Məhkəmə qərarları › İş №2(004)-577/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-577/2021

04.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-577/2021 04.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Sumqayıt filialı ilə onun arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 5144/F-14 saylı kredit müqaviləsinin və həmin tarixdə bağlanmış 5144/f-14-01 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2014-cü il tarixdə Cavabdeh ASC-nin Sumqayıt filialı ilə İddiaçı arasında bağlanmış 5144/F-14 saylı kredit müqaviləsinə əsasən iddiaçıya 36 ay müddətinə, illik faiz dərəcəsi 24 % olmaqla 25500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi onunla Cavabdeh ASC-nin Sumqayıt filialı arasında xx xxxxxxx 2014-cü il tarixli 5144/f-14 -01 saylı ipoteka müqaviləsi bağlanılmışdır. Onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57,62 kv.m, yaşayış sahəsi 43,62 kv.m olan 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 50.000 manat müəyyən edilmişdir. İddiaçı hesab edir ki, onunla Cavabdeh ASC arasında bağlanmış kredit və ipoteka müqaviləsi etibarsız hesab olunmalıdır. Belə ki, kredit müqaviləsi onunla dollarla bağlanmış, lakin ipoteka müqaviləsində mənzilin dəyəri manatla ifadə olunmuşdur. Bu hal özü qanunvericiliyə ziddir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, mübahisə predmeti olan kredit razılaşması üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş qərarının olduğunu, kredit razılaşmasının etibarsız hesab edilməsi üçün əsasların mövcud olmadığını, əqdlərin etibarsızlığına dair iddialar üzrə müəyyən edilmiş müddətin iddiaçı tərəfindən ötürülməsini bildirərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddiaçı iddia ərizəsində kredit müqaviləsinin etibarsızlığı əsaslarını ümumiyyətlə göstərməmiş, ipoteka müqaviləsinin etibarsızlığı əsası kimi isə kreditin ABŞ dolları ilə verilməsinə baxmayaraq ipoteka əmlakının dəyərinin manatla göstərilməsini göstərmişdir. Qüvvədə olan qanunvericilikdə kreditin xarici valyutada verildiyi halda ipoteka əmlakının Azərbaycan manatı ilə qiymətləndirilməsinə hər hansı bir qadağa nəzərdə tutulmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Əqdlərin etibarsızlığı barədə” 14-cü fəslində əqdin etibarsızlığı üçün belə bir əsas nəzərdə tutulmamışdır. İpoteka müqaviləsindən görünür ki, əmlakın dəyəri müqavilə tərəflərinin qarşılıqlı razılığına əsasən 50000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar