Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5678/2021 14.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus olan **********410 abonent hesabına daxil edilmiş 167 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır. İstifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə həmişə vaxtı-vaxtında ödənişlər edir. Lakin abonent hesabına cavabdeh tərəfindən əsassız olaraq 167 manat borc hesablanmışdır. Bunun səbəbini araşdırarkən cavabdeh təşkilatın əməkdaşları tərəfindən şifahi formada bildirilmişdir ki, nəzarətçi mənzildə heç kim olmadığı üçün sayğaca baxış keçirə bilməmiş və öz mülahizəsinə uyğun sərfiyyat yazmışdır. Halbuki, həmin sərfiyyat nə sayğac göstricisinə, nə də ki, mənzildə yaşayan şəxslərin (iki nəfər) sayına uyğun olmamışdır. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmaq isə cavabdehin borcudur. Həmin mənzildə daimi olaraq yaşayır. Hər ay təqdim edilmiş bildirişə əsasən su təchizatı və kanalizasiya xidmətlərinə görə ödəniş edir. Cavabdeh ASC-nin əməkdaşı isə bu hala görə barəsində tətbiq oluna biləcək heç bir məsuliyyət tədbirindən çəkinməyərək 167 manat əsassız borcu istehlakçının, yəni onun abonent hesabına qanunsuz daxil etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Мəhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbin qəbul etməyərək, verdiyi izahatında iddianın əsassız olduğunu göstərmiş və onun təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı 076901 saylı abonent kartından görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında su və kanalizasiya xidmətləri üzrə sərfiyyat 2017-2020-ci illər üzrə aylıq maksimum 50 kub metr təşkil etdiyi halda, həmin ünvana 2021-ci il üzrə 453 kub metr sərfiyyat hesablanaraq, 170 manat borc tələb olunmuşdur. Azərbaycan Respublikasının Su Məcəlləsinin 98-ci maddəsinə əsasən sudan istifadə haqqı müəyyən edilərkən istifadə edilən suyun qiyməti əsas götürülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyi istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir.Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin, 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən, vaxtaşın ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus olan ünvan 1 ünvanında su və kanalizasiya xidmətləri üzrə sərfiyyata görə əsassız olaraq 167 manat borcun hesablanması və iddiaçıdan tələb olunması iş materialları ilə öz təsdiqini tapmışdır. İllik sərfiyyat təqribən 50 kubmetr olduğu halda, 2021-ci il üzrə 453 kub metr su və çirkab sularının sərfiyyatının hansı əsasla hesablanmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin bu barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Bu halları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçıya məxsus **********410 abonent hesabına daxil edilmiş borc əsassız olduğundan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinin hesabına ödənilməlidir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia tələbi təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında, **********410 saylı abonent hesabına əsassız olaraq daxil edilmiş 167 (bir yüz altmış yeddi) manat məbləğində borc silinsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət rüsumuna görə 20 (iyirmi) manat dövlət nəfinə tutulsun. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-5678/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5678/2021
14.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver