Məhkəmə qərarları › İş №2(004)-5628/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5628/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5628/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı X3 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə 1700 manat məbləğində pulun, əldən çıxmış faydanın əvəzi olaraq 500 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 08.11.2018-ci ildə tanışı Ləman vasitəsi ilə tanış olmuşdur. Cavabdeh "xxxx" MMC-nin təsisçisi olmuşdur. Cavabdeh "xxxx" MMC-yə pul qoyaraq qazanc əldə edəcəyini bildirmiş və həmin işə düzəlməyi üçün 2000 manat pul istəmişdir. O da iş axtardığı üçün cavabdehlə razılığa gəlmişdir. Beləliklə, cavabdeh tərəfindən tərtib edilmiş və möhürlənmiş 08.11.2018-ci il tarixli, L/001 saylı müqaviləyə imza edərək 2000 manat məbləğində pulu cavabdehə vermişdir. Müqaviləyə əsasən iddiaçı 2000 manat məbləğində pulu verməyi, "xxxx" MMC isə müqavilədə göstərilən xidmətlər qarşılığında əldə edilmiş xalis mənfəəti onunla bərabər bölməyi öhdəsinə götürmüşdür. Lakin sonradan cavabdehin ümumiyyətlə işi olmadığından və müqavilə üzrə öhdəlikləri icra etməkdən boyun qaçırdığından iddiaçı cavabdehə verilmiş 2000 manat pulun geri qaytarılmasını tələb etmişdir. Cavabdeh həmin pulun 300 manatını qaytarmış, qalan 1700 manat bu günədək qaytarılmamışdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət etsə də, o pulu qaytarmaqdan qərəzli şəkildə boyun qaçırmışdır. Bundan sonra iddiaçı şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-də araşdırma aparılmış, 04.03.2020-ci il tarixdə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla Cavabdeh əməlində cinayət tərkibinin olmadığı, məsələnin mülki qaydada həll edilməli olduğu bildirilmişdir. İddiaçının müraciəti əsasında toplanmış material üzrə Cavabdeh da izahatı alınmış və o, borclu olduğunu etiraf etmiş, pulu notarial qaydada hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin indiyədək cavabdeh tərəfindən pul qaytarılmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa bildirir ki, cavabdeh tərəfindən borc 3 il ərzində qaytarılmadığından iddiaçı həmin pul vəsaitindən istifadə edə bilməmişdir. Halbuki həmin pulu başqa sahələrdə istifadə edərək gəlir əldə edə bilərdi. Odur ki, cavabdeh tərəfindən əldən çıxmış faydanın əvəzi də ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 04.03.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, qazanc əldə etmək məqsədi ilə Cavabdeh təsisçisi olduğu "xxxx" MMC ilə X3 arasında rəsmi müqavilə bağlanmaqla razılıq əldə olunmuş, lakin sonradan bağlanmış müqavilənin şərtləri pozulduğuna görə X3 "xxxx" MMC-yə qoyduğu 2000 manat pulu şirkətin təsisçisi Cavabdeh geri tələb etdikdə sonuncu tərəfindən 300 manat qaytarılmış və qalan 1700 manat məbləğində pulun qaytarılacağına söz vermişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 22-ci PŞ-nin Rm-281/20 nömrəli işindəki Cavabdeh izahatlarından müəyyən olunur ki, X3 qazanc əldə etmək məqsədi ilə Nizami metro stansiyası yaxınlıqda görüşərək 2000 manat məbləğində pulu ona vermiş və bu baradə aralarında rəsmi müqavilə imzalanmışdır. Pulu qaytarmaqdan boyun qaçırmadığını və hissə-hissə notarial qaydada borcu verməyə razı olduğunu bildirmişdir. İş materiallarında olan "xxxx" MMC ilə X3 arasında bağlanmış 08.11.2018-ci il tarixli, L/001 nömrəli müqavilədən görünür ki, X3 2000 manat məbləğində pul vəsiatini "xxxx" MMC-yə ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X3 tərəfindən həqiqətən də 2000 manat məbləğində "xxxx" MMC-nin təsisçisi Cavabdeh verilmişdir. Cavabdeh sonradan həmin puldan 300 manatı iddiaçı X2 qaytarmışdır. Cavabdeh istintaq zamanı onun iddiaçıya 1700 manat borcun qaldığını və həmin borcu hissə-hissə notarial qaydada ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 1700 manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir. Əlavə olaraq iddiaçı əldən çıxmış faydanın əvəzi olaraq 500 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. İddiaçı bu hissədə tələbini əsaslandırmamış, bununla bağlı məhkəməyə heç bir sənəd və sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq X2 ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1700 (bir min yeddi yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu iddiaçı X1 xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar