Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5944/2025 06.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC ilə aralarında bağlanan xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə kredit alan (oğlu) X2 arasında xx.xx.2018-ci il tarixində uzunmüddətli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300.000 (üç yüz min) manat məbləğində pul kreditə götürmüşdür. xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən iddiaçı həmin kredit müqaviləsi üzrə borc alana zamin durmuşdur. Həmin əqd bağlanarkən faizlərin bu qədər yüksək olması barədə iddiaçı lazımı qaydada məlumatlandırılmamışdır. Belə ki, həmin kredit müqaviləsindəki faizlər sonradan şişirdilmiş rəqəmlərdir və iddiaçı başqasının əvəzindən külli miqdarda borcu bağlaya bilməz. İddiaçı yaşla əlaqədar təqaüd alır və başqa heç bir gəlir yeri yoxdur. Kredit alan hazırda borcunu ödəyir bu səbəblə zaminlik müqaviləsinin etibarsız hesab edilməsi zəruridir. Faiz məbləğlərinin bu qədər çox olmasına baxmayaraq borcalan oğlu ödənişlərini artığı ilə ödəmişdir. Bununla bağlı ödəniş qəbzlərini məhkəmə iclasında iştirak edəcəkləri halda təqdim edəcəklər. Əlavə olaraq iddiaçı qeyd edir ki, ödənişlərdə qalıqların yaranmasına səbəb dolların kəskin bahalaşması olmuşdur. Onlar bununla bağlı kredit verənə dəfərlərlə müraciət edərək, müəyyən köməklik edilməsini xahiş etmişlər. Lakin, cavabdeh əksinə qərəzli şəkildə faizəfaiz hesablamalar etməklə zamin kimi iddiaçıdan da əlavə pullar tutmağa çalışmışdır. Bundan başqa, iddiaçı dəfələrlə kredit təşkilatına müraciət edərək ona kredit müqaviləsinin surətini təqdim etmələrini istəsə də, cavabdeh qərəzli şəkildə müqaviləni ona təqdim etməmişdir. Bu səbəblə hazırda kredit müqaviləsinin surətini iddia ərizəsinə əlavə edə bilmir. Kredit müqaviləsinin işin materiallarına əlavə edilməsi məqsədilə cavabdehə bununla bağlı sorğu ünvanlanması zəruridir. Beləliklə, işin faktiki hallarından da görünür ki, iddiaçının iddia tələbi əsaslı və qanunidir. Cavabdehin müqavilə bağlanarkən iddiaçını lazımi qaydada məlumatlandırmaması və ya müqavilədən kənar faizə faiz hesablaması hüquqdan sui-istifadə olmaqla, eyni zamanda aldatma anlamına da gəlir. Belə olduğu halda, cavabdeh ilə aralarında bağlanan əqdin etibarsız hesab olunması zəruridir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbi əsassızdır. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1829/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-879/2020 nömrəli, xx.xx.2020-ci tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 7166 (yeddi min yüz altmış altı) manat 47 (qırx yeddi) qəpik əsas kredit borcun, 1078 (min yetmiş səkkiz) manat 46 (qırx altı) qəpik kreditdən istifadəyə görə faiz borcunun, 70 (yetmiş) manat cərimənin, cəmi 8314 (səkkiz min üç yüz on dörd) manat 93 (doxsan üç) qəpik məbləğində borcun, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cavabdehlər X1, İddiaçı və X4 müştərək qaydada tutularaq Cavabdeh QSC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1829/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 879/2020 nömrəli, xx.xx.2020-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli Plenumunun Qərarında qeyd edilmişdir ki, iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Belə ki, iddiaçının hazırda mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Həmin işdə hazırkı iddianın faktiki əsasını təşkil edən zaminlik müqaviləsinin etibarlılığı və qanuniliyi yoxlanılmış və bankın iddiası təmin olunmuşdur. Ona görə də həmin müqavilənin etibarlılığının və qanuniliyinin yoxlanılması, o cümlədən zaminlik müqaviləsinin etibarsız hesab edilməsi məsələsi yenidən ayrıca iddianın yaxud icraatın predmeti ola bilməz. Çünki nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı (eyni müqavilə) bir-birini təkzib edən müxtəlif məhkəmə aktları da ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır. Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Məhkəmə hesab edir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən hazırkı iş üzrə iddiaçının bu iş üzrə mübahisələndirdiyi zaminlik müqaviləsi üzrə öhdəliyinin yarandığı təsdiq olunduğu halda onun iddia icraatı qaydasında yenidən məhkəməyə müraciət etməsinə zərurət və lüzum yox idi. Bu qayda, həm icra sənədinin düzgün icra olunmasının əlçatanlılığını və səmərələliyini təmin etmiş olur, həm də prosessual qənaət prinsipinə əməl edilməklə çoxsaylı yeni lüzumsuz iddiaların ortaya çıxmasının qarşısını alır. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir. Ona görə də, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair (etibarsızlığın növündən asılı olmayaraq) verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi MPM-in 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPMin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddia üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu əsası ilə xitam verilməsi həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsin yaxud hüququn verdiyi imkandan istifadə edərkən qanunvericiliyin imperativ və dispozitiv şərtinə əməl etsinlər. Əks halda mülki hüquqda hüquqdan sui-istifadənin qadağan edilməsi institutunu yaranmasına da zərurət və əsas olmazdı. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi artıq olduğundan hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən isə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5944/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5944/2025
06.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver