Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-556/2024 22.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın etibarsız hesab edilərək ona əsassız olaraq yazılmış 1582,52 manat borcunun silinməsi, əlavə xərclərə görə 33 manat məbləğin Cavabdehndən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o ünvan 1 ünvanında ailəmlə birlikdə yaşayır. 2-ci qrup əlil və ağır xəstədir. Həyat yoldaşı 2008-ci ildə vəfat etmişdir. Tək başına böyütdüyü oğlu X1 “Vətən Müharbəsi” iştirakçısıdır. O, Cənab Prezident tərəfindən medallarla təltif olunmuşdur. Maddi vəziyyəti çox çətin olsa da, hər ay vaxtı-vaxtında bütün kommunal ödənişləri edir. İndiyə kimi heç bir qaz borcu olmamış, cavabdehlə heç bir mübahisəsi yaranmamışdır. 2017-ci ildə şəxsi vəsaiti hesabına fərdi yaşayış evinə qaz sayğacı çəkdirmişdir. Cavabdeh tərəfindən onun fərdi yaşayış evinə “Elster” markalı mexaniki qaz sayğacı quraşdırılmışdır. O həmin vaxt cavabdehin əməkdaşlarından qaz sayğacının onun həyətində quraşdırılmasını xahiş etmişdir. Çünki küçələr dar və işıqsızdır, eyni zamanda məhəllədə nəzarətsiz uşaqlar çox olduğu üçün sayğaca zərər dəyəcəyini düşünmüşdür. Lakin onlar sayğacın həyətyanı hissədə quraşdırılmasına razı olmamışdır və qapıdan 3-4 metr aralıda quraşdırmışlar. Bundan əlavə həmin mexaniki sayğac qoruyucu qutuda qoyulmamışdır. O həmin qutunun vacib olduğunu bildirərək, dəfələrlə qutu qoyulmasını xahiş etsə də, əməkdaşlar hal-hazırda qutunun olmadığını və mexaniki sayğaclara qutu qoyulmadığını və sayğacın yuxarı və ön hissəsinin kompozit plombla qorunduğunu və narahatçılığa heç bir əsas olmadığını bildirmişlər. Bundan əlavə cavabdehin əməkdaşları bu illər ərzində hər ay bir neçə dəfə küçədə olan sayğaclara baxış keçirirlər və hər dəfəsində hər şeyin qaydasında olduğunu bildirmişlər. Çox təssüf ki, aprel ayında o xəstəxanada olan zaman evdə heç kəs olmadan, xəbərsiz həmən “Elster” tipli mexaniki qaz sayğacı sökülüb aparılmış və yerinə yeni smart NFC tipli qaz sayğacı qoyulmuşdur. O və övladları xəstəxnada olduğu üçün sayğacın necə söküldüyünü və dəyişdirliyini görməmişlər. Üzərindən 3 ay keçəndən sonra evə akt göndərilmiş guya ki sayğaca müdaxilə olunduğu qeyd olunmuş və əsassız olaraq ona 1560 manat borc yazılmışdır. Akt qeyd olunmuşdur ki, guya sayğacın içini açıb müdaxilə etmiş və sayğacda cızıqlar aşkar olunmuşdur. Halbuki, bələ bir şey mümkünsüzdür çünki sayğac qoyulduğu gündən plombu necə varsa üzərində hələ də qalıb və həftə ərzində nəzarətçilər tərəfindən baxış keçirilmişdir. O dəfələrlə azyaşlı uşaqların dəmir alətlə sayğacla oynadığını görmüş və 2017-ci ildən bəri dəfələrlə Azəriqazın 104 qaynar xəttinə məlumat vermiş və bu mexaniki sayğaca qutunun qoyulmasını tələb etmişlər. Təssüf ki, sayğaca qutu qoyulmamışdır. Bununla bağlı Azəriqaz İB-nin rəsmi mail ünvanlarına şikayət etsə də mail məktubuna geri dönüş olunmamışdır. Onun barəsində cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Həmin akt hesab edir ki, etibarsız elan edilməlidir. Çünki indiyə kimi sayğaca heç bir müdaxilə olunamamışdır. Bu da nəzərə alınmalıdır ki, sayğaca hər hansı bir müdaxilədən onu gecə gündüz mühafizəçi kimi qorumaq iqtidarında deyil. Hər dəfə ərazi üzrə cavabdehin nümayəndələri sayğaca baxış keçirmiş, onlar da təsdiqləyə bilər ki sayğaca heç bir müdaxilə olunmamışdır. Ona dəymiş ziyanın bərpasına dair tələbnanmənin surəti və aktın surəti bu yaxınlarda təqdim edilmişdir. Həmin tələbnamədə qaz sayğacının maksimal qaz sərfinin 6 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddətinin 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparıldığı və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası hesabatı aparılmışdır. Bu ərizənin tərtibi üçün vəkilə hüquqi yardıma görə 30 manat xidmət haqqı ödəmişdir. 30 manat məbləğ isə cavabdeh tərəfindən borc məbləği üzrə tutulmuşdur. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********01580 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 10567655 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-14- 2-2/3-5-2170-1 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qapağı yan tərəfindən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Hesablanmış 1555,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Belə ki, ******* saylı, xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi əsas yoxdur, çünki həmin akt sayğacın əvəz edilməsini özündə əks etdirir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Həmçinin Cavabdeh İB-nin nümayəndəsi elektron formada ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iştirakları olmadan baxılmasını və təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, Cavabdeh İB tərəfindən yazılmış borc əsasızdır və borcun silinməsini iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri, həmçinin nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, sayğaca iddiaçı tərəfindən müdaxilə olunmasına dair hər hansı sübut təqdim edilməmiş, həmçinin hesablanmış borcun qanuni əsaslarla yazılmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər yazılı sübut təqdim edilməmişdir. Odur ki, iddiaçının abonent hesabına 1555,20 manat borcun yazılması əsassız və qanunsuz olmuşdur. Bundan əlavə iddiaçı tərəfindən əlavə xərclərə görə 33 manat məbləğin tutulması hissəsində məhkəməyə hər hansı sənəd təqdim edilmədiyindən bu hissədə təmin edilməməlidir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Habelə, həmin Qaydaların 4.7-ci maddəsinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəhayət, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın etibarsız hesab edilərək ona əsassız olaraq yazılmış 1555,20 manat borc silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın etibarsız hesab edilərək ona əsassız olaraq yazılmış 1555,20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-556/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-556/2024
22.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver