Məhkəmə qərarları › İş №2(004)-5544/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5544/2021

06.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5544/2021 06.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı Şəhəri Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh3 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “mənzilin özəlləşdirilməsi və çıxarışın etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı Şəhəri Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh3 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “mənzilin özəlləşdirilməsi və çıxarışın etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, C2670 saylı, 23.07.1963-cü il tarixli Orderə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin X1 adına 26.08.2016-cı il tarixində aparılmış ilkin qeydiyyatı və onun əsasında AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən Seriya RX, ******* nömrəli Çıxarışın etibarsız hesab olunması, eləcə də 15.10.2019-cu il tarixli, 2V-219 nömrə ilə reyestrdə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və onun əsasında 08.11.2019-cu il tarixində ünvan 1 ünvanında yerləşən mənzil üzrə Cavabdeh3 adına aparılmış dövlət qeydiyyatının və verilmiş çıxarışın ləğv olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia ərizəsi inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iddia tələbinin mahiyyəti Bakı Şəhəri Cavabdeh1 tərəfindən verilmiş order əsasında aprılmış ilkin qeydiyyatın və məhz onun əsasında mənzilə verilmiş çıxarışın etibarsız hesab edilməsi ilə bağlıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərinin tənzimləyir: xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəsdilər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra Hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüququ şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki iddia ərizəsi üzrə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən isə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Bakı Şəhəri Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh3 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “mənzilin özəlləşdirilməsi və çıxarışın etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya müvafiq tələb üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı Şəhəri Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh3 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “mənzilin özəlləşdirilməsi və çıxarışın etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya müvafiq tələb üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar