Məhkəmə qərarları › İş №2(004)-5600/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5600/2022

06.12.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5600/2022 06.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb olunmaqla Cavabdeh ASC-yə qarşı “əmək haqqı və pul” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı "əmək haqqı və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək qanuna zidd olaraq işdən çıxarılması ilə əlaqədar dəymiş zərər məbləğinin (işləmədiyi müddət (məcburi iş buraxma dövrü) üçün orta əmək haqqının, məhkəmələrdə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi cəmi 980 manat xərcin, 07.20xx-xx.2022-ci illər dövrü üzrə məcburi iş buraxmaya görə xx.xx.2022-ci il tarixdə ona ödənilən gross əmək haqqı məbləğinin indekslədirilməsi zamanı alınan məbləğin, 2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq tarif (vəzifə) maaşları arasındakı yaranmış fərq məbləğinin (yəni 460 x 4 ay =1840 manatın), mediasiyaya ödədiyi 60 manat rüsumun Cavabdeh ASC alınaraq ona ödənilməsi və 2020-ci ilin son 6 ayı və 2021-ci ilin tam aylıq tarif (vəzifə) maaşları üzrə məcburi dövlət sosial sığorta məbləğlərinə hesablanmalı indeksasiya məbləğlərinin onun fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin Cavabdeh ASC üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddia tələbinin vəkilə çəkilmiş xərclərin və mediasiya haqqının tutulması hissəsində əsassız hesab edilərək rədd edilməsi, orta əmək haqqının tutulması hissəsində isə eyni tərəflər arasında eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olması əsası ilə xitam verilməsini xahiş etmişdir. Cavabdeh ASC xx.xx.2022-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-5600/2022, xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb olunmaqla Cavabdeh ASC-yə qarşı 07.20xx-xx.2022-ci illər dövrü üzrə məcburi iş buraxmaya görə xx.xx.2022-ci il tarixdə ona ödənilən gross əmək haqqı məbləğinin indeksasiyası zamanı alınan məbləğin cavabdehdən alınaraq ona ödənilməsi və 2020-ci ilin son 6 ayı və 2021-ci ilin tam aylıq tarif (vəzifə) maaşları üzrə məcburi dövlət sosial sığorta məbləğlərinə hesablanmalı indeksasiya məbləğlərinin onun fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin Cavabdeh ASC üzərinə qoyulması tələbi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2013-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" ASC-də “8 saylı” filialın müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixli, 1100 K saylı əmr ilə həmin filialın müdiri vəzifəsinin müvəqqəti icraedicisi və xx.xx.2017-ci il tarixli 61/İT saylı əmr ilə filialın müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixli, 54/A saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə əsasən əmək müqaviləsinə qanuna zidd olaraq xitam verilmişdir. Belə ki, beş il fasiləsiz olaraq Cavabdeh ASC-də işləmişdir. Sonradan cavabdeh səhvlərini şüurlu anlayaraq ona müddətli Əmək Müqaviləsi təqdim etmiş, o da ailəsini fikirləşib məcburiyyət qarşısında qalaraq müddətli müqaviləsini imzalamışdır və xx.xx.2018-ci il tarixli, 53/Q saylı əmr ilə yenidən “8 saylı" filialın müdiri vəzifəsinə təyin edilmişdir. Baxmayaraq ki, xx.xx.2013-cü tarixdən bankın əməkdaşı olmuşdur, amma cavabdeh tərəfindən Əmək Müqaviləsi yenə də qanuna zidd olaraq müddətli bağlanmışdır və hər dəfə qısa müddətlərə artırılmışdır. Onun səhhətində ciddi problemlər yaranmışdır. Xəstəliyi ilə bağlı işdə olmadığı vaxt Cavabdeh ASC tərəfindən onunla bağlanmış əmək müqavilənə xx.xx.2020-ci il tarixli, 128/A saylı əmr ilə xitam verildiyi aydın olmuşdur. Qanunla qorunan hüquqlarından istifadə edərək xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsində iddia ərizəsi ilə müraciət etmişdir. Hesab edir ki, cavadehin xx.xx.2020-ci il tarixli, 128/A saylı əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv edilməli və iddia ərizəsində qeyd edilən tələb tam təmin edilməlidir. Müraciəti ilə bağlı Nəsimi Rayon Məhkəməsi işin bütün hallarını araşdıraraq 2(006)-4149/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddia tam təmin olunmadığından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-8540/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamsi ilə Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi olduğu kimi qüvvədə saxlanılmışdır. Bununla da razılaşmayaraq Ali Məhkəməyə iddianın tam təmin olunması məqsədilə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2( 102)-2974/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iş yeni baxışa göndərilmişdir. Yeni baxışla bağlı Bakı Apelyasiya məhkəməsi tərəfindən 2(103)-9642/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilmişdir. Qətnamədən cavabdeh bir daha kassasiya şikayəti vermiş və bununla bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 2( 102)-1014/22 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(103)-9642/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qüvvəyə mindiyindən xx.xx.2022-ci il tarixli icra vərəqəsi qətnamənin icrası məqsədilə Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Bununla da sübut olunmuşdur ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri və onun hüquqları kobud şəkildə pozulmuşdur. Onu da bildirir ki, yuxarıda qeyd edilən və qüvvəyə minmiş qətnamə bu günə kimi hələ də tam icra edilməmişdir. Əlavə olaraq bildirir ki, hakim Vahid Sadıqov qətnamədə qeyd etmişdir ki, onun dəymiş zərərlə bağlı iddiası yoxdur və iddiası olsa idi təmin edərdilər. O da həmin qətnaməni 23 oktyabr 2021-ci ildə əldə etmişdir. Ondan sonra ona məlum olmuşdur ki, həmin iddianı verə bilər. Suala cavab olaraq bildirir ki, pensiya kapitalı ilə bağlı nəyə əsasən 25 faiz nəzərdə tutmuşdur sualına cavab olaraq bildirir ki, əmək haqqından tutulma 12,5 faizdir, həmin məbləğin 10 faizi DSMF-yə, 2,5 faizi sığortalara gedir, eyni vaxtda işəgötürən işçiyə görə pensiya fonduna pul ödəyir. Həmin 15 faizlə 10 faizi cəmləyəndə 25 faiz edir. Hazırda pensiya kapitalı ilə bağlı vəsaiti istifadə edə bilmir, lakin istənilən vaxt bu ola bilər. Əvvəlki qətnamə ilə bağlı məbləğlər ona ödənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirir ki,əvvəlki məhkəmə qətnaməsi qanuni qüvvəyə minəndə iddiaçıya müvafiq pul ödənilmişdir. Pensiya ilə bağlı hər bir işçinin kapitalı formalaşır və həmin kapitalı vətəndaş istifadə edə bilmir. Oraya köçürülən pulun nə vaxt ödənilməsinin heç bir fərqi yoxdur. Onun üzrərinə nə faiz, nə də indeksasiya hesablanır. İşçi yalnız pensiyaya çıxanda ondan istifadə edə bilər. Onların iddiaçıya hər hansı borcu yoxdur. Əgər borc qalsa idi icra məmuru icra işi ilə bağlı qərar qəbul edə bilməzdi. Bu gün heç bir öhdəlik yoxdur. Tam köçürülmüşdür. Apellyasiya Məhkəməsinin hakimi Vahid Sadıqovun yazıdığı sonradan çıxan hal deyildir. İddiaçı indi verdiyi formanı əvvəlki iddia ərizəsində verməli idi. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirir ki, qanunu bilməmək o demək deyil ki, hüquqları ötürməmişdir. Birinci tələblə bağlı məhkəməyə vaxtı ilə müraciət etmişdir. Özü bilmirdisə vəkili bilməli idi ki, orta aylıq əmək haqqı ilə bağlı deyil ziyanla bağlı tələb edilməlidir. Bu tələblə bağlı iddia müddəti 1 ildir və iddia müddəti ötürülmüşdür. İddiaçı özü bilmirdisə, mübahisə ilə bağlı Ali Məhkəmənin 02 avqust 2021-ci il tarixli qərarı vardır. Orada da Ali Məhkəmə əsaslandırıcı hissədə göstərmişdir ki, bu məsələ ilə bağlı Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən dəymiş ziyanla bağlı müraciət edə bilər. O müddətlə də hesablayanda oradan da müddət keçir. Birinci tələblə bağlı iddia müddəti keçmişdir və bununla bağlı ərizə təqdim etmişlər. 2-ci vəkilə ödənilən vəsaitlə bağlı tələb isə bu işlə bağlı deyil, bu 1-ci işə baxılarkən çəkilmiş xərclərlə bağlıdır. Qanuna əsasən iş üzrə çəkilmiş xərclər hansı mübahisə ilə bağlıdırsa orada istənilə bilərdi. Bu tələbi də rədd edir. 3-cü tələblə bağlı da iddiçı işdən çıxarılmış və məhkəmə qərarı ilə işinə bərpa edilmiş və tam olaraq məbləğlər ona ödənilmişdir. Məhkəmə mübahisəsi olan zaman onlar ona əmək haqqı ödəyə bilməzdi. Məhkəmənin qərarı tam qanuni qüvvəsini alandan sonra onlar həmin məbləğləri tərəfə ödəmişlər, tam olaraq hamısını da qəbul etmişdir. 4-cü tələblə bağlı isə razılaşdırılmış müqavilə olmuşdur. 20 faiz 6 ay ərzində əmək haqqı endirilmişdir, tərəf özü də imzalamışdır. Ödəniş də olan zaman müqavilənin şərtlərinə uyğun hesablanaraq, ödənilmişdir. 6-cı tələbdə də iddia tələbi təmin olunmayan zaman mediasiya xərci iddiaçının üzərinə düşür. X5 qətnaməsində məhkəmə öz qərarını əsaslandırmışdır, iddiaçıya məsləhət verməmişdir ki, getsin yeni iddia qaldırsın. Əmək haqqının 6 ay ərzində azaldılması ilə bağlı müqaviləni iddiaçı mübahisələndirməmişdir. Müqavilə qüvvədə olmuş və iddiaçı müqavilənin etibarsızlığını tələb etməmişdir. 6 ay tamam olduqdan sonra isə əmək haqqı müqavilənin şərtlərinə uyğun olaraq yenidən 20 faiz artırılmışdır. İddiaçının bildirdiyi kimi işləsə idi 2 aydan sonra bərpa ola bilərdi məsələsi ilə bağlı bildirir ki, əmək müqaviləsi fərdi olaraq bağlanılmışdır, kollektiv əmək müqaviləsi olmamışdır. Hər şəxsə də fərdi münasibətdə hissə-hissə 3-4 aydan sonra yenidən artırılmışdır. Fərdi əmək müqaviləsi olduğu üçün bunların iddiaçıya aidiyyatı yoxdur. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında işəgötürənin 01 iyul 2020-ci il tarixli, 128/A saylı əmrinin və həmin əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsində 29-cu qeyd nömrəsi ilə yazılmış “Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılması, iddiaçının əvvəlki işinə bərpa edilməsi, ona 01 iyul 2020-ci ildən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 8540/2020 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 2974/2021 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-8540/2020 saylı qətnaməsi qismən - iddianın müqaviləni müddətsiz bağlanmış hesab edilməsi, həmçinin məhkəmə qətnaməsi qəbul olunub icra edilənə qədər işləmədiyi günlərə görə orta aylıq əmək haqqının ödənilməsi tələblərinin təmin edilməməsi hissəsində ləğv edilərək yenidən baxılması üçün göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(103)-9642/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən- əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia təmin edilərək, tərəflər arasındakı əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 1014/2022 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(103)-9642/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 1788 saylı, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavəyə əsasən İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilərək hər ay qanunvericilikdə nəzərdə tutulmuş vergilər və digər məcburi ödənişlər daxil olmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1840 manat əmək haqqı, xx.xx.2021-cil il tarixdən etibarən isə 2300 manat məbləğində əmək haqqı ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli e-poçt məktubuna əsasən Cavabdeh ASC-nin İnsan resurslarının idarə edilməsi departamenti tərəfindən əməkdaşlara müraciət edilərək növbəti aydan, yəni oktyabr ayından əmək haqlarının əvvəlki səviyyəyə qaytarılacağı bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1275 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətinə əsasən tərəfindən hüquqi yadıma görə İddiaçı tərəfindən 139 manat ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1281 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətinə əsasən tərəfindən hüquqi yadıma görə İddiaçı tərəfindən 149 manat ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1591 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətinə əsasən tərəfindən hüquqi yadıma görə İddiaçı tərəfindən 149 manat ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 269 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətinə əsasən tərəfindən hüquqi yadıma görə İddiaçı tərəfindən 149 manat ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1261 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətinə əsasən tərəfindən hüquqi yadıma görə İddiaçı tərəfindən 180 manat ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 112 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətinə əsasən tərəfindən hüquqi yadıma görə İddiaçı tərəfindən 150 manat ödənilməsi razılaşdırılmışdır. İşin müəyyən edilmiş halları odur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında işəgötürənin 01 iyul 2020-ci il tarixli, 128/A saylı əmrinin və həmin əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsində 29-cu qeyd nömrəsi ilə yazılmış “Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılması, iddiaçının əvvəlki işinə bərpa edilməsi, ona 01 iyul 2020-ci ildən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 8 oktyabr 2021-ci il tarixli, 2(103)-9642/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən- əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia təmin edilərək, tərəflər arasındakı əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi qət edilmişdir. Hazırda iddiaçı qanuna zidd olaraq işdən azad olunması ilə əlaqədar dəymiş zərər olaraq orta əmək haqqının, 2020-ci ilin oktyabr-dekabr ayları üçün aylıq əmək haqları arasında yaranmış fərqin, hüquqi müdafiəsi üçün çəkdiyi xərclər və mediasiya xərcinin əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh isə etiraz ərizəsi və iddia müddətinin tətbiq olunması barədə ərizə verərək iddia tələbinə dəymiş zərərin əvəzi olaraq orta aylıq əmək haqqının tutulması hissədə xitam verilməsi və iddia müddəti tətbiq edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, dəymiş ziyanın əvəzi olaraq orta əmək haqqının tutulması hissəsində iddia təmin edilməməlidir. Belə ki, iddiaçı 2020-ci ildə işdən azad edilməsinə və işə bərpa tələbi ilə 2020-ci ildə məhkəməyə müraciət etməsinə baxmayaraq orta əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli qətnaməsinə istinad edərək bildirir ki, iddia müddətini ötürməmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçı orta aylıq əmək haqqının ödənilməsi tələbi üzrə 1 illik iddia müddətini ötürmüşdür. Çünki, Əmək Məcəllənin 300.1-ci maddəsinin ikinci cümləsində «işçiyə iddiası üzrə dəymiş zərər məbləğinin ödənilməsi» imkanı da nəzərdə tutulmuşdur ki, həmin maddənin qeyd hissəsində də məhz «dəymiş zərərin məbləğinə» aydınlıq gətirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsində isə qeyd edilmişdir ki, iddiaçı 2020-ci ildə Nəsimi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmədiyindən məhkəmə məcburi işburaxma müddəti üçün orta əmək haqqının deyil, əmək haqqının tutulmasını qət etmişdir. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İddiaçı həmçinin hüquqi yardım üçün vəkilə ödədiyi məbləğin əvəzi olaraq 980 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi yardım üçün ödənilmiş pulun əvəzini tələb etməkdə haqlıdır. Lakin hazırkı halda iddiaçı xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə bağlanmış hüquqi xidmət haqqında müqavilələr üzrə iddia müddətini ötürmüşdür. Belə ki, o, bir il ərzində bununla bağlı məhkəməyə müraciət etməli idi. Çünki, Əmək Məcəlləsinin 300-cü maddəsində vəkilin tutulmasına çəkilən xərc dəymiş zərər kimi qiymətləndirilir. Əmək qanunvericiliyinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bununla belə, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə isə vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq cəmi 330 manat (180+150) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hazırki tələb üzrə 1 illik müddət keçməmişdir. Belə ki, mediasiya prosesi zamanı iddia müddətinin axımı dayanmışdır. Mediasiya Şurasının 2 saylı Mediasiya Təkilatının xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, tərəflərə xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə bildiriş göndərilmişdir. İddiaçı eyni zamanda 2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq maaşlar arasındakı fərqin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı işlədiyi dövrdə əmək müqaviləsinə əlavə imzalanmış və iddiaçının əmək haqqısı azaldılmış, vəzifə maaşının xx.xx.2021-ci il tarixdən əvvəlki məbləğə qaytarılacağı bildirilmişdir. Lakin xx.xx.2020-ci il tarixdən əməkdaşlara oktyabr ayından əmək haqlarının əvvəlki məbləğə qaytarılacağı bildirilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə icra olunduqdan sonra iddiaçıya məlum olmuşdur ki, onun əmək haqqısı hesablanıb ödənilərkən artım nəzərə alınmamışdır. Məhkəmə iddiaçının işdən qanuna zidd olaraq azad olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçı həmin dövrdə işləsə idi 2020-ci ilin oktyabr ayından artılımış məbləğə uyğun əmək haqqı alacaqdı. Buna görə də 2020-ci ilin oktyabr-dekabr ayları üzrə əmək haqqı - 1840 manatla 2300 manat arasında yaranmış fərq hesablanaraq iddiaçıya ödənilməlidir. Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Məhkəmə qeyd edir ki, iddiaçı mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də, iş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya arayışından müəyyən olunur ki, İddiaçı mediasiya prosesi ilə bağlı 50 manat məbləğində ödəniş etmişdir. Bu halda cavabdehdən iddiaçının xeyrinə mediasiya xərcinin əvəzi olaraq 50 manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, 2020-ci ilin oktyabrdekabr ayları üzrə aylıq əmək haqqı - 1840 manatla 2300 manat arasında yaranmış fərq Cavabdeh ASC tərəfindən hesablanaraq İddiaçı ödənilməli, İddiaçı hüququnun müdafiəsi ilə bağlı çəkdiyi xərcin əvəzi olan 330 manat və ödənilmiş mediasiya xərcinin əvəzi olan 50 (əlli) manat mələğində pul Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq əmək haqqı - 1840 manatla 2300 manat arasında yaranmış fərq Cavabdeh ASC tərəfindən hesablanaraq İddiaçı ödənilsin. İddiaçı hüququnun müdafiəsi ilə bağlı çəkdiyi xərcin əvəzi olan 330 (üç yüz otuz) manat və ödənilmiş mediasiya xərcinin əvəzi olan 50 (əlli) manat mələğində pul Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar