Məhkəmə qərarları › İş №2(004)-579/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-579/2021

18.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-579/2021 18.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Vəliyeva Rəfiqə Şirzad qızının katibliyi, İddiaçı1, Cavabdeh, ekspert X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Yasamal Rayon İcra Hakimiyyəti, X7, X2 və X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Yasamal Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə 05.10.2020-ci il tarixdə məhkəməyə müraciət edərək Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, 206 saylı evdə icazəsiz, özbaşına və heç bir təhlükəsizlik qaydalarına riayət edilmədən, pandemiya şəraitində tikilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahat verərək bildirir ki, o ailəsi ilə, həyat yoldaşı və üç oğlu ilə Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, 206 saylı evdə qeydiyyatdadır və hal-hazırda da həmin ünvanda ailəsi ilə birgə yaşayır. Qardaşı Cavabdeh bu ünvanda qeydiyyatda olmadığı halda icazəsiz, özbaşına qanunsuz olaraq həyətdə ev tikdirir. Bu barədə Yasamal rayon İcra Hakimiyyətinə də müraciət etmiş və cavab məktubunda qanunsuz tikilinin məhkəmə qərarı əsasında sökülə biləcəyi bildirilmişdir. Həmçinin bildirir ki, ev bir qat özülsüz həyət divarlarının üstündə tikilmişdir. Heç bir təhlükəsizlik tələblərinə əməl olunmamışdır. Bundan əlavə həyətə giriş-çıxışa, nəqliyyat vasitəsinin həyətə girişinə və həyətin ümumi istifadəsinə maneə yaradır. Əlavə olaraq bildirir ki, tikili 2019-cu ildə tikilməyə başlamışdır. Anası razılıq verdiyindən anasının xətrinə tikiliyə etiraz etməmişdir. Anası vəfat etdikdən sonra keçən ildən tikiliyə etiraz edir. Bu barədə Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddia tələbinə etiraz edir. Yaşadığı ev yüngül taxta materiallarından tikilmişdir və texniki pasportu da mövcuddur. Hesab edir ki, həmin ev təhlükəli deyildir və iddiaçılara heç bir maneə törətmir. İddianın rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyün üçüncü şəxs X7 izahat verərək bildirmişdir ki, sözügedən tikili 2019-cu ildə tikilməyə başlamışdır. Həmin tikilinin altında o da yaşayır. Cavabdehə tikintini aparmağa anası icazə vermişdir. 2020-ci ilin fevral ayında isə anası rəhmətə getmişdir. Həmin tikilinin heç kimə maneəçiliyi yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyün üçüncü şəxs X14 izahatı verərək bildirmişdir ki, anası özü həmin tikiliyə icazə vermişdir. Həmin tikili tikilən zaman iddiaçı və cavabdeh arasında mübahisə yox idi. Sadəcə olaraq bacısı ilə hazırda iddiaçı olan Fikrət aralarında münaqişə yaşayaraq polisə düşmüşdülər. Balaca qardaşı, hazırda cavabdeh olan Tərlan isə polisdə şahidlik etmişdir. Bu hadisədən sonra bir-birləri ilə münasibətləri korlanmışdır. Həmin tikili heç kimə maneəçilik törətmir. Həmin tikiliyə bütün qardaş-bacılar və anası razılıq vermişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 206 saylı ev X4, X15, X10 və İddiaçı1 paylı mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin 10.07.2020-ci il tarixli, Q-96-075 nömrəli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 206 saylı evə baxış keçirilərkən ümumi həyətdə vətəndaş Qadaşov Tərlan tərəfindən uzun müddət əvvəl tikilmiş mansardlı, ikimərtəbəli evin mövcud olması müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin 07.08.2020-ci il tarixli, Q-96-075/2 nömrəli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 206 saylı evə baxış keçirilərkən tikinti işlərinin uzun müddət əvvəl dayandırıldığı müəyyən olunmuşdur. İş materiallarında olan 24.08.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən 21.02.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsələri Cavabdeh, X2, X14 və X7 miras əmlakdan hər biri 3/40 hissə olmaqla payı müəyyən edilmiş, yerdə qalan 3/40 hissə açıq saxlanılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10/3732 nömrəli, 09.04.2021-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xəqan Dadaşov küçəsi, 206 ünvanında inşa olunmuş iki mərtəbəli tikilinin inşaası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160N°-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1-ci və 4.2-ci bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı və İddiaçı1 və İddiaçı2 istifadəsində olan ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin daxilində iki mərtəbəli evin inşa olunduğunu nəzərə alaraq həmin tikilinin maraqlarına toxunduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən ekspert X11 izahatında bildirir ki, birinci növbədə mülki iş materiallarına cavabdehin inşa etdiyi tikilinin qanuni olması barədə heç bir sənəd əlavə edilməmişdir. Həmin həyət ümumi istifadədə olmamış, orada yaşayış evləri olmuşdur. Yəni həyətin planı vardır. Cavabdehin paylı mülkiyyətdə olan həmin evdə payı vardır, lakin bu demək deyil ki, o, həmin həyətin hər hansı bir hissəsində qanunsuz tikili inşa edə bilər. Cavabdehin qanunsuz tikilisi yük maşınının həyətə girişinə maneə yaradır. Bildiyinə görə evin tikintisinə 2019-cu ildə başlanmışdır. Yerli baxış zamanı həmi tikili yarımçıq vəziyyətdə idi. Hazırki vəziyyəti ilə bağlı məlumatı yoxdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov, ev 206-da X6 12/40 hissəyə İddiaçı1 Həmid oğlunun 8/40 hissəyə payı müəyyən olunmuşdur. X12 24.02.2020-ci ildə vəfat etmişdir. İddiaçı1, Cavabdeh və üçüncü şəxslər X7, X2 və X1 Sayibə Həbib qızının vərəsələridir. İddiaçılardan İddiaçı2 digər İddiaçı1 övladıdır. İddaçı cavabdeh tərəfindən tikilmiş evin sökülməsini tələb edir. Bildirir ki, 2019-cu ildə cavabdeh tikilini tikəndə dərhal etiraz etməmişdir. Bunu onunla əsaslandırır ki, anası da mülkiyyətçi olduğundan cavabdehə anası icazə vermişdir. Anasının xətrinə vaxtında tikintiyə etiraz etməmişdir. Lakin pandemiya vaxtından tikintiyə etirazını bildirmiş, hətta icra hakimiyyətinin məktubu da vardır. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı1 paylı mülkiyyətçidir və cavabdeh tərəfindən tikilinin tikilməsinə dərhal etiraz etməmişdir. Bu hal iş materiallarında olan İcra Hakimiyyətinin 10.07.2020-ci və 07.08.2020-ci il tarixli məktublarla, o cümlədən, üçüncü şəxlərin izahatı ilə öz təsdiqini tapmışdır. Belə ki, sözügedən məktublardan da görünür ki, tikili uzun müddət əvvəl tikilmişdir. İddiaçı1 paylı mülkiyyətçi olaraq tikiliyə dərhal etirazını bildirməmişdir. Hazırda tikili mövcuddur və İddiaçı1, üçüncü şəxslər X7, X2 və X14 və cavabdeh evin paylı mülkiyyətçiləridir. Eyni zamanda mübahisəli evin naturada real bölgüsü həyata keçirilmədiyi üçün, paylı mülkiyyətdə olan mübahisəli evdə inşa edilmiş özbaşına tikilinin sökülməsi barədə tələbi əsaslı hesab edilə bilməz. Həmin tikili yalnız paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılığı və tələbi ilə sökülə bilər. Məhkəmə digər tərəfdən qeyd edir ki, mübahisəli evin naturada bölgüsü aparılmadığı üçün, İddiaçı1 mübahisəli özbaşına tikilinin onun paylı mülkiyyət hüquqlarının pozduğunu iddia etməkdə haqlı hesab edilə bilməz. İddiaçının özbaşına tikilinin söklüməsi barədə tələbi o halda əsaslı hesab edilə bilərdi ki, evin naturada bölgüsü aparılmış olsun və həmin özbaşına tikili iddiaçının mülkiyyətinə ayrılmış hissədə mövcud olsun. Lakin evin naturada bölgüsü aparılmadığı üçün, özbaşına tikilinin mövcudluğu iddiaçının müllkiyyət hüquqlarına qəsd kimi qiymətləndirilə bilməz. İddiaçı2 isə hazırki iddia tələbini irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Çünki o, mübahisə predmeti olan paylı mülkiyyətin mülkiyyətçisi deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməli, iş üzrə keçirilmiş ekspertiza xərci iddiaçılardan müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Yasamal Rayon İcra Hakimiyyəti, X7, X2 və X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı Yasamal rayonu, X.Dadaşov küçəsi, 206 saylı evdə qanunsuz, icazəsiz, özbaşına, heç bir tekxiki təhlükəsizlik qaydalarında riayət edilmədən, pandemiya şəraitində tikilmiş tikilinin sökülməsi barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci olaraq 100 (yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar