızdırıcı işlətdiyi halda 4 manat, yəni az hesablanmasını və təəcübünü öz təşəbbüsü ilə bildirmişdir. Bundan bir müddət sonra cavabdeh Birliyin əməkdaşları gəlib sayğaca baxış keçirmiş və sayğacın normal işləmədiyini bildirmişlər. Sayğac göstəricisi ilə bağlı cavabdeh təşkilata rəsmi müraciəti olmamış, yalnız nəzarətçiyə şifahi qaydada məlumat vermiş və bundan sonra sayğaca baxış keçirmişlər. Baxışdan bir neçə ay keçdikdən sonra sayğacı yenisi ilə əvəz etmişlər. Lakin sayğac əvəz ediləndə ona sayğacda hansı qüsurun olması, eləcə də cızıq izlərinin aşkar olunması barədə məlumat verməmişlər. Əgər bu cür hal olsaydı sayğacın fotoşəkillərini çəkib ona təqdim edərdilər. Bir neçə aydan sonra isə ona 1550 manat borcunun olduğunu bildirmişlər. Borcun səbəbi barədə maraqlandıqdan sonra ona akt təqdim etmişlər, hansı ki, həmin aktdan məlumatı olmamış və ona məlumat verilmədən tərtib edilmişdir. Akta münasibətdə qeyd edir ki, əgər sayğacda cızıq var idisə, aktı onun yanında tərtib edilməli idilər və şəklini çəkə bilərdilər. Bəlkə yolda əməkdaşların özlərinin əlindən düşüb və ya nəsə olmuşdur. Buna o, cavabdeh olmalı deyildir. Onlar tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Borc məbləğini bildikdən sonra o, aktı özü tələb edərək almışdır. Aktı imzalamaqdan imtina etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını, aktın etibarsız hesab edilərək, ona hesablanmış borc məbləğinin silinməsini məhkəmədən xahiş edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında cavabdeh tərəfin iştirak etməməsinin üzrlü hesab edilərək məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazını, etiraza əlavə edilmiş sübutları, iş materiallarını araşdırıb və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-in əməkdaşları tərəfindən ünvan 1 ünvanında qaz sayğacına baxış keçirilmiş və **********4 nömrəli sayğac **********7 nömrəli sayğacla əvəzlənmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və abonentə təhvil verilmişdir. Yeni sayğacın quraşdırılma səbəbi əvəzetmə olmuşdur. Əvəzetmənin səbəbi kimi sayğacın sərfiyyatı düzgün göstərməməsi qeyd edilmişdir. Akt istehlakçı İddiaçı tərəfindən imzalanmışdır. Aktda sayğaca müdaxilə və ya cızıq izlərinin aşkar edilməsi barədə qeydiyyatın aparılması müəyyən edilmir. - Cavabdeh İB-in xx.xx.2023-cü ildə dövlət yoxlamasına gətirilmiş difraqma tipli qaz sayğaclarına baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5-4621/Q001 nömrəli aktın surətindən görünür ki, zavod nömrəsi **********4 olan G-4 markalı sayğacın müayinəsi zamanı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod platmas plomblarının üzərində və yuvasının ətrafında əzik və cızıq izləri müəyyən olunmuşdur. - “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 44, mənzil 1 ünvanında yaşayan, abunə kodu **********00010 olan abonentin **********4 nömrəli sayğacında hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod platmas plomblarının üzərində və yuvasının ətrafında əzik və cızıq izləri aşkar edilmiş, dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmişdir. Akt Cavabdeh İB-nin əməkdaşları tərəfindən imzalanmasına baxmayaraq, istehlakçı İddiaçı tərəfindən imzalanmamış və bunun səbəbi onun aktı imzalamaqdan imtina etməsi göstərilmişdir. - Cavabdeh İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı barəsində xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5-4621/Q001 nömrəli aktlar əsasında itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra edilməsi müəyyən edilmişdir. Tələbnamədə dəymiş ziyanın bərpasına əsas AR Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının hərəkətləri (hərəkətsizliyi), habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələbi göstərilmişdir. Həmçinin tələbnamə ilə qaz sayğacının maksimal qaz sərfi 6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi müəyyən edilmişdir. Aparılmış hesabat əsasında dəymiş ziyanın həcmi, yəni itirilmiş qazın həcmi 12960 m3 (6 x 24 x 90=12960) hesablanmışdır. - xx.xx.2023-cü il tarixli abonentin saldosuna əsasən müəyyən edilir ki, abonent kodu **********00010 olan İddiaçı 2023-cü ilin aprel ayı üzrə aktlar üzrə 1555,2 manat borc yazılmışdır. Həmçinin müəyyən edilir ki, mənzildə istifadə olunan cihaz olaraq 4 gözlü qaz pilitəsi, samovar, qızdırıcı radiator peçi qeydə alınmışdır. Qeyd olunan saldo vərəqəsindən həmçinin müəyyən edilir ki, həmin saldo çıxarışı abonentin 2010-2023 illər ərzindən aylar üzrə qaz sərfiyyatına dair və hesablanmış borclara dair məlumatları özündə əks etdirir. Saldoda qeyd olunmuş məlumatlar müqayisəli şəkildə məhkəmə tərəfindən təhlil edildikdə müəyyən edilir ki, abonentin 2020- 2023-cü il dövr ərzində ən yüksək qaz sərfiyyatı 2021-ci ilin yanvar ayında qeydə alınmışdır ki, həmin vaxt qaz sərfiyyatının həcmi 398 m3 təşkil etmişdir. Bundan başqa illər üzrə abonentin payız-qış aylarında təbii qaz sərfiyyatı 300-398 m3 aralığında, yaz-yay aylarında isə 25-109 m3 aralığında dəyişmiş, 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək olan dövrdə isə qaz sərfiyyatında kəskin azalma müşahidə edilir ki, həmin dövr üzrə təbii qaz sərfiyyatı 5-42 m3 aralığında dəyişir. 2023-cü ilin aprel ayında abonentə məxsus mənzildə yeni **********7 nömrəli sayğac quraşdırılmış və itirilmiş qaz sərfiyyatına görə ona akta əsasən hesablanmış 12960 m3 görə 1555,2 manat borc qeydə alınmışdır. Yeni sayğac quraşdırıldıqdan sonra 2023-cü ilin may-oktyabr ayları üzrə təbii qaz sərfiyyatı 33-87 m3 aralığında dəyişir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent kodu **********00010 olan istehlakçı İddiaçı adına verilmiş, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 44, mənzil 1 ünvanında quraşdırılmış **********4 nömrəli sayğac üzrə hesablanmış qaz sərfiyyatına dair xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli “Bildiriş Xəbərdarlıq” qəbzlərindən görünür ki, abonentin qaz sərfiyyətinin həcmi müvafiq aylar üzrə 15-16-42-38-26 m3 təşkil etmişdir. Həmçinin sonradan əvəz edilmiş **********7 nömrəli sayğac üzrə hesablanmış qaz sərfiyyatına dair xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli “Bildiriş Xəbərdarlıq” qəbzlərindən görünür ki, abonentin qaz sərfiyyətinin həcmi müvafiq aylar üzrə 67-35-87 m3 təşkil etmişdir. Beləliklə, abonentin saldosu və “Bildiriş Xəbərdarlıq” qəbzlərindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən aylar üzrə sayğac göstəricilərinə baxış keçirilməsi təmin edilmiş və müvafiq təbbi qazdan sərfiyyatın həcmi bağlı qeydiyyat aparılmışdır. Məhkəmə qeyd edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətidir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə əvvəla qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən istehlakçıya, o cümlədən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir və bu münasibətlər öz xarakterinə görə mülki münasibətlərdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 2023cü ilin aprel ayında tarixdə iddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5-4621/Q001 nömrəli rəyə əsasən 28 aprel 2023-cü il tarixində əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş iddiaçıya məxsus sayğaca baxış keçirilmiş və zavod nömrəsi **********4 olan G-4 markalı sayğacın müayinəsi zamanı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod platmas plomblarının üzərində və yuvasının ətrafında əzik və cızıq izləri aşkar olunmuşdur. Daha sonra həmin rəyə əsasən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Aktla dəymiş ziyanın hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan akt Cavabdeh İB-nin əməkdaşları tərəfindən imzalanmasına baxmayaraq, istehlakçı İddiaçı tərəfindən imzalanmamış və bunun səbəbi onun aktı imzalamaqdan imtina etməsi göstərilmişdir. Bundan sonra akta əsasən Cavabdeh İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli tələbnamə verilmişdir. Tələbnamə ilə qaz sayğacının maksimal qaz sərfi 6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi müəyyən edilmişdir. Aparılmış hesabat əsasında dəymiş ziyanın həcmi, yəni itirilmiş qazın həcmi 12960 m3 (6 x 24 x 90=12960), borc məbləği isə 1555,2 manat hesablanmışdır. Hazırda iddiaçı barəsində cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsini və həmin akt əsasında hesablanmış 1555,2 manat borcun silinməsini xahiş edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5- 4621/Q001 nömrəli rəyə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktın qanuni və əsaslı olmasını, iddiaçının sayğaca müdaxilə etməsi ilə bağlı qanunazidd hərəkətləri nəticəsində dəymiş ziyanın əvəzi olaraq, yəni itirilmiş qazın həcminin 12960 m3 (6 x 24 x 90=12960) və borc məbləğinin isə 1555,2 manat hesablanmasını bildirmişdir. Cavabdeh həmçinin iddiaçıya məxsus mənzilə quraşdırılmış sayğaca müdaxilənin ondan başqa heç kimin marağında olmamasına və bununla da iddiaçının əsassız varlanmağa çalışmasına istinad edərək iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə abonent cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına abonent tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna hesablanmış itirilmiş qazın dəyərinə görə 1555,20 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Məhkəmə hesab edir ki, abonentin təqsirli hərəkəti (hərəkətsizliyi) sübuta yetirilmədən akt tərtib edilməsi və bununla da əsassız olaraq itirilmiş qazın bərpası məqsədilə abonentin hesabına 12960 m3 həcmində, 1555,2 manat məbləğində borc daxil edilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana mənzildən kənarda quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Həmçinin, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. Hazırkı mülki işdə isə, məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçıya məxsus mənzildə əvvəldən mövcud olan **********4 nömrəli sayğac **********7 nömrəli sayğacla əvəzlənmiş və buna dair xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Qeyd olunan aktda istehlakçı olaraq İddiaçı iştirakı təmin edilməklə sayğaca müdaxilə və ya cızıq izlərinin aşkar edilməsi barədə qeydiyyat aparılmamış, əvəzetmənin səbəbi kimi sayğacın sərfiyyatı düzgün göstərməməsi qeyd edilmişdir. Akt istehlakçı İddiaçı tərəfindən imzalanmışdır. Belə olan halda, sonradan guya xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5- 4621/Q001 nömrəli rəyə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktı istehlakçının imza etməkdən imtina etməsi inandırıcı deyildir və bu hal məhkəmədə kifayət qədər şübhə doğurur. Bundan başqa, iş materialları ilə müəyyən edilmişdir ki, fiziki şəxs olan iddiaçının ünvanında qaz sayğacı evdən kənarda quraşdırılmış, həmin sayğaca cavabdeh təşkilatın əməkdaşlarının sərbəst şəkildə nəzarət imkanı olmuşdur. Bu abonentin saldo vərəqəsindən və cavabdehin özü tərəfindən istehlakçıya təqdim edilmiş “Bildiriş Xəbərdarlıq” qəbzləri ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan abonentin saldosu və “Bildiriş Xəbərdarlıq” qəbzlərindən cavabdehin əməkdaşları tərəfindən aylar üzrə sayğac göstəricilərinə baxış keçirilməsinin təmin edilməsi və müvafiq təbii qazdan sərfiyyatın həcmi ilə bağlı qeydiyyat aparılması aşkar görünür. Mübahisəli borc isə üç aylıq dövr üçün sayğacın yararsız olması səbəbindən yazılmışdır və 2023-cü ilin aprel sistemə daxil edilmişdir. Halbuki abonentin sərfiyyatı həm əvvəlki dövrdə, həm də sayğac dəyişəndən sonra olduqca aşağıdır. Ona görə də məhkəmə hesab edir ki, hesablanmış borc kifayət qədər şişirdilmişdir, həmçinin cavabdehin özünün nasazlığı vaxtında aşkar etmək imkanı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən evdən kənarda quraşdırılan təbii qaz sərfiyyatını ölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına Cavabdeh İB-nin özü cavabdehlik daşıdığından, buna baxmayaraq sayğacın nasazlığına görə iddiaçının təqsirinin olması sübuta yetirilmədən əlavə sərfiyat üzrə ona borc hesablanması qanunsuz olmuşdur. Çünki işçi vəziyyətdə saxlanılmasına görə istehsalat birliyinin məsuliyyət daşıdığı sayğacda aşkar edilmiş qüsurların məhz istehlakçı – İddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut "Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması iş materialları ilə müəyyən edilmir. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Cavabdeh Birliyin əməkdaşları tərəfindən sayğac çıxarılarkən tərtib olunan aktda sayğacın qüsurlu olması deyil, əvəzetmə səbəbindən quraşdırıldığı qeyd edilmişdir. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* saylı aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı 1555,2 manat borcun iddiaçıdan tələb etməsi əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-in “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli aktı etibarsız hesab edilməli və həmin aktın əsasında Cavabdeh İB tərəfindən Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 44, 1 saylı mənzilin təbii qazla təchiz edilməsi ilə əlaqədar **********00010 abonent kodu üzrə hesablanmış 1555,2 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 35,55 manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-in “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli aktı etibarsız hesab edilsin və həmin aktın əsasında Cavabdeh İB tərəfindən Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 44, 1 saylı mənzilin təbii qazla təchiz edilməsi ilə əlaqədar **********00010 abonent kodu üzrə hesablanmış 1555,2 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 35,55 (otuz beş manat əlli beş qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-5543/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5543/2023
19.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver