Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5937/2023 25.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi və abonent kodunun dəyişdirilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu ünvan 1 ünvanına dair qeydiyyata alınmış **********00120 saylı abonent koduna hesablanılmış 402,78 manat əsassız borcun silinməsi və abonent kodunun iddiaçının adına dəyişdirilməsi öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının mülkiyyətindədir. Əmlaka dair iddiaçıya xx.xx.2021-ci il tarixində dövlət reyestrindən çıxarış verilmişdir. Həmin evdə uzun illər məcburi köçkünlər yaşamış, 11 oktyabr 2021-ci il tarixdə onlar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qərarının icrası nəticəsində evdən çıxarılmışlar. Məcburi köçkünlər evdə məskunlaşıqları müddət ərzində naməlum şəkildə öz adlarına abonent kodu qeydiyyata aldırmış və hazırda da iddiaçı onların qeydiyyata aldırdıqları abonent kodunu öz adına dəyişdirməkdə çətinlik çəkir. Həmçinin abonent kodu üzrə onların dövründən 402 manat məbləğində borc pul qalmışdır. Məcburi köçkün X2 və onun ailə üzvləri iddiaçıya məxsus evdə qanunsuz olaraq məskunlaşmış, onlar xx.xx.2021-ci il tarixdə evdən çıxarılmışlar. İddiaçı mülkiyyətçisi olduğu ünvan 1 ünvanına dair qeydiyyata alınmış **********00120 saylı abonent kodunun hansı hüquqmüəyyənedici sənədlərə əsasən Niyaz Allahverdiyevin adına qeydiyyata alınması barədə yazılı və sübutlarla əsaslandırılmış cavab verilməsi, **********00120 saylı abonent kodunun iddiaçının adına dəyişdirilməsi və ya yenisi ilə əvəz edilməsi, həmin abonent kodu üzrə borcun iddiaçıdan deyil həmin şəxslərdən istənilməsi, mülkiyyətçisi olduğu ünvan 1 ünvanına dair enerji təchizatından fasiləsiz və sərbəst şəkildə istifadə etməyi üçün müvafiq bütün prosedurların görülməsini cavabdehdən yazılı ərizə ilə xahiş etsə də, onun müraciətinə müsbət cavab verilməmiş, xx.xx.2023-cü il tarixində 13-13/2-2/18-R-9113-5/2023 saylı məktubla şablon və aidiyyatı olmayan bir cavab verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 xx.xx.2021-ci il tarixdən etibarən İddiaçı xüsusi mülkiyyətindədir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2012-ci il tarixli, 2(004)- 3325/2012 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 küçəsi, ev 10 ünvanında yerləşən 120 saylı mənzili zəbt etmiş cavabdehlər X2, X4, X3 və X6 tərəfindən boşaldılması və mənzilin ona və ailə üzvlərinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə ilə iddia təmin edilmişdir. Eyni zamanda qətnamədən görünür ki, mənzil Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 021093 saylı order əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus olmuşdur. Yasamal Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 11 oktyabr 2021-cil tarixli aktdan görünür ki, həmin tarixdə qətnamə icra olunaraq cavabdehlər iddiaçıya məxsus mənzildən çıxarılmış və mənzil iddiaçıya təhvil verilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 küçəsi, ev 10 ünvanında yerləşən 120 saylı mənzilə aid abunə haqqında çıxarışdan görünür ki, mənzilin abunə kodu Cəbrayıl rayonundan məcburi köçkün X1 adına qeydə alınmışdır və mənzil üzrə elektrik enerjisindən istifadəyə görə borc xx.xx.2011-ci il tarixə 402,78 manat təşkil etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-13/2-2/18-R-9113-5/2023 saylı məktubundan görünür ki, iddiaçıya **********00120 nömrəli abunə kodu ilə qeydiyyatda olan mənzildə xx.xx.2006-cı il tarixinə qədər 402,78 manat dəyərində elektrik enerjisinin istehlak edildiyi, lakin ödənişin aparılmadığı bildirilmiş, həmin borcun ödənişinin abonentdən yalnız abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunduğu izah edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydaları 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 8.18. İstehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlə-dən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. 8.20....Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır. Beləliklə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, mənzil 1998-ci ildən hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçıya məxsus olmuş, mənzil məcburi köçkünlər tərəfindən zəbt edilmiş və məcburi köçkünlər tərəfindən mənzildə yaşadıqları dövrdə elektrik enerjisindən istifadəyə görə borc yaranmış, hal-hazırda mənzilin hesabı həmin köçkünlərin adınadır, iddiaçının müraciətinə baxmayaraq iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanmamış, adına şəxsi hesab açılmamış, mənzilin abunə kodu iddiaçının adına dəyişdirilməmiş, əsassız olaraq iddiaçıdan mənzilin əvvəlki abonentinin borcunun ödənilməsi, bu barədə arayışın təqdim edilməsi və bundan sonra mənzilin kodunun onun adına dəyişdirilməsi bildirilmişdir. Halbuki yuxarıda istinad olunan qaydalara əsasən əvvəlki abonentin borcu həmin abonent tərəfindən ödənilməli və ödənilmədiyi halda enerjitəchizatı müəssisəsi borcun ödənilməsini həmin abonentdən tələb etməlidir. Eyni zamanda enerjitəchizatı müəssisəsi yeni mənzil mülkiyyətçisi ilə alqı-satqı müqaviləsi bağlamalı və onun adına şəxsi hesab açmalıdır, mənzilin kodunu onun adına dəyişdirməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 küçəsi, ev 10 ünvanında yerləşən 120 saylı mənzilin mülkiyyətçisi İddiaçı olduğundan həmin mənzilə aid **********00120 saylı abonent kodunun İddiaçı adına dəyişdirilməsi və **********00120 saylı abonent koduna yazılmış 402,78 (dörd yüz iki manat yetmiş səkkiz) manat məbləğində borcun silinməsi vəzifəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır. İzah edilsin ki, **********00120 saylı abonent kodunun xx.xx.2011-ci il tarixə olan 402,78 manat borcu "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mənzilin əvvəlki abonentindən tələb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia təmin edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 küçəsi, ev 10 ünvanında yerləşən 120 saylı mənzilə aid **********00120 saylı abonent kodunun İddiaçı adına dəyişdirilməsi və **********00120 saylı abonent koduna yazılmış 402,78 (dörd yüz iki manat yetmiş səkkiz) manat məbləğində borcun silinməsi vəzifəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5937/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5937/2023
25.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver