Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5867/2020 06.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qaynanası X1 adına olan xx xxxxxx 1955-ci il tarixli 01887 saylı Orderdə onun soyadının “Salmina” əvəzinə “Salman”, adının isə “Anna”, xx.xx.1988ci il tarixli 396 saylı ölüm haqqında arayışda “Nyura” adının “Anna” oxunmaqla eyni şəxsə məxsusluğu faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizəçi məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsində maraqlı şəxsin (şəxslərin) əhatə dairəsi müəyyən edilməməklə, maraqlı şəxsin adı və poçt ünvanı qeyd edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, ərizəçi müvafiq sənədlərə, order və ölüm haqqında arayışa düzəliş edilməsi məqsədi ilə müvafiq qurumlara müraciət etməsi, həmin qurumlardan imtina almasına dair hər hansı bir subutları ərizəyə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ərizəçi ilk növbədə müvafiq sənədlərə düzəlişləri aidiyyatı qurumları müraciət etməli idi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Qeyd olunanlara əsasən hesab edirəm ki, ərizənin forması Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinin tələblərinə uyğun olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5867/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5867/2020
06.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver